Axtarış...

Yasamalda qanunsuz meyvə-tərəvəz satışına niyə göz yumulur? - VİDEO REPORTAJ

Yasamalda qanunsuz meyvə-tərəvəz satışına niyə göz yumulur? - VİDEO REPORTAJ

Məlumdur ki, ölkəmizdə hər kəsin keyfiyyətli və təhlükəsiz ərzaq mallarına, kənd təsərrüfatı məhsullarına və s. olan tələbatının lazımi səviyyədə ödənilməsi məqsədilə müəyyən addımlar atılsa da, faktdır ki, bu gün də bu sahədə çox ciddi problemlər yaşanmaqdadır. Baxmayaraq ki, Prezident İlham Əliyev 29 aprel 2019-cu il tarixdə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq olunması haqqında №114 Sərəncam imzalamışdır. Bu Sərəncamın imzalanmasında əsas məqsəd, qeyd etdiyimiz kimi əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin olunması, qida təhlükəsizliyi sisteminin səmərəliliyinin və şəffaflığının daha da artırılması, həmçinin bu sahənin beynəlxalq tələblərə uyğunlaşdırılması nəzərdə tutulmuşdur. Cənab Prezident tərəfindən belə bir Sərəncamın imzalanmasına baxmayaraq, bu gün də bəzi işbazlar tərəfindən əksər ictimai-iaşə obyektlərində olmazın hoqqalara qol qoyulmaqda davam edir.

Unutmaq olmaz ki, qida mənşəli xəstəliklər və zəhərlənmə halları həm əhalinin sağlamlığına, həm də hər kəsin rifah halına olduqca mənfi təsirini göstərir. Bu baxımdan qida təhlükəsizliyi məsələsi cəmiyyətimizin inkişafında, gələcək nəsillərin sağlamlığında, insan genofondunun qorunmasında, iqtisadi məhsuldarlığın təmin olunmasında və s. xüsusi əhəmiyyət kəsb edən bir sahədir. Hal-hazırda qida və kənd təsərrüfatı məhsullarının istehsal və idxal-ixrac həcminin artırılması, istehlakçıların sağlamlığının və hüquqlarının müdafiə olunması kimi məsələlər əsas şərt olaraq qarşıya qoyulsa da, yenə də əksər ictimai-iaşə müəssisələrində qida təhlükəsizliyi sahəsində ciddi problemlər yaşanmaqdadır. Adicə bir faktı qeyd edək ki, bu günlərdə gundemxeber.az xəbər portalının redaksiyasına Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi-5 ünvanında yaşayan sakinlər tərəfindən müraciət daxil olmuşdur. Müraciət müəlliflərinin etdikləri xahişi nəzərə alıb qeyd olunan ünvanda olduq və müəyyən araşdırmalar da həyata keçirdik.
Apardığımız araşdırmalar zamanı ilk olaraq qeyd olunan ünvanda meyvə-tərəvəz məhsullarının satışı ilə məşğul olan Səttar Məmmədov adlı şəxsə bir neçə sual verib lazımi cavablar əldə etdik. Bəli, bu şəxs ünvanladığımız suallara verdiyi cavabında “Mən uzun müddətdir ki, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi-5 ünvanında yaşayıram və yaşadığım mənzilin qarşısındakı qarajda meyvə-tərəvəz məhsullarının satışı ilə məşğul oluram. Qeyd edim ki, belə bir fəaliyyət növü ilə məşğul olmağım üçün ilk gündən aidiyyəti dövlət qurumlaından lazımi sənədləri, hətta sağlamlıq arayışı da almışam. Hal-hazırda VÖENim var və mən vergi ödəyicisiyəm. Çalışdığım qarajda meyvə-tərəvəz satarkən hər cür təmizliyə, lazımi tələblərə, alıcılarla səmimi münasibətin yaranmasına və s. olduqca önəm verirəm. Belə bir səbəbdəndir ki, ətraf ərazidə yaşayan sakinlərin hər biri mənim fəaliyyətimdən, insanlara qarşı göstərdiyim səmimi münasibətdən olduqca razılıq edirlər” dedi. Elə ki, qeyd olunan ünvanda meyvə-tərəvəz məhsullarının satışı ilə məşğul olan digər şəxsə, yəni əslən Sabirabad rayonundan olduğu bildirilən Qəzənfər adlı şəxsə də bəzi suallarımızı ünvanladıq. Bu şəxs isə ünvanladığımız sualları cavablandırmaq əvəzinə, bir növ “burcutmalara” qol qoydu. Bu da onu ehtimal etməyə əsas verir ki, meyvə-tərəvəz məhsullarının satışını həyata keçirən bu şəxs, indiyə kimi aidiyyəti dövlət qurumlarından lazımi sənədləri əldə etməyib. Sadəcə olaraq o, bəzi dövlət qurumlarının əməkdaşları ilə “dil tapdığından”, bu gün də fəaliyyətini davam etdirməkdədir.
Bir sözlə, apardığımız araşdırmalar zamanı bir çox həqiqətləri üzə çıxara bildik. Yəni, ilk olaraq Səttar Məmmədovun hansı əsasla fəaliyyət göstərməsini araşdırarkən bəlli oldu ki, bu şəxs ilk gündən bütün lazımi sənədləri əldə edib. Qeyd olunan ünvanda meyvə-tərəvəz məhsullarının satışını həyata keçirən Qəzənfər adlı şəxs isə, “Gedin öz işinizlə məşğul olun, özüm bilirəm necə fəaliyyət göstərirəm” cavabını verdi. Hətta, üstüörtülü olsa belə o, bizə qarşı hədələyici ifadələr işlətməkdən də çəkinmədi. O halda ortaya çoxsaylı suallar çıxır, görəsən Əbdürrəhim bəy Haqverdiyev küçəsi-5 ünvanında meyvə-tərəvəz məhsullarının satışını həyata keçirən Qəzənfər adlı şəxs, Dövlət Vergi Xidmətində, Yasamal Rayon İcra Hakimiyyətində və digər dövlət qurumlarında çalışan, həmçinin qeyd olunan problemin varlığına cavabdehlik daşıyanların diqqətindən necə yayınır? Yəni, sual oluna bilər ki, görəsən ərazi üzrə cavabdehlik daşıyan aidiyyəti dövlət qurumlarının məsul şəxsləri Qəzənfər adlı şəxsin atdığı addımlara niyə göz yumurlar? Deməli, ortada hansısa “gizli əmmalar”, yaxud da “qaranlıq müəmmalar” var ki, bir kimsə bu şəxsə “qaşın üstə qara var” demir, yaxud da deməyi bacarmır. Bu belə olduğundan qeyd olunan problemi ictimailəşdirmək qərarına gəldik ki, ortada olan bəzi “gizli əmmalara”, bir çox “qaranlıq müəmmara” aydınlıq gətirilsin. Əslinə baxsan, Qəzənfər adlı şəxsin aidiyyəti dövlət qurumlarından lazımi sənədləri əldə etmədən fəaliyyət göstərməsi yolverilməz haldır. Digər tərəfdən, bu şəxsin vergi ödəyicisi olmadan qeyri-qanuni fəaliyyət göstərməsi, birbaşa vergi cinayətinin baş verməsinə yollar açır. Deməli, adlarını hallandırdığımız dövlət qurumunun əməkdaşları üzərinə düşən vəzifə borclarını lazımınca yerinə yetirmirlər ki, bir çox şəxslər, o cümlədən Qəzənfər adlı şəxs də vergidən yayınır və məşğul olduğu sahəyə dair tələb olunan qaydalara əməl etmir. Biz bir media qurumu olaraq bu yöndə araşdırmalarımızı aparmaqla, məhz bu gün də tam əksəriyyət üçün maraqlı və düşündürücü məqamları ortaya çıxartmağa çalışacağıq. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

GundemXeber.Az
Text-to-Speech

DİNLƏ






Şərh yaz