Yaşar Nuri vəfat etməzdən öncə həyat yoldaşına nə deyib? — RƏHİMƏ XANIM DANIŞIR





Bu gün Azərbaycanın görkəmli teatr və kino aktyoru, əfsanəvi Yaşar Nurinin vəfatından yeddi il ötür.
Sənətkarın həyat yoldaşı Rəhimə Nuriyeva anım günündə xatirələrini “Ölkə.Az”-la bölüşüb. Xalq artistinin son günlərindən danışan Rəhimə xanım bildirib ki, Y.Nuri altı il eyni xəstəlikdən əziyyət çəkib:

“2006-ci ildən Yaşarın səhhətində problemlər yaranmışdı. Bakıda həkimlər diaqnoz qoydular. Bir az burada müalicə aldıqdan sonra qərara gəldik ki, müalicəni Türkiyədə davam etdirək. Altı il ərzində biz onun sağlamlığı uğrunda çətin mübarizə apardıq. Sağ olsunlar, mənə və ailəmə dəstək verən insanlar çox oldu. Bu 6 il ərzində birlikdə çalışdıq ki, Yaşarı ayağa qaldıraq. Əfsuslar olsun ki, Allah ona bu qədər ömür qoymuşdu, biz onu heç cür saxlaya bilmədik. 2006-ci ildə əməliyyatdan sonra 3 il ərzində özünü çox yaxşı hiss edirdi. Sonradan bəzi nüanslar əmələ gəldi, özünü yaxşı hiss etdiyinə görə, elə bildi ki, sağalıb. Buna görə, başladı dərmanlarını vaxtlı-vaxtında atmamağa”.

Sənətkarın yoldaşı insanların ona olan sevgisindən, qayğısından da söz açıb:

“İstanbulda xəstəxanada yatanda bilirsiz yanına nə qədər insan gəlirdi? Mən insanların onu necə sevdiyinin şahidi oldum. Bilirdim ki, Yaşar çox şöhrətli insandır. Ancaq Azərbaycandan kənarda bu cür sevgini, qayğını gözləmirdim.

Bilirsiniz, bir var sənətkar, bir də var sənətlə məşğul olan insanlar. Çalışmalıyıq ki, bu iki məfhumu bir-birinə qatmayaq. Sənətkar odur ki, illərlə addım-addım öz sənətinə çatsın və çatandan sonra da o məhəbbəti saxlasın. Əsl sənətkar həyatını sənətinə qurban verən insandır. Bax, onda insan əsl sənətkar olur. Yaşar xalq üçün bax, belə obraz, bu cür sənətkar idi. O, xalqın məhəbbətini, sevgisini qazanmışdı. Yaşar ilk dəfə 5 yaşından Musiqili Komediya Teatrının səhnəsinə çıxıb. Yeddi yaşında Lütfəli Abdullayev ilə birlikdə rol oynayıb. Yaşar doğulandan sənətkar idi”.

Rəhimə xanım Xalq artistinin son illərdə xasiyyətini tamam dəyişdiyini də bildirib.

“Bu 6 ildə Yaşarın xasiyyəti çox dəyişmişdi. Xəstəxanada mənə deyirdi, oturanda ayağının altına nəsə qoy, dincəl, əziyyət olmasın sənə. Küçəyə çıxanda ehtiyatlı ol, ayağının altında nəsə qalar, yıxılarsan. Bu 6 ildə mən ondan eşitmədiyim sözləri eşidirdim. Çünki, Yaşar hər zaman sənətlə məşğul olub, mən onu başqa işlərə qatmamışam. Elə şərait yaradırdım ki, fikri başqa problemlərdə qalmasın. Sənətkarı yaşadan ailəsidir”.

Rəhimə xanım ölümündən 2 gün əvvəl qızlarına etdiyi tövsiyyələrdən də söz açıb:

“Yaşar 6 ildə çox əziyyət çəkdi. Ancaq bir dəfə də demədi ki, mənə nəsə olacaq, mən öləcəyəm.

Bir dəfə ölümündən 2 gün əvvəl gördüm ki, xəstəxanada qızlara deyir ki, “Mən ölsəm, siz necə olacaqsınız?”, yaxınlaşdım ki, “Sən nə danışırsan? Sənə heç nə olmayacaq, elə danışma”, “Yox, yox heç nə danışmıram”,- tez sözünü dəyişdi.
Sonra eşitdim ki, qızlara nəsə tövsiyyə edir, bu, mənə çox pis təsir etdi, gözlərim doldu, otaqdan çıxdım.

Əməkdaşımızın “Son görüşünüz necə oldu?”-sualına Rəhimə xanımın cavabı çox kədərləndirdi.

“Ayın 21-i axşama qədər yanında olmuşam.

Saat 5 idi. Mənə zəng elədi. Xəstəxanada xəstələrə telefon istifadə etməyə icazə yox idi. Tibb bacısının telefonundan mənə zəng etdi ki, hardasan, gəl də. Dedim, gəlirəm. Tez geyinib, getdim. Gəldim, gördüm ki, dəhlizin lap başında arabada oturub məni gözləyir. Məni görcək başladı ki, harda qalmısan, gəl çıx da. Həmişə məni görən kimi soruşardı, kim zəng vurub, kim məni soruşub? Mən də başlayardım danışmağa, kim zəng vurub, kim soruşub. Beş nəfər zəng vurubsa, deyirdim, 10 nəfər soruşub. İstəmirdim ki, nəyisə özünə dərd etsin, xiffət çəksin. Heç vaxt yanında ağlamamışam, qəmgin olmamışam ki, baxar, dərd çəkər. Gedib qıraqda ağlayıb, üzümü silib, otağa qayıtmışam.

Son gün o qədər gözəl sima almışdı, yanaqları qızarmışdı, gözlərində məsumluq vardı. Başladım onunla zarafat etməyə. Arabayla gəzə-gəzə bir xeyli söhbət etdik. Üz-gözünü tumarladım, əyilib alnından öpdüm. Tez mənə deyir “Bəsdi, ayıbdı xəstəxanada”. Tibb bacıları başladı gülməyə.

Zarafatca dedim ki, - Ay Yaşar, ömründə mənə “səni sevirəm” deməmisən, bəlkə indi deyəsən. Yavaşca mənə dedi ki, bəsdir, ayıbdır. Sonra gördü əl çəkmirəm, pıçıltıyla dedi, hə, sevirəm”.

Bir az keçdi, çox yorulmuşdu, dedi məni otağa apar. Uzandı, yuxusu gəlirdi. Mənə dedi, “Otur heç nə etmə, ancaq mənə bax”. Gecə saat 11-də evə getdim. Neçə dəfə xəstəxanaya zəng etdim, maraqlandım. Dedilər, yatıb. Sonra səhərə yaxın zəng etdilər ki, tez xəstəxanaya gəlin, telefonda mənə demədilər ki, artıq vəfat edib.

Ora çatanda Baş həkim məni yanına çağırdı. Yaşar artıq həyatda yox idi. Xəbəri eşidəndə özüm də bilmədən əlimdə şüşə vardı, neçə sıxmışdımsa əlim yaralanmışdı”.
Oxşar xəbərlər
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Mədəniyyət