DTX Mahir Quliyevi tutduğu gün toy-bayram imiş... - Çilədən çıxmış camaat...



Təxminən üç ay əvvəl - koronavirusa görə İranla sərhədlərin bağlandığı vaxtda reportaj hazırlamaq üçün bu rayona gələndə sakitlik idi. Onda heç kəsin ağlına da gəlmirdi ki, çox keçmədən burada səssizlik pozulacaq.

Düzdür, “Yeni Müsavat” üçün bu gəlişimizdə də eyni sükutla qarşıladıq. Amma az əvvəl rayonda elə bir tufan qopub ki, tozanağı hələ də yatmayıb.

Söhbət Biləsuvarın keçmişdə ofisiant olmuş sabiq icra başçısı Mahir Quliyevin rüşvət faktı ilə iş otağında həbs edilməsindən gedir.

***

Biləsuvarda olarkən bələdçimiz bizə danışır ki, həmin gün rayonda əsl toy-bayram imiş. Camaat əlini üzübmüş, elə fikirləşirmiş ki, Biləsuvarın torpaqlarını peşkəş edən, rayonun mərkəzində olan-qalan yerləri satan Mahir Quliyevə batan olmaz.

Amma Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları icra hakimiyyətinin inzibati binasında əməliyyat keçirdiyi və başçını qandallayıb oradan çıxardığı an küçədə olan bəzi sakinlər hadisəni kənardan görüblər. O zaman rayonda hay-küy düşüb, ağız-ağız xəbər yayılıb ki, icra başçısı Biləsuvardan aparıldı...

Bələdçimiz deyir ki, bu, çoxdan olmalıydı: “İnsafən, elə icra başçısı var ki, rayona pul qoyur, əl gəzdirir, qalanını da yeyir.
Mahir Quliyev gələndə Biləsuvar necə idisə, onu aparanda rayon daha da çətin vəziyyətdədir. Çünki bu adam əlini ağdan qaraya vurmadı.

Hələ həyasızcasına videoda danışır ki, əməlindən xəcalət çəkir. Bəs, bu qədər adam şikayət edirdi, torpaqlarının əllərindən alınmasından narazılığın bildirirdi, niyə eşitmirdin?!”

Sakinlər deyirlər ki, Mahir Quliyev vəzifədə olanda İH-ın yanında axırıncı boş yerlərdən biri qalmışdı, onu da 1-2 il qabaq satdı:

“Yəni, hansını deyəsən? Biləsuvarın yolları bərbad, inkişaf yox, küçələr tör-töküntü, Xırmandalıda, Bəydilidə torpaqlar kəndçilərin əlindən alınıb...

Hələ Mahir Quliyev zəbt elədiyi ərazilərdə özü üçün qarğıdalı, qarpız, sarmısaq əkdirirdi. Qalan torpaqlar da Cəlilabaddan, başqa regionlardan olan məmurlara satılmışdı. Qarğıdalını müavini Xanlar Məmmədovla bir yerdə əkdirirdilər. Bələdiyyə sədri, icra nümayəndəsi qalmamışdı ki, başına oyun açmaya. Sən 5 min gətir, sən 10 min, o biri 15 min. Bu adamlar da xərc-borc alıb verirdilər, məcbur düşürdülər camaatın canına. Şikayət yazanların da günü qara olurdu. Yazdığın şikayət gəlib keçirdi özünün əlinə. O da prokurora verirdi. Vəssalam. Şikayəti eşidən yox idi, üstəlik şikayət edənin də başına açılan oyun bir başqa olurdu. İndi Allaha şükür prokuroru da çıxardılar. Bəhrəmtəpə tərəfdə torpaqların çoxu özünün, ətrafının, məmurlarındır. Orada özlərinin əkin biçini var, suyu da verirlər öz sahələrinə. Səni, məni də bu tərəflərdə pambıqdan başqa heç nə əkməyə qoymurdu. Təsəvvür edin ki, hamını məcbur edirdilər pambıq əkdirirdilər. Biləsuvarda mal-heyvan saxlayanların öz sahələri var, yonca əkib heyvana verirlər ki. dolansınlar. Başçı yonca əkməyə qoymurdu, deyirdi ki, olmaz. Amma özləri nə qədər istəyirdilər, o qədər də əkirdilər, suyu da bol-bol verirdilər. Camaat da qalmışdı baxa-baxa”.

Sakinlərin dediyinə görə, 25 min hektara yaxın əkin və otlaq sahələri zəbt edilib. Bu torpaqlardan 800 hektar sahədə keçmiş rayon rəhbəri taxıl əkdirirmiş. Bir müddət əvvəl rayonun Səmədabad kənd sakinləri də bu məsələ ilə bağlı etiraz aksiyası keçirmişdilər.

Əkin torpaqlarının əllərindən alınmasına etiraz edən müharibə veteranları, şəhid ailələri əkin torpaqlarının qaytarılması üçün prezident İlham Əliyevdən dəstək istəmişdilər.

Rayonda olarkən öyrəndik ki, hələlik əkin sahələri ilə bağlı problem həllini tapmayıb. Ümid edilir ki, yeni icra başçısı təyin olunsa, onların sözlərini eşidəcək.

Bundan əlavə, Xırmandalı kəndinin Mahmudcala və Cərcili deyilən ərazilərində qeyri-leqal yollarla çoxlu sayda süni balıq gölləri yaradıldığı deyilir. Həmin balıq biznesi də Mahir Quliyevin olub.

Süni göllər ətraf əkin sahələrində şoranlaşma yaradır. Onların daimi su ilə təmin olunmasına ehtiyac olduğu üçün yay aylarında su qıtlığı yaranır, kəndlilər sudan ciddi qıtlıq çəkirlər.

***

Sakinlər bildirirlər ki, istintaq getdiyi üçün sabiq başçının müavinləri, köməkçisi istintaqda dindirilib, İH-də işlərə kimin nəzarət etdiyini bilmirlər.

Başçının birinci müavin Xanlar Məmmədov, Şəhər icra nümayəndəsi Qabil Xammədov istintaq altındadırlar.

Sakinlər deyirlər ki, keçmiş icra başçısının qəbuluna düşmək olmurdu. Mahir Quliyev tez-tez Bakıya gedirdi və otağında tapılmırdı.

Ona görə ayrılan vəsaitlər, yığılan xəraclar müəmmalı şəkildə yoxa çıxırmış, Biləsuvarda hər hansı ciddi abadlıq işləri görülmürdü.

Odur ki, rayon çox köhnə, nimdaş, səliqə-sahmansız görünür. İnsanların işsizlik, dolanışıq çətinliyi də öz yerindədir. Mahir Quliyevdən sonra dəyişən əkin sahələrinin becərilməsi probleminin aradan qalxmasıdır.

Bələdçimiz deyir ki, Biləsuvar İH-lə üzbəüz olan Heydər Əliyev parkında geniş ərazi satılıb. Mahir Quliyevin satdığı yerdə restoran tikilib:

“O vaxt icra başçısı utanmadan restoranın açılışında iştirak eləmişdi, lentini kəsmişdi, sonra bu məlumatı icranın saytına qoymuşdular. Gördülər ki, camaat hoydu-hoyduya tutur, yığışdırdılar. Həmin parkda uşaqların əyləncəsi üçün heç nə yoxdur. Yəni, rayonumuzu pis günə qoydu. Hazırda muzeydə 3 nəfər istintaqçı oturub rayondakı idarə-müəssisə rəhbərlərini dindirməklə, Mahir Quliyevin qanunsuz əməllərini rəsmiləşdirməklə məşğuldur”.

Bütün bunlardan sonra rayonda apardığımız söhbətlərdən belə nəticə çıxdı ki, indi biləsuvarlıların iki gözləntisi var: yeni icra başçısı təyin olunsun və düzgün xidmət etməkə rayonun bəzi problemlərini yoluna qoysun.

Bir əsas məsələ də pandemiya tez bitsin, İranla sərhəd açılsın, bazarlıq, alver edib yaranmış sosial çətinlikdən çıxmağa başlasınlar.

Çünki İranla sərhədin üç aydır bağlı olması insanların dolanışığına ciddi təsir edib. Rayonda taksi sürücülərindən tutmuş alverçilərə qədər hər kəs İran bazarından yararlanırdı. Bizsə Biləsuvardan növbəti gəlişimizdə müsbətə doğru dəyişikliklər olacağı ümidi ilə ayrılırıq...
“Yeni Müsavat”
Oxşar xəbərlər
«    Июнь 2020    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Mədəniyyət