Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılan Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev ən çox narazılıq edilən məmurlardan biri olub. Ümumiyyətlə, müşahidələr göstərir ki, iqtidar məmur özbaşınalığı, rüşvət və korrupsiyaya qarşı başlatdığı savaşda ilk olaraq daha çox narazılığa səbəb olan məmurları hədəf seçib.
“Yeni Sabah” bildirir ki, Mahir Quliyev Biləsuvarın icra başçısı olmamışdan əvvəl 5 il Astaraya rəhbərlik edib. Onun iqtidar komandasının üzvlərindən birinə çevrilməsi barədə maraqlı məlumatlar var.
61 yaşlı Mahir Quliyev hələ icra başçısı olacağını xəyalından belə keçirmədiyi zamanlarda “Sahil” parkında fəaliyyət göstərən kafelərin birində ofisiant, daha sonra administrator vəzifəsində çalışıb. Bu zaman kafeyə gələn məmurlarla münasibət qurması Mahir Quliyevin sonrakı həyatında ciddi dönüş yaranıb.
O, əvvəlcə bu münasibətlərdən yararlanaraq Səbayel rayon bələdiyyəsinin sədr müavini postunu tutub, daha sonra isə Astaranın icra başçısı təyin edilib.
Astaraya rəhbrəlik etdiyi dönəmlərdə Mahir Quliyev medianın ulduzuna çevrilib. Təbii ki, rayonda yol verdiyi qanunsuz əməllərinə görə.
İdarəetmə təcrübəsi kefe administratorluğundan ibarət olan Mahir Quliyev icra başçısı olarkən özünü Prezidentin səlahiyyətli nümayəndəsi kimi deyil, bazar adamı kimi aparıb. Məsələn, mediada gedən materiallarda bildirilir ki, Mahir Quliyev Astaraya icra başçısı təyin olunan kimi rayonda limon və naringi satışını monopoliyaya alıb. O, büdcə vəsaitlərindən əldə etdiyi “gəlirlərini” bu sitrus meyvələrinin ticarətinə yönəldib.
Astarada xeyli limon və naringi bağı alıb. Bu bağlardan toplanan məhsul isə Rusiya bazarlarına göndərilib.
Biləsuvarın icra başçısı olarkən isə Mahir Quliyevin əsas işi torpaq davası və ərazilərin satılması olub. Hətta məlumatlara görə, icra başçısı şəhərin mərkəzində icra hakimiyyətinin inzibati binası ilə üzbəüz olan 3 mərtəbəli binabakı bütün dövlət qurumlarını çıxararaq oranı parka çevirmək istəyib. Əlbəttə ki, əsl məqsəd parkın ərazisində ictimai-iaşə obyektləri açmaq olub. Həmin binada Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı (VVAQ), Təhsil Şöbəsi və digər dövlət qurumları məskunlaşıbmışlar.
Söküntü işləri getdiyi vaxtda icra başçısı Mahir Quliyevin göstərişini icra etməkdən başqa çıxış yolu qalmayıb. Məsələ barədə Bakıya xəbər çatan kimi Mahir Quliyevin bu niyyəti baş tutmayıb. Amma Mahir Quliyev yenə də qazanclı çıxıb. O, binanın bərpa edilməsini orada yerləşən dövlət qurumlarına tapşırıb.
Görünür, hakimiyyətin yeni düzən formalaşdırmağa çalışdığı, Prezidentin məmurlara ard-arda sərt xəbərdarlıqlar etdiyi bir dönəmdə də Mahir Quliyev adət etdiyi əməllərindən əl çəkməyib. Nəticədə, qoluna qandal vurulması zərurətə çevrilib.