Axtarış...

Olimpiya çempionumuz: “Koronavirusa yoluxmamışam, bu, adi bir soyuqlama idi”



“Heç vaxt bu qədər evdə olmamışam. Əvvəllər həmişə uşaqlarla daha çox vaxt keçirmək üçün evdə olmağı istəyirdim. İndi isə bütün günü onlarlayam. Məndə üç uşaq var. İkisi oğlandır, biri qız. Ən böyüyünün dörd yaşı var, bir yerdə dinc oturmur. Hətta uşaqlarla oynamaqdan bir az yorulmuşam. İndi adi idman həyatına qayıtmaq istəyirəm, təlim-məşqlərin nə vaxt başlayacağını gözləyə bilmərəm. Bütün bunlardan ötrü çox darıxacağımı düşünməzdim”.

Oxu.Az xəbər verir ki, bunu sərbəst güləş üzrə olimpiya, dünya və Avropa çempionumuz Şərif Şərifov deyib.

O, Dağıstan mətbuatına verdiyi müsahibədə koronavirusa yoluxması ilə bağlı yazılan xəbərdən də danışıb:

“Koronavirusa yoluxduğumu haradan əldə etdiklərini bilmirəm. Heç bir testdən keçməmişəm. Bir neçə gün qızdırmam oldu, sonra da hər şey keçib getdi. Çox güman ki, bu, adi bir soyuqlama idi”.

Milliyyətcə avar olan idmançı çiynindəki zədəsi barədə də danışıb:

“Çiynimin çox narahat olduğunu deməyəcəyəm, amma onu sağaltmaq üçün hələ vaxt lazımdır. Bu zədə ilə ilin sonunda Moskvadakı “Alrosa Kuboku”nda güləşdim. Bundan sonra, müalicəyə davam etdim.

Eyni zamanda, məşqləri davam etdirdim, Kislovodsk və Mahaçqaladakı təlim-məşq toplanışlarından iştirak etdim. Düzdür, yalnız fiziki hazırlıqla məşğul oldum, çiynimi məşq etdirdim, amma heç bir “sxvatka”da iştirak etməmişəm.

Çiyindən zədə bir güləşçi üçün ən xoşagəlməz şeydir. Zədələnmiş diz və ya ayaq biləyi ilə nə cür də olsa güləşə bilsən, onda çiynində problem yaranacaq, xalça üzərinə çıxmağa dəyməz. Həkimlər mənə baxdılar və hamısı fərqli danışdı.

Çox güman ki, bağlar dartılıb. Heç bir şey çox ciddi deyil, ancaq bu zədəyə əhəmiyyət verməmək də olmaz. Xoşbəxtlikdən, onu tam sağaltmaq üçün kifayət qədər vaxt var”.

Fiziki formasını saxlamaq üçün Tarki-Tau dağına çıxıb düşdüyünü və velosiped sürdüyünü bildirən Şərif Şərifov Azərbaycandakı durum haqda da məlumat verib:

“Mən daim Azərbaycanda yaşayan yığmadakı komanda yoldaşlarımla zəngləşirəm. Ətraflarında gördüklərini mənə söyləyirlər və onların sözlərinə görə, ordakı vəziyyət, demək olar ki, hər ailənin koronavirus infeksiyasına yoluxduğu Dağıstandakından daha yaxşıdır. Orada karantin dövründə ciddi profilaktik tədbirlər tətbiq olundu və görünür, bu təsir göstərir.

Bu günə qədər Azərbaycan sərhədinin nə vaxt açılacağı, təlim-məşqlərin nə vaxt başlayacağı ilə bağlı heç bir konkretlik yoxdur, yalnız bizə fərdi şəkildə məşq etməyi, formamızı qorumağı söyləyirlər. Müəyyənlik olandan sonra bizə məlumat veriləcək. İstərdim ki, ən qısa zamanda hər şey bilinsin”.


Daha çox xəbər

Şərh yaz