Azərbaycanda arağın pərakəndə satışının minimum qiyməti müəyyən olunacaq. "İstehlakçı hüquqlarının müdafiəsi haqqında" qanuna edilən dəyişikliyə əsasən, alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağan olunacaq.
Məsələyə münasibət bildirən iqtisadçı ekspert Xalid Kərimli Bakupost.az-a deyib ki, bu gün yerli istehsalçılar, idxalçılar bazara ucuz məhsul təklif edə bilmir.
Amma qanunsuz sexlər saxta içkiləri ucuz qiymətə təqdim edə bilir. Çünki onlar vergidən yayınırlar, nəzarətdən kənarda qalırlar və məhsullarının keyfiyyətinə nəzarət yoxdur:
“Qanuna edilən dəyişikliyə əsasən, artıq araq müəyyən edilən pərakəndə satışının minimum qiymətindən ucuz satıla bilməz. Minimum qiymətin müəyyən edilməsi qanunsuz sexlərin qarşısını ala bilməyəcək. Qanunsuz sexlərə qarşı kompleks mübarizə tədbirləri aparılmalıdır. Belə sahibkarları cəzalandırmağın müxtəlif yolları var".
Bakupost.az
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirib ki, qanuna edilən dəyişiklik istehlakçılara heç bir şey verməyəcək. Bu qərar keyfiyyətsiz spirtli içki istehsal edənlərin xeyrinədir:
“Standartlara uyğun spirtli içki istehsal edən müəssisələr yenə çətin vəziyyətdə olacaqlar. Ona görə də burada ictimai nəzarət güclənməlidir”.