Axtarış...

Sosial müdafiə nazirliyi yenə Ağalar Vəliyevin adamı ilə işbirliyi qurdu



Aktualinfo.org hələ sentyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Tərtər rayonunda 3 otaqlı mənzillərin satın alınması üzrə keçirilmiş tender barədə məqalə yaymışdı.
Qeyd edək ki, həmin məqalədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fiziki şəxs Məmmədov Mehman Rza oğlu ilə bir mənbədən satınalma metodu ilə iki satınalma müqaviləsinin bağladığına toxunmuşduq. Tərtər rayonunda 3 otaqlı mənzillərin satın alınması üzrə 1.667.520 manat məbləğində satınalma müqaviləsinin 18.09.2024-cü ildə, Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzillərin alınması üzrə 1.075.840 manat məbləğində satınalma müqaviləsi barədə məlumat isə 06.08.2024-cü ildə açıqlanmışdır.
Xatırladaq ki, sözügedən məqalədə bir mənbədən satınalma metodu ilə keçirilmiş tenderin qalibi fiziki şəxs Məmmədov Mehman Rza oğlunun mənzillərin satın alınması üzrə konkret təchizatçı olmadığını, satınalma üzərində xüsusi hüquqlara da malik olmadığını və bu satınalma predmetinin ölkədə kifayət qədər əvəzedici və alternativ şirkətlərin olduğunu qeyd etmişdik. Bununla bərabər qeyd etmişdik ki,elanda yalnız şəhid ailələrinə Tərtər rayonunda 3 otaqlı mənzillərin satın alınması, Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzillərin alınması göstərilir. Burada mənzillərin neçə nəfərə alınması da açıq göstərilməyib. Amma qanunla satınalma predmetinin adı, miqdarı, həcmi və qısa təsviri mütləq göstərilməlidir.
Bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Tərtər rayonunda 16 ədəd ikiotaqlı, 4 ədəd üçotaqlı olmaqla cəmi 20 ədəd mənzilin satınalınması üzrə daha bir tenderin nəticəsini açıqlayıb. 27.11.2024-cü ildə yekulaşmış bu tenderdə də qalib yenə fiziki şəxs Məmmədov Mehman Rza oğlu seçilib və onunla 1.204.640 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Müqavilənin şərtlər toplusuna görə Mehman Məmmədov əlilliyi müəyyən olunmuş şəxslərə və şəhid ailələrinə Tərtər rayonunda 16 ədəd ikiotaqlı, 4 ədəd üçotaqlı mənzil almalıdır.
Rəsmi dövlət orqanların yaydığı bu məlumatlardan da göründüyü kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi son 4 ayda fiziki şəxs Məmmədov Mehman Rza oğlu ilə ümumi dəyəri 3 948 000 manat olan 3 satınalma müqaviləsi bağlayıb.
Bəs Məmmədov Mehman Rza oğlu kimdi və bir fiziki şəxs kimi satınalma müqaviləsini icra etmək iqtidarındadırmı?
Bununla bağlı Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə ünvanladığımız sorğuya cavabda bildirilir ki, “Sizin, vergi ödəyicisi Məmmədov Mehman Rza oğlunun (VÕEN: 4000243102) sahibkarlıq fəaliyyəti üzrə məlumatlarının təqdim edilməsi barədə 25.09.2024-cü il tarixli müraciətinizə aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsində baxılmışdır.
Bildiririk ki, müraciətinizdə qeyd olunan vergi ödəyicisi Məmmədov Mehman Rza oğlunun (VÕEN: 4000243102) vəziyyəti hal-hazırda aktivdir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları haqqında Qərarında qeyd olunan meyarlara əsasən riskli vergi ödəyicisi kateqoriyasına aid deyildir, dövlət büdcəsinə və müvafiq fondlara ödənilməmiş borcu yoxdur və ƏDV-nin məqsədləri üçün vergi orqanında qeydiyyata alınmamışdır. Müraciətdə təqdim edilməsi tələb olunan digər məlumatlar kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatlar olduğundan həmin məlumatların verilməsi mümkün deyildir.”
Bərdə rayonundakı mənbələrimizdən əldə etdiyimiz məlumata görə Mehman Məmmədov Mirzəxan-Qaraqoyunlu kəndində əkin-biçinlə məşğul olur. Təxminən 54-55 yaşı olan Mehman Məmmədovun Mirzəxan-Qaraqoyunlu kəndində, yol kənarında 3-4 mağazasının da olduğu bildirilir.
Əldə etdiyimiz ən yeni məlumatlara görə Mehman Məmmədov Mirzəxan-Qaraqoyunlu kəndində sadəcə daimi pasport qeydiyyatındadır. O, Bakı şəhərində yaşayır və bizneslə məşğuldur. Bakı şəhəri, Səbail rayonu massiv 1 (Badamdar qəsəbəsi) ev 282, 2-ci döngə ünvanında 12 avqust 2024-cü ildə dövlət qeydiyyatına alınan, nizamnamə kapitalı 100 manat olan “RB İNŞAAT” (VÖEN: 1703837151) Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir.
Dövlət Vergi Xidmətinin bu məlumatlarından da göründüyü kimi Məmmədov Mehman Rza oğlu 12.08.2024-cü ildə “RB İNŞAAT” MMC-ni təsis edib. Ondan cəmi 6 gün əvvəl, yəni 06.08.2024-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən fiziki şəxs kimi 1.075.840 manat dəyərində bir mənbədən satınalma metodu ilə tender udub.
Əldə etdiyimiz ən yeni məlumatlardan biri də odur ki, Mehman Məmmədov uzun illərdir Milli Məclisin deputatı olan, “Azəraqrartikinti” ASC-nin sədri, “Kristal Abşeron” tikinti şirkətinin sahibi Ağalar Vəliyevin adamıdır. Verilən məlumatlarda bildirilir ki, düzdür, Mehman Məmmədovun biznesi var, amma qalibi olduğu tenderlər əslində Ağalar Vəliyev tərəfindən həyata keçirilir.

Aktualinfo.org
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz