Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində “Əli və Nino” qəsametrajlı sənədli filminin təqdimat mərasimi keçirilib.
APA-nın yerli bürosunun məlumatına görə, film “Orbeliani – Gürcüstan” Fondunun “Biz Gürcüstana məxsusuq” layihəsi çərçivəsində maliyyələşdirilib.
Filmin əsas qəhrəmanları Gürcüstanda yaşayan azərbaycanlı və gürcü sevgili və ailə cütlükləridir. Dörd cütlük film boyu sevgi hekayələrinin tarixçələrindən bəhs edir. Ekran əsərində Azərbaycan mahnı və musiqi nümunələrindən istifadə olunub.
Filmin layihə rəhbəri Ləman Məmmədova, rejissoru Rabil İsmayılov, operatoru isə Elçin Kazımovdur. Təqdimat mərasimində çıxış edən R. İsmayılov filmin ideyasının yaranma tarixindən danışıb. O bildirib ki, filmin əsas mövzusu bu gün də aktualdır və film bəzi mövcud stereotipləri dağıdır. R. İsmayılov əlavə edib ki, “Əli və Nino” sənədli filminin Tbilisidə “Mziuri” parkında, Marneuli və Qardabani rayonlarında da nümayişi nəzərdə tutulub.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Rəhim Rəhimzadə, gürcü və azərbaycanlı gənclər,ictimaiyyət nümayəndələri iştirak edib.
Apa