Axtarış...

Heydər Əliyevdən başlayan və İlham Əliyevin davam etdirdiyi “YOL”: ARKA-nın müharibə mövzusunda istehsal etdiyi 10-cu bədii-sənədli film hazırlandı

Heydər Əliyevdən başlayan və İlham Əliyevin davam etdirdiyi “YOL”: ARKA-nın müharibə mövzusunda istehsal etdiyi 10-cu bədii-sənədli film hazırlandı

““Vətən TV Media Şirkəti” ARKA-nın (Kino Agentliyi) maliyyə dəstəyi ilə “Yol” qısametrajlı bədii-sənədli filminin istehsalını başa çatdırıb. Yaxın zamanlarda film Azərbaycan tamaşaçısının ixtiyarına veriləcək”.

Bunu “Yol” (ilkin adı “Vəsiyyət”) bədii-sənədli filminin ssenari müəllifi Etibar Məmmədov bildirib. Filmin bəhs etdiyi mövzuya gəlincə, Etibar Məmmədov deyib ki, filmin əsas süjet xətti Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ölkəmizin işğal olunmuş ərazilərinin azad olunması işində getdiyi yolun fəlsəfəsini göstərir. “Yol”da Ulu Öndər Heydər Əliyevin ata və müəllim olaraq İlham Əliyevin siyasətçi, Prezident və, ən nəhayət, xalqı Qarabağın azadlığı uğrunda savaşa aparacaq bir Lider kimi formalaşmasında rolu göstərilir. Ssenari müəllifinin sözlərinə görə, bu məqsədlə Ulu Öndərin həyatı və fəaliyyəti ilə bağlı olduqca böyük həcmdə xronika və arxiv videomaterialları toplandı, sistemləşdirildi və bunların əsasında ssenarinin mühüm epizodları yazıldı.


Etibar Məmmədov daha sonra deyib: “Ulu Öndər Heydər Əliyevin prezidentliyi dövründə də, İlham Əliyev də Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra da mən onları daxili və xarici səfərlərdə müşayiət edən çəkiliş qrupunun tərkibində olmuşam. Mən Heydər Əliyevin də, İlham Əliyevin də Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində fəaliyyətlərini, işlərini, onların beynəlxalq aləmdə nüfuzlarını və üzləşdikləri ədalətsizlikləri necə məharətlə ram etmələrini gözlərimlə görmüşəm, bunların şahidi olmuşam. Başqa sözlə, “Yol” bədii-sənədli filminin ssenarisi təxəyyülə deyil, konkret və təkzibolunmaz faktlara əsaslanır.

“Yol” bədii-sənədli filmində Prezident İlham Əliyevin 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunması missiyasının mənəvi-fəlsəvi yükü, bu missiyanın uğurlu olmasında milli və dini birliyimizin əhəmiyyəti, Azərbaycan ordusunun qəhrəmanlığı, şücaəti göstərilir. Yadımdadır ki, filmin ilkin baxışında iştirak edən Azərbaycanın görkəmli kinorejissorlarından biri sonra mənə və filmin quruluşçu rejissoruna dedi ki, Heydər Əliyev və İlham Əliyev haqqında belə film hələ çəkilməmişdi. Əlbəttə, bu, belə qiymət böyük uğurdur. Bu, eyni zamanda, icraçı direktoru Orxan Fikrətoğlunun olduğu ARKA-nın bütün kollektivinin uğurudur və bu, danılmazdır. ARKA “Yol” bədii-sənədli filminin istehsalında bizə çox köməklər etdi və bunlar yalnız maliyyə dəstəyi ilə məhdudlaşmır”.

Ssenari müəllifi qarşıya qoyulan məqsədin düzgün ekran həllinin və yekun məhsulun televiziya filmi deyil, məhz bədii-sənədli kino olmasında quruluşçu rejissorun peşəkarlığının ən mühüm məsələ olduğunu da vurğuladı: “Kino Agentliyinin rəhbəri Orxan Fikrətoğlu ilk dəfə bu mövzunu müzakirəyə çıxaranda əsas tövsiyəsi belə oldu ki, bu filmin uğurlu, təkrarolunmaz olması, ilk növbədə, rejissordan asılı olacaq. Deyim ki, seçim mərhələsində hətta ad çıxarmış rejissorlar belə bu işdən imtina etdilər. Onlar bu imtinan iki əsas səbəbini göstərdilər: birincisi, onlar bu ağır məsuliyyətin altına girməkdən ehtiyatlandılar; ikincisi, bildirdilər ki, burada böyük, ağır və bəzən çox ağır xronika və arxiv işi var. Bu amillər onları çəkindirdi, çünki xronika və arxiv işi həm də o deməkdir ki, sən bəzən istədiyini edə bilmirsən, bir növ, faktdan asılı qalırsan. Amma çox istedadlı, çəkdiyi bədii və sənədli kino əsərləri ilə məşhurlaşmış kinorejissorumuz Elşən Zeynallı, onun rəhbərlik etdiyi yaradıcı heyət bu yükü çiyinlərinə aldı və deyim ki, çox məharətlə, ustalıqla onun öhdəsindən gəldilər. “Yol” bədii-sənədli filmi xronika və arxiv videomaterialların, həmçinin bədii səhnələrin sintezindən ibarət möhtəşəm əsərdir ki, yaxın zamanlarda, dediyim ki, tamaşaçımız onu seyr edə biləcək”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz