Millitv.Az axşam.az-a istinadən Müğənni Natavan Həbibinin müsahibəsini təqdim edir:
- Yay fəslidir, hamının başı istirahətə qarışıb, yaradıcılıqla məşğul olan yoxdur. Natavan Həbibi bu yayı necə keçirir?
- İndi 10 yeni mahnım var. Hamısı yavaş-yavaş hazırlanır. Bəziləri hazırdır, bəziləri yox, bəziləri isə aranjimandadır. Albom etmək istəyirəm. Amma əsas məqsədim konsert repertuarı yığmaqdır. İstəyirəm konsert edəndə, köhnə mahnılarıma müraciət etməyim. Ancaq hit olan yeni mahnıları oxumaq istəyirəm. Bütün günü studiyadayam, çalışıram oxuyum, təqdim edim və hit olsun.
- Demək, qarşıda solo konsert planı var...
- O biri solo konsertimdə repertuarımda yer alan bütün mahnıları hər formada təqdim etdim. Ona görə də çalışıram bu dəfə yeniliklə tamçaşaçı qarşısına çıxım. Köhnələri aranjiman etdim, hər formada oxudum. Hər zaman konsert planım olub. Yeni konsertimdə köhnə repertuarımdan ancaq "Ulduzlar" və "Mən səni itirsəm" mahnım ola bilər.
"O QƏDƏR AĞIR ŞEYLƏR YAŞADIM Kİ..."
- Bir müddət əvvəl dediniz ki, neçə ildir çalışmıram, yola verirəm. İndi işləməyə başlamışam. Niyə yola verirdiniz?
- 6-7 il ərzində başım qalmaqala qarışmışdı, problemi çözürdüm. Sənət məndə ikinci planda idi. Sənətin özündən bezmişdim, şou-biznesdən uzaqlaşmışdım. Ancaq məqsədim problemi çözüb, axırına kimi getmək idi. Hamısını yerbəyer etməliydim. Musiqiyə halım qalmırdı. Mənim üçün "erməni" söhbəti çox ağır ittiham idi. Onların məqsədi mənim başımı qalmaqallara qarışdırıb, sənətlə məşğul olmağa imkan verməmək idi. Onlarda bu, alınmışdı da. Sadəcə fikirləşmədilər ki, sonu nə olacaq. İndi açıq alınla, rahat başla işimi görürəm. Sevinirəm ki, bunlar yaşandı, başıma gəldi. Olmasaydı, indi başqa cür idim. Həmin anı istədiyim kimi keçdim və nəticə aldım.
- Xalq artisti Aygün Kazımova ilə illərdir davam edən məhkəmə işiniz var idi. Qalib gəldiniz. Bundan sonra ruhlandınız? Axı məhkəmənin qərarı icra edilmədi...
- İcra olunmadığı üçün qarşı tərəfin problemləri var idi. Bilirdim ki, onların dövlətlə problemi yaranıb. Pislik etməyi xoşlayan deyiləm. O qədər söz-söhbətlər açılıb, ortaya çıxıb ki... Efirdə boş-boş danışanların siması açılıb. Bəzi şeylər - incikliklər, davalar dəyərini itirdi. Elə insanların söhbətlərini öyrəndim ki... Məhz həmin insanlar məqsədinə çatmasın deyə, barışıq addımı atdım. Lazımi sözləri eşitdim, addımı da gördüm və bu, alındı.
- Aygün Kazımova ilə barışandan sonra çoxları sizdən duet, birlikdə çıxışlar gözlədi. Hamının sizin yaradıcılığınızla bağlı planı və gözləntisi ancaq bunlar idi. Amma bu barışığa bir şou kimi yanaşanlar da oldu.
- Kim bu söhbətə şou kimi yaşanıbsa, bizdən də şou gözləyir. Onlar məni səhv salırlar, yaxşı tanımırlar. Deyirlər, barışan kimi duet, konsert, nələr olacaq. Şou elə bunların planıdır. Mənə qarşı ağır ittiham oldu. Ondan sonra çıxıb şou göstərmək mənə lazım deyildi. 10 il o qədər ağır şeylər yaşamışam ki... Mənə lazım idi hər kəs həqiqəti bilsin. Haqqımda bağıran insanlar beyinlərində bilsinlər nə dediklərini. Yatağa uzanıb, tək qalanda bilsinlər ki, düz etməyiblər. Bu, indi belədir. Ağır söz-söhbətlərdən sonra görüşmək, yeyib-içmək lazım deyil. Mənim üçün bunlara zaman lazımdır.
"MƏNİ BƏYƏNMƏSİNLƏR..."
- Barışıqdan sonra sizi bir dəfə klip çəkilişində gördük. Ondan sonra heç görüşdünüz, bir araya gəldiniz?
- İllərdir mən heç kimlə görüşməyə bilərəm. Nadir hallarda hansısa tədbirdə görünürəm. Ən yaxınlarımın tədbirinə gedirəm. Ona görə yox ki, heç kimi bəyənmirəm. Öz işlərim, həyat tərzim var. Görürəm ki, mən ora üçün çoxam. Mən onlara şou kimi yanaşmıram. Ona görə də, çoxlarının məndən xoşu gəlmir. Əsəblərinə toxunuram ki, seçilirəm. Mənim uşaqlıqdan həyat tərzim belədir. İstəmirəm kimsə məni bəyənsin, bəyənməsinlər.
- Amma bir il əvvəl sizi bütün günü dostlarınızla hardasa qonaqlıqda oturan görürdük. Bütün günü müğənni dostlarınızla yığışırdınız. İndi isə yanınızda sadəcə iki rəfiqəniz var - Elnarə Xəlilova və Xuraman Şuşalı.
- Əvvəl vaxtım çox idi, söhbətlərimiz, mövzularımız var idi. Eləsi var idi ki, yanımda vəziyyətimi öyrənmək üçün dayanmışdı. Eləsi də var ki, ancaq pis günümdə yanımda olur, yaxşı günümdə ola bilmir. Anladım ki, pis günümdə yanımda olan ancaq o halımı görüb sevinmək üçün olublar. Əsl dostum isə yaxşı günümü görüb sevinib, yanımda qalandır. Yaxşı günümdə yanımda az dostum qaldı.
Yanımda hər gün kimisə görə bilərsiniz. Nadir hallarda harasa gedirəmsə və ya tədbirimə dəvət edirəmsə, demək, köhnədən tanıdıqlarımı görmək istəyirəm. Həmişə bağırmışam ki, şou-biznesdə dostluq olsun. Əslində boş şey imiş. Həmişə insanlara qarşı eyni qalmaq lazımdır. Vəziyyətə görə dəyişmək lazım deyil. Mənim vəziyyətimə görə yanımda qalanları artıq ətrafımda görməyəcəksiniz.
"BUNUN NADİR QAFARZADƏYƏ AİDİYYƏTİ YOX İDİ"
- Səidə Sultanla nələr yaşandı?
- Biz dost deyildik. Uşaqlıqdan bir-birimizin evimizin içi idik. Onu 11-ci sinifdə oxuyandan tanıyıram. Gözümün qabağında böyüyür. Bilmirəm hansı söhbətlər ortaya çıxdı, kim nə danışdı. Nadir Qafarzadə bu haqda danışanda anlamadım. Bilmirəm, o niyə bu söhbəti bilməlidir? Sonra mənə zəng etdi, cavab vermədim. O hayda deyildim. Səidə ilə olanı danışmayacam. Oksana ilə də danışmadım, sonra anladıq. Oksana da başa düşdü ki, çıxıb açıqlamaq lazım deyildi. Sırf ikimizə aiddir bu məsələ. Bunun nə Nadirə, nə başqasına aidiyatı var.
- Natavan Həbibi son vaxtlar artıq çəki atması ilə gündəmə gəlir. Depressiya, stres bitdi?
- Depressiyada olmamışam, stresdən olmuşam. İştahım kəsilib. Depressiyadan zorla da olsa, özümü qorudum. O qədər də ciddi yük etmədim. Hamıda olan bir şeydir. Hər kəsin həyatında baş verən hadisədir, məndə də oldu keçdi. İndiyənə qədər də heç kimin bilmədiyi elə məsələlər var ki... Mən də belə, yeməyərək əsəbiləşirəm. İndi də mədə balacalaşıb, rejimim də bu oldu. İndi rejimdir, əsəb, stress yoxdur.
- Bəs sizi stresə salan şəxsi həyatın (müğənni reper Səid Quliyevlə ailə qurub - red.) aqibəti necə oldu? Rəsmi bitdi?
- Rəsmi bitmədi... Hər şey yaxşıdır. Fevralda danışdım bu haqda sonuncu dəfə və nöqtə qoydum. Nə isə baş verirsə, insanlar istədiyi kimi anlasınlar. Bu haqda danışmayacam. Nə necədir, indi vəziyyət nədir deməyəcəm.
- Qarşı tərəf tez-tez sizlə şəkillər paylaşıb, etiraflar edir...
- İnsanlar bunu məndən çox dərd ediblər. Heç yerdə nə qarşı tərəf, nə də mən danışmayacağıq.
"RÖYA MƏNİM ÜÇÜN ULDUZ DEYİL"
- Son vaxtlar əməkdar artist Röya Ayxanla qalmaqallarınızın sayı çoxaldı. Sanki iki qruplaşma yaranıb: Röya Ayxan bir cəbhədə tək dayanıb, Natavan Həbibi, Elnarə Xəlilova və Xuraman Şuşalı isə birləşib...
- Röya bizimlə üz-üzə gələ bilməz axı. Biz üz-üzə gələ bilmərik. Ümumiyyətlə, Vaqif Gərayzadənin yanında çalışanlar nə qədər yola getməsək də, münasibətimiz olmasa da, bir-birimizə qarşı çıxmarıq. Jurnalistin başa düşmədiyi zarafatı qalmaqal tərəfdən təqdim etməsi, bizi sadəcə güldürdü. Onun özünə də izah etdik bunu. "Bu" sözünün zarafatı "W-trio"dan çıxmış bir zarafatdır. Bizim illər öncə aramızda söz-söhbət yaranmışdı ki, gəlin bir-birimizə "xanımla" müraciət edək. Röyanın Nigar Camala efirdə "bu" kəlməsinə görə dediyi sözü eşidəndə, biz güldük. Biz də Röyanın sözünü götürüb, atdıq. Bunu qalmaqal anladılar. Dedilər söz atdılar. Əslində dördümüzün arasında, hətta bütün Gərayzadə tələbələrinin - 65 nəfərin içində bu zarafat mövcud idi. Röyaya baxıb güldük, illərimizi yada saldıq. Çəkilişdə də təsadüfən yadımıza düşdü. Uşaqlıqdan bir yerdə olan insanlarıq. Nə qədər zarafatımız var, bir yerdə çalışmışıq. Kimsə bilmir, qalmaqal kimi təqdim edilir. Bizdə bu durum bəsiddir artıq. Əslində jurnalistlər qalmaqalı bizə yapışdıraraq, barışıq söhbətini qaçırdıblar. Biz üçümüz həmin müsahibədə Röyaya tərəf idik. İndi hərə öz ailəsi ilə məşğuldur. Bizim Röya ilə qalmaqal etməyə vaxtımız yoxdur.
"SİZ BİZİM BARIŞIĞI QAÇIRMISINIZ"
- Amma siz efirlərdə hər zaman bir-brinizə söz atıb, heç vaxt bir araya gəlməmisin...
- Biz bir-birimizdən uzaq düşmüşük. Bizə "qalmaqal" damğası vuruldu. Bu gün Röya ilə elə dalaşıb, sabah mesajlaşa bilərik ki... Həmin söhbətdən sonra biz yazışdıq da. İllərdir münasibətimizi mediaya başa sala bilmirik. İnsanlar üçün Röya, Natavan, Elnarə ulduz ola bilər. Biz bir-birimiz üçün ulduz ola bilmərik. Röya mənim üçün ulduz deyil. Uşaqlıqdan bir-birimizin paltarını geyinən, bir yorğanın altında yatan, yeyib-içdiyini bölüşən insanlarıq. Röyanın elə şeylərin görmüşəm, necə ona ulduz kimi baxım? Eləcə də o, bizə. Bunları tam izah edə bilmirəm. İllərlə görüşməyə bilərik. Eşidəndə Röya məndən nəsə dedi, yazıram özünə ki, "az, ağıllı ol". Ya da mənim dilimdən nəsə yazılanda, Röya mənə yazır. İzah edirəm, qayıdır ki, "kef elə". Bizim münasibətlərimiz hazırda belədir.
"RÖYAYA GÖRƏ NAİLƏ MİRMƏMMƏDLİ İLƏ DÜŞMƏN OLDUM"
- Amma toyunuzda da görmədik Röya Ayxanı...
- Toyuma dəvət etmədim. Konsertimə dəvət etdim, hətta bilet də istədi. Elnarədən də, Röyadan da ona görə küsdüm. Ayın 23-də mesajlaşdım, 24-də konsertimdir. Röya dedi ki, gələ bilmərəm. Elnarə isə başladı açıqlama verməyə, ay bu oxuya bilməz, lanç oxumalıdır. Gəlib mənə dəstək olmaqdansa, nə deyirlər. İncimişdim, yaxşı da etmişdim. Gəlmək lazım idi. Haqqına incimişdim. Deməsinlər, Natavan kinlidir. Hamısının hər işinə getmişəm. Röyanın ilk konsertində gecə səhərə kimi yatmayıb, bek-vokal işləmişəm. Nailə Mirməmmədli ilə onun üstündə düşmən olmuşam. Mən bunu edə bilmişəm, Röya yox? Elnarənin uğuruna, toyuna, konsertinə getdim. Bunlar gəlmədi? Məni amma pis təqdim edirlər. Çünki mənim adamım yoxdur ki, özümü təriflətdirim.
İstəmirəm, necəyəmsə, elə tanınım. İnsanlara özünə görə münasibət bəsləyirəm. İllərdir Kazım Sübhan, Ruslan Ağayev Aygün Kazımovanın tərəfindədir. Ruslan məndən müsahibə alıb, gedib məni pis, Aygünü yaxşı təqdim edir. Amma mənim ona hörmətim var. Çünki tərəfinə sadiqdir. Mənim də adamlarım belə olmalı idi. Mənə satılsa, nə mənim, nə onun yanında hörməti qalacaq. Belə insana hörmət edirəm. İllərdir məni başqa cür təqdim edirlər, amma eybi yox. Hələ qarşıda illərim var.