Zərdab rayonunun Çallı kəndinin sakini Məmmədov Mehman Məhəmməd oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu göndərib. Onun baş redaktor Vüqar Məmmədovun adına göndərdiyi məktubunu olduğu kimi oxucularımıza təqdim edirik:
“Hörmətli Vüqar müəllim!
Sizə ünvanladığım məktub sayəsində ailəmlə birgə qarşılaşdığım problemi ölkə prezidentinə çatdırmağa ümidliyəm. Bundan əvvəl də problemin ictimailəşdirilməsi məqsədi ilə sizə müraciət etmişdim. Problem həll olunmadığından yenidən yazıram.
Məsələ bundadır ki, evimizə elektrik xəttini abonent dayağı ilə vermək istəyirlər. Mən isə qətiyyətlə bunun əleyhinəyəm. Çünki küçəmizdən keçən 10 min voltluq dirəklər evimizə çox yaxındır, bu üzdən hər an bədbəxt hadisə baş verə bilər.
Bununla bağlı dəfələrlə Azərişıq ASC-nin Zərdab Rayonunun Elektrik Şəbəkəsi İdarəsinin baş mühəndisi Məhəmməd Mirzəliyevə müraciət etsəm də, problemin həlli ilə bağlı heç bir tədbir görülməyib.
Hazirda məhz Məhəmməd Mirzəliyevdən şikayətçiyəm. Çünki kəndimizdə elektrikləşdirilmə işləri çox başdansovdu aparılıb. Maraqlıdır ki, nədən Zərdab rayonunun Elektrik Şəbəkəsi İdarəsinin bu yarıtmaz işi aidiyyatı qurumlar tərəfindən yoxlanılmayıb və günahkarlar bu günədək cəzalandırılmayıb?
Xatırlayırsınızsa, bir müddət əvvəl qəzetinizin köməyi ilə elektrikləşdirilməyə maliyyə dəstəyi göstərən Asiya İnkişaf Bankından kənddə görülən işlərin keyfiyyət səviyyəsinin yoxlanılmasını xahiş etmişdim.
O zaman da qeyd etmişdim, indi də xatırladıram ki, yağış yağanda kəndimizdə quraşdırılan transformatorlar suyun içində qalır. Evlərin əksəriyyətinə abonent dayağı vasitəsilə çürük şalbanlardan, böyük dəmir qapılardan işıq verilir. Bu isə hər an yanğın, partlayış və insan ölümü deməkdir.
Hörmətli Vüqar müəllim!
Sizin sayənizdə Asiya İnkişaf Bankının əməkdaşı, üzünü görmədiyim, tutduğu vəzifədən xəbərsiz olduğum Helmolt adlı şəxs kəndimizə gəldi. Aldığım məlumata görə, adını çəkdiyim Helmolt şikayətçi ilə, yəni mənimlə görüşmək əvəzinə, şikayətçi olduğum Mirzəliyev Məhəmmədlə görüşüb və onunla birgə kəndimizə gəlib, işlərin düzgün aparıldığını söyləyərək çıxıb gedib.
Məsələ ondadır ki, baş mühəndis Məhəmməd Mirzəliyev Asiya İnkişaf bankının əməkdaşına kiçik bir sahəni göstərib, həmin sahəni ki, orada elektrikləşdirilmə lazımi qaydada aparılıb, Helmolt da ona inanıb və ərazini tərk edib. Bundan arxayınlaşan baş mühəndis isə öz çirkin əməllərini davam etdirməkdədir.
Hazırda çox yararsız bir xətt vasitəsilə evimizə elektrik enerjisi verilir. Evdə işıq çox zəifdir. İki lampa yandırsaq da, otaq alaqaranlıqdır. Bu hal hər gün gecə saat 23.00-dək davam edir.
Cənab Helmolt əraziyə baxış keçirəndən sonra da Məhəmməd Mirzəliyev mənə qarşı hörmətsiz davranmaqda davam edir. Məni Zərdab Rayonunun Elektrik Şəbəkəsi İdarəsinin işçiləri ilə üz-üzə qoyur, heç nədən çəkinməyərək mənə hədə-qorxu gəlir.
Hörmətli Vüqar müəllim!
Xahiş edirəm, təhlükəsizliyimin təmin edilməsi üçün ölkə prezidentinə müraciət edəsiniz. Qəzetinizin səhifələrindən üzümü prezidentə tutub ondan xahiş edirəm ki, səsimə səs versin, kəndimizdə aparılan elekrikləşdirilmə işlərinini yoxlamaq üçün komissiya yaradılmasına göstəriş versin. Bir xahişim də ondan ibarətdir ki, yoxlama mənim iştirakımla aparılsın.
Əgər cənab Helmoltun dediyi kimi, elektrikləşdirilmə işləri düzgün aparılıbsa, bircə çarəmiz ona qalıb ki, Allaha yalvarıb, ondan kəndimizə yağış yağdırmamasını diləyək. Əks halda, özümüz də, azyaşlı övladlarımız da hər an elektrik gərginliyinin qurbanı ola bilərik.
Bu ilin 1 mayında “Azərişıq” ASC-nin əməkdaşları Emin və Yusif müəllim bizə gələrək, mənim iştirakımla əraziyə ayaqüstü baxış keçirib müəyyən qeydlər apardılar, şəkillər şəkdilər və mənə bildirdilər ki, xüsusi komissiya yaradılacaq və bütün nöqsanlar üzə çıxarılacaq. 1 ay sonra isə Azərişıq ASC-nin 30 aprel 2018-ci il tarixli məktubunu aldım, həmin məktubda deyilirdi ki, bütün etirazlarınıza baxmayaraq, evinizə elektrik enerjisi yalnız abonent dayağı vasitəsi ilə verilə bilər. Maraqlıdır ki, bu qərar nəyə əsasən verilib? Bəs yoxlama komissiyası niyə yaradılmadı?
Adı çəkilən məktubu alandan sonra təkrarən Azərbaycan Respublikasının Prezidenti İ. Əliyevə, Milli Məclisin sədri O. Əsədova, “Azərişıq” ASC-nin sədri B. Rzayevə şikayət məktubları ünvanladım, amma heç bir nətcə əldə edə bilmədim. Evimizdə işıq necə zəif idisə, eləcə də zəifdir.
Bu azmış kimi, hər ayın son ongünlüyündə işıq pulu yığımında problem olduğu üçün kəndimizə elektrik enerjisi fasilələrlə verilir. Yay fəsli ilə əlaqədar yeni çəkilən elektrik xətlərində boşalmalar baş verir, bu da kənd sakinlərini həyati təhlükə ilə üz-üzə qoyur.
“Azərişıq” ASC nədən görülən işlərlə maraqlanmır? Aidiyyatı qurumların bizi dinləməsi üçün hökmən hansısa bədbəxt hadisə baş verməlidir, kimsə ölməlidir?
Mart ayının son günündən indiyədək Məhəmməd Mirzəliyevin göstərişi ilə evimizə elektrik enerjisi ilişəcəkli məftil vasitəsilə verilir. Evimizdən 8 metr aralı iki ədəd 10 min voltluq elektrik xətti keçir. Evimiz yansa, yaxud mənə, ailə üzvlərimə nəsə olsa, bunun məsuliyyətini kim daşıyacaq? Görəsən, cənab prezidentin Zərdab rayonunda aparılan yarıtmaz elektrikləşdirilmə işlərindən xəbəri varmı?
Cənab prezident, şəxsən öz adımdan və Zərdab rayonunun Çallı kənd sakinləri adından sizdən kömək istəyirəm. Ümid sonda ölür. Ümidimiz sizədir. Bizi və ailələrimizi üz-üzə qaldığımız ölüm təhlükəsindən qurtarın”.