"Kristal Abşeron"un Abşeron rayonunda inşa etdiyi "Kristal Abşeron -1" şəhərciyində sakinlər etiraz üçün təşkilatlanıblar.
Bu barədə redaksiyamıza şəhərciyin sakinləri məlumat veriblər. Bildirilir ki, “Kristal Abşeron” şirkətinin qoyduğu qaydalar artıq insan hüquqlarını tapdamaqdır. Şəhərciyin sakinləri idarəçilərin onlardan ancaq pul “qoparmaq” haqda düşündüklərini, əvəzində heç bir şərait yaratmadıqlarını deyirlər: “Sanki biz burda ev almamışıq, gəlmişik ki, şirkətə xeyir verək. Ən müxtəlif yollarla bizdən pul “dərirlər”. Gah zibil pulunu artırırlar, gah lif pulunu, gah dayanacağın ödənişini artırırlar. Halbuki heç biri üzrə də normal xidmət ala bilmirik. Təsəvvür edin, biz binamızın altında (zirzəmidə) yaradılan parkinqə maşın salmaq üçün başqa binanın altından giriş etməliyik. Həyətdə bir addımlıq boş yer qalmayıb, uşaqların oyun meydançasını belə “qamarlayıblar”.
Şikayətçilər bildirirlər ki, səbir kasalarının dolmasına səbəb olan sonuncu damla parkinqin 30 manatdan 50 manata qaldırılması olub. Buna qədər isə bir çox məsələlərlə bağlı verilən qərarlar onları qane etməyib, idarəçilərə müraciətlər ediblər, amma nəticəsiz qalıb. Bu dəfə təşkilatlanmağı qərara alıblar. Artıq 100-dən çox sakinin imzası toplanıb: “İlk öncə “Kristal Abşeron”un icraçı direktoru Məhayət Nəbiyevə müraciət ünvanlayacağıq. Qısa müddət ərzində müraciətimizə baxılmasa, ölkə rəhbərliyinə müraciət ünvanlayacağıq. Sonrakı tədbirlərimiz isə aksiyalar təşkil etmək olacaq. Bunlar da nəticə verməsə, məhkəmələrə üz tutacağıq. Artıq bu istiqamətdə vəkillərlə məsləhətləşmələr aparırıq”.
Sakinlər qeyd ediblər ki, özlərinin idarəetmə qurumlarını yaratmaq imkanından da məhrum edilirlər: “Bina təhvil verilmir, çıxarışlarımızı ala bilmirik. Amma bununla bağlı da müzakirələrimiz oldu və artıq bu istiqamətdə də işlərə başlayacağıq. Qanunların verdiyi imkanları tikinti şirkəti əlimizdən alıb, imkan vermirlər ki, öz təşkilatımızı yaradaq, problemlərimizi özümüz həll edək. Həm bizdən bir yandan pul yığırlar, həm problem içində yaşadırlar. Bunlardan ev almaqla özümüzü böyük bir bəlaya salmışıq, insanlara məsləhətimiz budur ki, pulsuz da versələr “Kristal Abşeron”un binalarından ev almasınlar!”
Qeyd edək ki, bir neçə gün əvvəl oxşar şikayətlə "Kristal Abşeron -1"-də yaşayan jurnalist Arifə Əliyeva da çıxış edib. Onunla əlaqə saxlayıb təşkilatlanma ilə bağlı əlavə məlumat aldıq. A.Əliyeva bütün deyilənləri təsdiqləyərək bildirdi ki, onlarla sakinin imzası alınıb və birgə müraciətlər ediləcək: “Mərhələli surətdə bütün instansiyalara müraciətlər edəcəyik. Mətbuatda dəfələrlə yazılıb ki, "Kristal Abşeron" şirkəti deputat Ağalar Vəliyevə məxsusdur. Bu iddia indiyə qədər təkzib olunmayıb. Ona görə də Ağalar Vəliyevə də müraciət etməyi düşünürük. Qarşıdan parlament seçkiləri gəlir, Ağalar müəllim yəqin ki, yenidən namizədliyini verib deputat olmaq istəyir. Amma vətəndaşlara bu cür problemlər yaratmaqla onun yenidən mandat alması çətin baş tuta”.
Qeyd edilənlərlə bağlı “Kristal Abşeron”un mövqeyini verməyə hazırıq.(Afn.az)