Axtarış...

“Uca İnşaat” MMC müəllimin 9 000 manatını MƏNİMSƏDİ - BDU-nun dosentinə qarşı DƏLƏDUZLUQ


“Facebook” və “Instagram” sosial şəbəkəsində “Uca İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) təmir elanı diqqətimi çəkdi. Elanda göstərilən əlaqə vasitələri üzərindən təmir-tikinti şirkəti ilə danışdım, qiymət şərtlərini öyrəndim. Bildirdilər ki, sifarişçi ilə şirkət arasında müqavilə bağlanır, təmir işi həyata keçirilir, mənzil sahibi məbləği hissə-hissə ödəyir. Mənzilim cəmi 61 kvadratmetr sahədən ibarət olduğu üçün şirkətin təklifini bəyəndim. Belə qərara gəldim ki, gedib müqavilə bağlayım. “Uca İnşaat” MMC-nin rəhbəri Fəzail İsmayılovla görüşüb müqavilə imzaladım. O, müqaviləyə şəxsən imza ataraq möhür vurub. Lakin sonradan təmir-tikinti şirkəti öz öhdəliyini yerinə yetirməyərək məni aldadıb, 9 000 manat məbləğində pulumu mənimsəyib, mənzilimə və özümə maddi-mənəvi ziyan vurub”.

Bu barədə Medianews.az-a müraciətində Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva bildirib.

O qeyd edib ki, “Uca İnşaat” MMC-nin ustaları günahı şirkətdə görürlər: “Müqaviləyə görə, mənim mənzilimin təmir xərci ümumilikdə 15 000 manat müəyyən edildi. İlkin olaraq 4 500 manat ödədim, növbəti iki mərhələdə 4 500 manat, sonda isə 1 500 manat ödəniş etməli idim. Birinci məbləği ödəyəndən sonra iyunun 19-da tikinti şirkətinin ustaları mənzilimdə söküntü işləri apardılar. Söküntü işlərini tamamlayıb divarlara 2-3 kisəlik astar vurdular. Bildirdilər ki, mal-material alınması üçün 4 500 manat vəsait ödənilməlidir. Bu məbləği də ödədim. Ümid edirdim ki, yaxın günlərdə təmir işini yekunlaşdıracaqlar, mən də yerdə qalan məbləği ödəyəcəm. Lakin ikinci ödənişi edəndən sonra şirkət nümayəndələri sözün əsl mənasında yoxa çıxdılar. Çox çətinliklə ustalarla əlaqə yaratdım, bildirdilər ki, onların bir məsuliyyəti yoxdur, şirkət zəhmət haqlarını ödəmir, mal-materiallarla təmin etmir, bu səbəbdən də işlər dayanıb. “Uca İnşaat” MMC-nin dizayneri kimi özünü təqdim edən, əslində isə şirkət rəhbərinin bacısı oğlu olan Aslan adlı şəxslə əlaqə yaratdım. O da hər hansı köməklik göstərə bilmədi. Beləliklə başıma oyun açdılar”.

Alim söyləyib ki, üç aya yaxındır mənzil təmirsiz, özü isə mənzilsiz qalıb: “İyunun 19-dan indiyə qədər evim təmirsiz qalıb. Nə ustaları tapıb işi yekunlaşdıra bilirəm, nə də şirkət rəhbərini tapıb ödədiyim pulu ala bilirəm. Sosial şəbəkə hesablarından dərdimi onlara yazıram, məni “bloka” atırlar. Əlaqə vasitələrinə zəng vururam, cavab vermirlər. Qalmışam naçar. Evdə söküntü işləri aparılıb deyə evə köçə də bilmirəm. Müqavilədə göstərilir ki, işlərin təhvil verilməsi üç aya qədər uzana bilər. Mənim mənzilim 2-3 mərtəbəli villa deyil ki, təmir işi bu qədər uzansın. Məgər, cəmi 61 kvadratmetr sahəsi olan bir mənzili üç aya təmir edərlər? Özlərini məsuliyyətdən azad etmək üçün belə bəndlər əlavə ediblər müqaviləyə. Tutaq ki, elə bu müddətə də təhvil verilməlidir. Müqavilə imzalanıb 18 iyun 2024-cü il tarixində. Həmin vaxtdan indiyə qədər üç aya yaxın vaxt keçib, amma görülən iş ortada yoxdur”.

Dosent S.Əliyeva üzləşdiyi problemlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini diqqətə çatdırıb: “Sözsüz ki, mən bu məsələni belə qoymayacam. Artıq şirkətin dələduzluq əməli, etibarımdan sui-istifadə etməsi, vəsaitimi mənimsəməsi, vətəndaşı aldadaraq öhdəliklərini yerinə yetirməməsi, mənzilimə vurulan maddi zərər, şəxsimə qarşı yaşatdıqları mənəvi ziyan barədə hüquq-mühafizə orqanlarına rəsmi müraciət etmişəm. İstəyirəm bu dələduzlar, fırıldaqçılar həm qanun qarşısında cavabdehlik daşıyıb layiqli cəzalarını alsınlar, həm də üzləşdiyim bu vəziyyət ictimailəşsin ki, digər vətəndaşlar da mənim kimi qurbana çevrilməsin, aldanmasınlar”.

Qarşı tərəfin münasibətini öyrənmək üçün “Uca İnşaat” MMC-nin rəhbəri Fəzail İsmayılovla, həmçinin onun dizayner bacısı oğlu Aslanla əlaqə yaratmaq istədik. Bu şəxslərə məxsus olan və şikayətçi S.Əliyeva tərəfindən redaksiyamıza təqdim edilən dörd mobil telefon nömrəsinə vurulan zənglər cavabsız qaldı. Aslan adlı şəxs zənglərə cavab vermədi. Şirkət rəhbəri Fazil İsmayılovun mobil nömrəsinə vurulan zənglərə isə “nömrə əhatə xaricindədir” və ya “nömrə düzgün təyin edilməyib” cavabları verildi.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz