Ramiz Mehdiyev və onun dəstəsi ilə bağlı 2005-ci illərdən yazmağa başlamışam. Ramiz Mehdiyevin kim, hansı işlə məşğul olduğunu, bu ölkəyə hansı ziyanlar vurduğunu demişəm. Təkcə Ramiz Mehdiyev deyil, onun kimi onlarla insanlar var ki, bu ölkəyə əxlaqi, mənəvi zərər vurmaqla yanaşı maddi tərəfdən də ölkəni talayıblar, milyardlar aparıblar. Onlar haqqında da cinayət işi qaldırılmalı və araşdırma aparılmalıdır".
Bu sözləri Pravda.az-a açıqlamasında tanınmış vəkil Aslan İsmayılov deyib.
"Sizi əmin edirəm, Ramiz Mehdiyevin təkcə yeznəsi İlham Əliyevin ölkədən çıxardığı və ölkədə yatırdığı əmlaklar milyarddan artıqdır. Onun Quba-Qusar zonasında yüz milyonluq əmlakı və torpağı var. Əlbəttə, istəyərəm ki, bütün bu cinayətlər araşdırılsın. Ramiz Mehdiyevin və digərlərinin həbsi bu gün mənim üçün vacib deyil. Vacib olan budur ki, biz Qarabağda döyüşmüş əsgərlərimizi təmin edə, pensiya həddini artıra bilmirik. Bu gün də Ramiz Mehdiyev və onun ətrafı "Rolls-Royce"da, "Maybach"da gəzirlər. Nə üçün? Ölkəyə, dövlətə hansı töhfəni veriblər? Ramiz Mehdiyevlə bağlı cinayət işi açılıbsa, bunu alqışlayıram, amma istəmirəm ki, bütün işlər kimi bu da yarımçıq olsun", - A.İsmayılov bildirib.
Xatırlatma: Hesablama Palatasından daxil olmuş material əsasında Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətində aşkar edilmiş qanun pozuntuları ilə bağlı aparılmış araşdırma üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. AMEA-nın 2020-2023-cü illərə dair fəaliyyəti üzrə təyin edilmiş audit yoxlamaları nəticəsində vəzifəli şəxslər tərəfindən külli miqdarda dövlət vəsaitinin təyinatı üzrə istifadə edilməməsi, habelə digər qanun pozuntularının törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən dövrün əsas hissəsində isə AMEA-ya Ramiz Mehdiyev (2019-2022-ci illərdə) rəhbərlik edib.