Axtarış...

Gələn il “Eurovision” mahnı müsabiqəsində Avstriyanı müğənni Penda təmsil edəcək

Gələn il “Eurovision” mahnı müsabiqəsində Avstriyanı müğənni Penda təmsil edəcək
Avstriyanın Ştiriya əyalətində doğulmuş müğənni və prodüser Penda (əsl adı Qabriela Horn) ölkəsini 64-cü “Eurovision–2019” mahnı müsabiqəsində təmsil edəcək.

AZƏRTAC xəbər verir ki, ötən illərdə olduğu kimi bu il də Avstriya təmsilçisi açıq müsabiqə əsasında deyil, musiqi ekspertlərindən ibarət jürinin seçimi əsasında müəyyənləşib.

Avstriya mətbuatı Pendanın üzərində çox böyük məsuliyyət dayandığını yazıb. Belə ki, ötən il Lissabonda Avstriyanı təmsil edən Sezar Sempson üçüncü yer əldə etmiş və bütün iştirakçılar arasında ən yüksək jüri xallarına sahib olmuşdu. Pendanın bu uğura çatması üçün gərgin çalışması lazım gələcək.

Avstriya Teleradiosuna müsahibəsində seçdiyi ləqəblə bağlı suala cavab verən müğənni səhərlər yuxudan oyandığında güzgüdə özünü pandaya bənzətdiyini və bu heyvanları çox sevdiyinə görə, özünə Penda adını seçdiyini bildirib.

Caz və pop ifaçılığı üzrə təhsil almış 31 yaşlı Penda Tel-Əvivə elektronik-pop janrında yazdığı “Limits” mahnısı ilə yola düşəcək. Penda Azərbaycan təmsilçisinin də iştirak edəcəyi ikinci yarımfinal mərhələsində səhnəyə çıxacaq.

41 ölkə təmsilçisinin qatılacağı 64-cü “Eurovision” mahnı müsabiqəsinin ilk yarımfinalı mayın 14-də, ikinci yarımfinal isə mayın 16-da baş tutacaq. Mayın 18-də keçiriləcək böyük finalda isə beynəlxalq yarışmanın növbəti qalibi müəyyən ediləcəkdir.



Şərh yaz