Patruşev Bakıda: gözlənilməzdir, amma qanunauyğundur... - RUSİYADAN XÜSUSİ MƏQALƏ

Patruşev Bakıda: gözlənilməzdir, amma qanunauyğundur... - RUSİYADAN XÜSUSİ MƏQALƏ

Xəbər verildiyi kimi Rusiya Təhlükəsizlik Şurasının katibi, ordu generalı Nikolay Patruşev Bakıda səfərdədir. Ötən gün Patruşev prezident İlham Əliyevlə görüşüb. Bu gün isə Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla və təhlükəsizlik blokuna daxil olan nazirliklərin nümayəndələri ilə ikitərəfli təhlükəsizlik müzakirələri aparacaq.

Rusiya Elmlər Akademiyasının elmi əməkdaşı Aleksandr Karavayev məxsusi olaraq haqqin.az saytı üçün Patruşevin Bakıya səfəri barədə şərh yazıb.

“Prezident İlham Əliyev Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin və onun müavini Rəşid Nurqaliyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. İki ölkənin güc strukturlarının rəhbərlərinin cəmləşdiyi “nazirlər kabinetləri” arasında əməkdaşlığın əhəmiyyəti və mənası nədir?”,-müəllif qeyd edir.

Karavayev yazır ki, səfərin məqsədi əvvəla Patruşevin azərbaycanlı həmkarı-Təhlükəsizlik Şurasının yeni katibi Ramil Usubovla tanışlıqdır. Lakin əslində onlar bir-birlərini şəxsən tanıyırlar, xüsusən də nəzərə alanda ki, Patruşev 1999-2008-ci illərdə Federal Təhlükəsizlik Xidmətinin direktoru olanda MDB təhlükəsizlik orqanlarının rəhbərləri komitəsinə başçılıq edib və dəfələrlə prezident Putini MDB sammitlərində, Azərbaycan prezidenti İlham Əliyevlə digər görüşlərdə müşaiyət edib. Hansı ki, həmin görüşlərdə Azərbaycanın daxili işlər naziri də iştirak edirdi.

Digər tərəfdən Nikolay Patruşev indiki statusda da Bakıda birinci dəfə deyil. Onun Azərbaycan prezidenti Administrasiyasıın rəhbəri, 2019-cu ilin iyun ayına qədər Təhlükəsizlik Şurasının katibi vəzifəsini icra edən Ramiz Mehdiyevlə sıx işgüzar münasibətləri formalaşıb. Özü də bu işgüzar əlaqələr iki ölkənin təhlükəsizlik şuralarının rəhbərlərinin müntəzəm forumları, habelə Patruşevin Bakıya səfərləri (sonuncu dəfə Patruşev Bakıda 2017-ci ilin sentyabrında olub) zamanı yaranıb.

Bundan əlavə müəllif bildirir ki, Patruşev Usubova MDB ölkələrinin təhlükəsizlik şuraları katiblərinin Moskvada, 2019-cu ilin noyabrında keçiriləcək illik toplantısına qatılmaq üçün dəvət də gətirib.

“Və ola bilsin səfərin ən mühüm hissəsi prezident Putindən Əliyevə salam çatdırmaqdır. Məsələ bundadır ki, iki ölkə prezidentlərinin avqustda nəzərdə tutulan təması prezidentlər Putin, Əliyev və Ruhani arasında “Şimal-Cənub” dəhlizi ilə bağlı üçtərəfli sammitin qaranlıq səbəblərlə təxirə salınması üzündən baş tutmayıb. Həmin görüşə beynəlxalq ticarət dəhlizində həyata keçirilməli olan bir sıra layihələr barədə razılaşmalar hazırlanmışdı, bu razılaşmalar üzərində hökumətlər son günlərə qədər çalışmışdı. Lakin hansısa səbəbdən görüş təxirə salındı. Pauza yarandı və Patruşev görünür İlham Əliyevin əhatəsində olan vəzifəli şəxslərin daha geniş çevrəsinə bunu izah edib”,-məqalədə deyilir.

Nəhayət Karavayev səfərin üçüncü aspektinin Qarabağ münaqişəsi ilə bağlı ola biləcəyini qeyd edir.

Belə ki, ötən ay avqustun ortalarında Patruşev Yerevana səfər etmişdi. Bakı üçün bunu bilmək vacibdir ki, Ermənistan baş nazirinin Qarabağa dair verdiyi son bəyanatlardan sonra Yerevanın danışıqlardakı rəsmi mövqeyi dəyişibmi.

“Böyük ehtimalla Patruşev əmin edib ki, söhbət Paşinyanın siyasi dəstək səfərbər etmək üçün daxili auditoriyaya hesablanmış bəyanatlarından gedir. Lakin burada etiraf etmək lazımdır ki, Qarabağ mövzusu iki ölkə Təhlükəsizlik Şuralarının ümumi gündəmində periferik xarakter daşıyır”,-müəllif yazır.

Karavayev bunun səbəblərini belə izah edir ki, Bakı ilə Moskva arasında təhlükəsizlik şuraları arasında qarşılıqlı əməkdaşlıq iki ölkənin münasibətlərində əsas xətlərdən biridir.

Müəyyən mənada bu İlham Əliyevlə Vladimir Putin arasında şəxsi təmasların, münasibətlərin təkcə indikatoru deyil, eyni zamanda güc bloku elitası səviyyəsində praktiki ifadəsidir.

“Məsələ bundadır ki, bizim hakimiyyət sistemlərində bir-birinə çox oxşayan məqamlar çoxdur. Məsələn, təhlükəsizlik şuralarının katibləri və müdafiə nazirləri milli liderlərə xarici işlər nazirlərindən və iqtisadi blokun rəhbərlərindən daha çox yaxındır. Xüsusən də Rusiyada Təhlükəsizlik Şurası indi getdikcə daha çox “güc strukturlarının nazirlər kabinetinə” çevrilir, prezidentə təsirini gücləndirir. Nikolay Patruşev Kremldə azsaylı məmurlardan biridir ki, Putinlə hər həftə rəsmi iclaslar zamanı görüşür, ola bilsin qeyri-formal şəraitdə daha tez-tez təmasda olur”,-A.Karavayev bildirir.

A.Karavayev qeyd edir ki, Rusiyada Təhlükəsizlik Şurası Çeçenistan müharibəsi dövründə olduğu kimi yenidən məşvərətçi orqandan siyasi qərarların qəbulu və reallaşması mərkəzinə çevrilir. Bu planda bəzi dolayısı əlamətlər onu göstərir ki, Təhlükəsizlik Şurası ilə Rusiya prezidenti Administrasiyası arasında aparat rəqabəti də güclənib. Xüsusən də bu rəqabət 2019-cu ilin yay aylarında, Moskvada və regionlarda müxalifətin fəallaşması və etiraz potensialının güclənməsi zamanı aydın müşahidə olundu.

Müəllifin fikrincə təsvir olunan bu Kreml tendensiyası müəyyən ölçüdə Azərbaycanda Təhlükəsizlik Şurasının gücləndirilməsi xətti ilə kəsişir.

“Ramil Usubovun bu ilin iyun ayında Təhlükəsizlik Şurasının katibi təyin edilməsini müşahidəçilərin əksəriyyəti prezident yanında bu strukturun gücləndirilməsi kimi qiymətləndirdi. İlham Əliyevin prezident vertikalının bu tərkib hissəsini gücləndirmək istəyi ayındır. Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təcrübəli güc strukturu rəhbərinin , Azərbaycan DİN-in faktiki yaradıcısının təyinatının arxasında dayanan səbəblər məhz yeni və mürəkkəb vəzifələr qaiməsində cəmlənir”,-müəllif yazır.

Müəllif bu məqamda qeyd edir ki, əvvəllər Azərbaycanda Təhlükəsizlik Şurası daha çox analitik və təşkilatçı funksiyanı yerinə yetirirdi, Rusiyadakı kimi ekstremal vəziyyətlərdə toplaşan hakimiyyət atributu deyildi. Amma zaman keçdikcə qarşıya qoyulmuş, XİN və güc strukturlarının koordinasiyası şəraitində həll edilən vəzifələrin seçimi bu orqanı gücləndirmək, Rusiyada olduğu kimi “güc strukturlarının kabinetinə” çevirmək zərurətini yaratdı.

“Aydındır ki, Azərbaycanın Təhlükəsizlik Şurası təkcə təhlükəsizlik sahəsində əsas sənədlərin işlənib hazırlanmasını yerinə yetirməyəcək, eyni zamanda dövlət fəaliyyətinin müxtəlif sferalarında inkişaf strategiyasını formalaşdıracaq, eləcə də kritik zərurət yaranarsa DİN, Dövlət Təhlükəsizliyi Xidməti və Müdafiə Nazirliyinin koordinasiyasını həyata keçirəcək”,-rusiyalı ekspertin qənaəti belədir.

Karavayevə görə iki ölkənin Təhlükəsizlik Şuralarının oxşar cəhətlərindən biri də beynəlxalq fəallıqdır. Rusiyada bu orqan beynəlxalq diplomatiya strukturuna çevrilir, vaxtaşırı olaraq Rusiyanın təşəbbüsü ilə təhlükəsizliyə dair beynəlxalq forumlar təşkil edilir.

Azərbaycan üçün isə aydındır ki, beynəlxalq mühit etirazçı liderlərin fəallığına təsir edən başlıca amildir. Azərbaycanda da Rusiyada olduğu kimi, “klassik”, əhəmiyyətli ölçüdə demoralizə edilmiş və korrupsiyalaşmış sistem müxalifətini yeni dəyərlərə, daha radikal və müasir mexanizmlərə malik yeni nəsil əvəzləyir.

İndiki postsovet mühiti texnologiyaların sayəsində çoxsaylı azsaylı, lokal siyasi qruplaşmaların meydana çıxması üçün əlverişlidir. Onlar obıvatelləri kütləvi aksiyalar üçün sürətlə səfərbər edə bilirlər. Belə situasiya yaranır ki, məsələn, hansısa məmurun korrupsiya faktına, onun hansısa axmaq hərəkətinə və ya ayrıca götürülmüş ədalətsizlik faktına, yəni icra hakimiyyətinin işində konkret pozuntuya görə sosial şəbəkələrdə dəfələrlə gücləndirilmiş, şişirdilmiş və təhrif edilmiş halda hakimiyyətin sistem qüsuru kimi tirajlanır. Nəticədə etimad böhranı yaranır.

Lakin Karavayevə görə belə qrupların zəif cəhəti ondadır ki, onların şəbəkə və ya küçə hiddətini təşkil edib dəstəkləmək imkanları qısamüddətlidir.

“Azərbaycan mümkün etiraz potensialını əhalinin gəlirlərini artırmaqla, yeni istehlak tələbi formalaşdırmaqla, vergiləri sadələşdirməklə, kiçik biznesə vergi loyallığı tətbiq etməklə ağılla cilovlayır. Ona görə də mümkün etirazların yeganə “alışdırıcısı” xarici informasiya məkanı, xarici amildir. Bu baxımdan Rusiya və Azərbaycanın Təhlükəsizlik Şuralarının vəzifələri də oxşardır-belə destablizasiya ocaqlarını lokallaşdırmaq üçün effektiv hüquqi metodikalar işləyib hazırlamaq. Ona görə də Moskva ilə Bakının transsərhəd informasiya axını və qlobal informasiya mübadiləsi mənbələri üzərində nəzarəti tədricən gücləndirəcəyini gözləmək olar”,-müəllif yazır.
Virtualaz.org
Oxşar xəbərlər
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Mədəniyyət