Son bir neçə ildir ki, ölkəmizdə hər kəsin keyfiyyətli və təhlükəsiz ərzaq mallarına olan tələbatının lazımi səviyyədə ödənilməsi istiqamətində müəyyən addımlar atılsa da, təəssüflər olsun ki, bu gün qida sektorunda ciddi problemlər yaşanmaqdadır.
Baxmayaraq ki, Prezident İlham Əliyev 29 aprel 2019-cu il tarixdə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq olunması haqqında №114-li Sərəncam imzalamışdır. Bu Sərəncamın imzalanmasında əsas məqsəd, qeyd etdiyimiz kimi ölkəmizdə əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin olunması, qida təhlükəsizliyi sisteminin səmərəliliyinin və şəffaflığının daha da artırılması və bu sahənin beynəlxalq tələblərə uyğunlaşdırılması nəzərdə tutulur. Möhtərəm Prezident tərəfindən belə bir Sərəncamın imzalanmasına baxmayaraq, hal-hazırda bəzi işbazlar, ələlxüsus restoran, kafe, çayxana sahibləri rəhbərlik etdikləri obyektlərdə olmazın hoqqalara qol qoyurlar. Bu da insanlar arasında kütləvi narazılıqların əmələ gəlməsinə, hətta zəhərlənmə hallarının baş verməsinə də səbəb olur.
Unutmaq olmaz ki, qida təhlükəsizliyi məsələsi hər zaman cəmiyyətimizin inkişafında, gələcək nəsillərin sağlamlığında, insan genefondunun qorunmasında və s. xüsusi rola malik olub. Bir sözlə, ölkəmizdə qida təhlükəsizliyi məsələsi, insanların sağlamlığının və hüquqlarının müdafiə olunması əsas şərt olaraq qarşıya qoyulsa da, bu gün də əksər ictimai-iaşə müəssisələrində, restoranlarda, kafelərdə və s. qida təhlükəsizliyi məsələsində ciddi problemlər yaşanmaqdadır. Bu sırada Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi-14 ünvanında, eyni zamanda Yasamal qəbristanlığı ilə üzbəüzdə yerləşən “STAR HALL” restoranının adı daha öncüllər sırasında yer alır. Məsələn, 20 may 2024-cü il tarixdə, saat 18:00-da adı çəkilən bu restoranda düzənlənən məclisdə üzləşdiyimiz mənzərə, məhz bizi belə bir qənaətə gəlməyə vadar edib.
Baxmayaraq ki, bu obyektin əvvəlki adı “FİLİZ” restoranı olub və əvvəllər hər kəsin düşüncəsində bu obyektə aid fərqli yanaşmalar da formalaşmışdı. Bu gün isə, fərqli yanaşmaların formalaşmasını zəruri edən bir çox səbəblər var. Çünki, hal-hazırda “STAR HALL” adını daşıyan bu restoran, sanki xəstəlik mənbəyini xatırladır. Qeyd edək ki, 20 mayda keçirilən məclis zamanı qonaqlara verilən yeməklərin olduqca keyfiyyətsizliyi, xidmət növlərinin aşağı səviyyədə olması və s. hər kəsin daha çox narazı qaldığı halların varlığı oldu. Diqqət yetirmək lazımdır ki, bu restoranda qonaqlara əvvəlki günlərdən qalan və yarasız hala düşmüş yeməklər verilir. Məsələn, həmin gün süfrə arasında olarkən “ofisant” süfrəyə tikə kabab gətirdi, amma necə? Necəliyi o oldu ki, tikə kabablar əllərimizi üşütdü. Bu da onu sübut edir ki, “STAR HALL” restoranında əvvəlki günlərin məclislərindən qalan tikə kababları, salatları və s. bir yerə yığıb soyuducuya qoyurlar və həmin yeməkləri növbəti günlərdə keçirilən məclislərin qonaqlarına verirlər.
Əslində belə bir halların varlığı yolverilməz olsa da, faktdır ki, bu restoranda hər cür çirkli işlərə qol qoyulur. Düzdür, məclis sahibi heç zaman özünə rəva görməzdi ki, məclisə təşrif buyuran qonaqlar belə bir mənzərə ilə üzüzə qalsınlar. Yəni, məclis sahibi qonaqların yüksək əhvali-ruhiyyədə olmalarını, onlara lazımi səviyyədə xidmətlər göstərilməsini, keyfiyyətli yeməklər verilməsini istəsə də, çox təəssüflər olsun ki, “STAR HALL” restoranına rəhbərlik edənlərin günahı ucbatından belə bir mənzərə yaşanır, olmazın hoqqalar baş verir. Fakt odur ki, bu cür hoqqalar süfrə arxasında əyləşən jurnalistlərin gözləri önündə baş verdi.
Bütün bunlar onu göstərir ki, bu restoranda istənilən növ məclis keçirmək istəyən hər kəs olduqca ehtiyatlı və diqqətli olmalıdır. Çünki, burada qonaqlara “otxod yeməklər” verilir. Ola bilər ki, bu yazıdan sonra kimlərsə bizdən narazılıq etsin, bizi qınasın, amma fakt odur ki, “STAR HALL”da bic və çiy əməllərə qol qoyulur. Qarşı tərəfin də məsələlərlə bağlı mövqeyini dinləməyə hazırıq. (Gundemxeber)