Axtarış...

Rüfət Hacıyev vəzifəli şəxsə rüşvət almağa vasitəçilik edib - Ona da cinayət işi açıldı

Rüfət Hacıyev vəzifəli şəxsə rüşvət almağa vasitəçilik edib - Ona da cinayət işi açıldı


Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rüşvətə görə həbs edilən sabiq müdiri Rüfət Hacıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məlum olub ki, istintaqın gedişində Hacıyev İntiqam Qəşəm oğlu da cinayət məsuliyyətinə cəlb edilib.

Əldə etdiyimiz məlumata görə, İntiqam Hacıyev Hesablama Palatasının əməkdaşıdır. O, Palatanın Sosial sahələrin auditi şöbəsinin Təhsil sahələrinin auditi sektorunun müdiri işləyib. İttihama görə, Rüfət Hacıyev onun küllü miqdarda rüşvət almasına vasitəçilik edib.

İş üzrə Elm və Təhsil Nazirliyi və Hesablama Palatası zərərçəkmiş qismində tanınıb.

Cinayət işi hakim Nürəddin Hüseynlinin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, Rüfət Hacıyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. O, müddətdə əmək müqaviləsinin müddətinin uzadılması, məktəb direktoru vəzifəsinə təyin olunma, məktəblərdə müvafiq yoxlamaların keçirilməməsi, eləcə də xidmət üzrə ümumi himayədarlıq göstərilməsi kimi məqsədlərlə ayrı-ayrı şəxslərdən ümumilikdə 53 min manat pul vəsaitini təkrarən rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

***

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsində işləmiş Hacıyev Rüfət Malik oğlunun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla Rüfət Hacıyevin müvafiq olaraq 2017-2022-ci illərdə Quba rayon Təhsil şöbəsi (hazırda ləğv olunmuş) və 2022-2023-cü illərdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsində işləyərkən əmək müqaviləsinin müddətinin uzadılması, orta məktəb direktoru vəzifəsinə təyin edilməsi, təhsil müəssisələrində yoxlamaların keçirilməməsi, xidmət üzrə ümumi himayədarlıq göstərilməsi və digər qanunsuz məqsədlərlə ayrı-ayrı şəxslərdən ümumilikdə 65 min manatdan artıq pul vəsaitini şəxsən almasına, habelə 20 min manat məbləğində pulun Hesablama Palatasının Sosial sahələrin auditi şöbəsinin Təhsil sahələrinin auditi sektorunun müdiri vəzifəsində işləmiş İntiqam Hacıyev tərəfindən rüşvət qismində alınmasına vasitəçilik etməsinə, eyni zamanda qanunsuz yolla əldə etdiyi 175 min manatdan artıq pul vəsaitini yaxınlarının adlarından müxtəlif maliyyə əməliyyatları keçirməklə leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rüfət Hacıyevə Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2, 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə və bu cinayət əməlinin törədilməsinə köməklik etmə), 311.3.2 və 311.3.3-cü (rüşvət alma təkrar və külli miqdarda törədildikdə) maddələri ilə yekun ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İntiqam Hacıyevə isə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz