“Kristal Abşeron” hər gün müxtəlif layihələrini reklam edir. Bu piar fonunda isə onun Qaradağ rayonundakı “Qobu Park – 2” proyekti hələ də problemlər girdabında bərq vurur. Lakin nədənsə, media resurslarında bu binanın mövcud təhlükələri, sakinlərin üzləşdiyi problemlər əvvəlkitək yada düşmür. Nədir bu susqunluq? Vətəndaşların şikayətləri həllini tapdımı? Qətiyyən!
İndi məlum olur ki, “Qobu Park – 2” layihəsinin bitməyən problemləri davam etməkdədir, sadəcə, KİV bu mövzuya qayıtmağa üstünlük vermir. Səbəb sadədir, “Kristal Abşeron” şirkəti gözə xoş görünməyə çalışır. Yerli sakinlərdən gələn xəbərlərdə isə heç də vəziyyət ürəkaçan görünmür: sürüşmə riski, binanın qəzalı olması ucbatından yenidən təhlükəli şərait potensialı, susuzluq dərdi…
Tribunainfo.az yazır ki, bu məsələlər, problemlər aktuallığını itirməyib, sadəcə, müəmmalı şəkildə mətbuatın gündəmindən çıxarıldı. Şirkət isə Qaradağdakı bu uğursuz projesinin problemlərini səthi yoluna qoymaqla, çoxlarını susdurmağa çalışıb. Təsəvvür edin ki, yeni tikilən bina qəzalıdır. Nə deməkdir bu ? Yeni bina nə üçün qəzalı olsun ki? Deməli, “Qobu Park -2” layihəsi böyük yeyintilər, keyfiyyətsiz tikinti ilə başa vurulub. Sakinlər deyirlər ki, indi media onlara diqqət ayırmır, qəribə formada sükutla üstündən keçirlər. Hazırda binanın özülünə beton tökülüb. Guya təhlükəsizliyin qarşısını almağa çalışırlar. Əyilmiş binaya beton tökülməsi nə dərəcədə doğrudur?
Bina tikilməmişdən öncə torpağın tərkibi öyrəniləndə səhvlər buraxılıb. Yeraltı sular o istiqamətə axıb, təməlini yuyub. Bununla yanaşı ola bilər ki, müxtəlif yer təkanları zamanı süxurun strukturu dəyişib. İnsan səhvi də ola bilər. Araşdırma aparılmalıdır. Rəy verilməlidir ki, orada sakinlər yaşaya bilərlər, yoxsa yox…
Tribunainfo.az