Axtarış...

"Tələbələrin diplomları verilmir, məqsədli xaric edilirlər"


Göyçay Peşə Liseyində təhsil alan tələbələrin taleyi bir qrup şəxsin əlində oyuncağa çevrilib.

Bu barədə tələbələrin valideunləri "Arqument.az"a danışıblar.

Onlar deyiblər ki, Peşə liseyində tələbələr məqsədli şəkildə uzaqlaşdırılır, onlara diplom verilmir.

"Əvvəl 80-dən yuxarı tələbənin adı saxtalaşdırılmış sənədlə möhürlənərək Peşə Təhsili üzrə Dövlət Agentliyinə göndərilib. Guya bu tələbələr il boyu dərslərdə iştirak etməyiblər. Sonra isə davamiyyətə məsul şəxs guya siyahını hazırlayarkən mexaniki səhvlər etdiyini deyərək bəzi tələbələrin adını siyahıdan çıxarıb və sayı azaldır. Müvafiq agentlik isə dövlət sənədi sayılan qrup jurnallarında bütün illlik və yarımillik qiymətləndirilmələrə baxmadan "qayıb" limitini aşmayan tələbələri həmin saxta siyahı əsasənda liseydən xaric edir".

Şikayətçilər deyirlər ki, bu addımlar diplomların verilməsi ərəfəsində atılır, çünki şəxsi məqsədləri var. Onlar bu barədə təhsil naziri Emin Əmrullayevə də məktib göndərdiklərini bildiriblər.

Valideynlər liseydən xaric edilən tələbələrin imtahanlarında iştirak etdiyini təsdiq edən foto və videogörüntülərin də olduğunu deyiblər: "Kimlərə necə diplom verirlər, bilirik. Liseydən azad olunan 70-dən çox tələbədən 44 nəfəri bu il üçün diplom almalı olan məzunlar idi. Hansılar ki həm istehsalat təcrübələrində olmuş, həm də dövlət buraxılış imtahanlarının hər ikisində iştirak edib qiymət almışdılar. Bütün bunlar tələbələrin hər birinin imtahanlarda iştirakını təsdiq edən foto şəkillərdə və Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən imtahanların onlayn monitorinqi zamanı çəkilmiş videolarda əksini tapıb".

Göyçay Peşə Liseyində baş verən qanunsuzluqlardan danışan valideynlər qeyd ediblər ki, şikayətlərinə də baxan yoxdur: "Bu gün bu məsələ ilə bağlı liseyə müraciət edən valideynlərə yanlış məlumat verilir. Deyirlər ki, guya baş verənlərdən liseyin rəhbərinin xəbəri yoxdur. Onlar məsuliyyəti agentliyin üzərinə atırlar. Amma xaric ediləcək tələbələrin adlarının liseydən göndərildiyini gizlədirlər".

Göyçay Peşə Liseyindən və Peşə Təhsili üzrə Dövlət Agentliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz