Axtarış...

`Azəriqaz`da rəhbər dəyişib, amma NƏ OLSUN... - KÖHNƏ HAMAM... KÖHNƏ TAS...

`Azəriqaz`da rəhbər dəyişib, amma NƏ OLSUN... - KÖHNƏ HAMAM... KÖHNƏ TAS...

“Azəriqaz”ın bir neçə il əvvəl smart sayğacları mexaniki cihazlarla əvəzləməsi ciddi problem yaratmışdı. Bir sıra abonent iddia edirdi ki, mexaniki sayğaclar daha çox sərfiyyat qeydə alır. Yəni əhali zərərə düşür. “Azəriqaz” ittihamları qəbul etmirdi. İstehsalat birliyindən bildirirdilər ki, sayğacların dövri yoxlama müddəti bitdiyinə görə dəyişdirilir. “Azəriqaz” dünya enerji bazarında baş verən prosesləri də nəzərə aldığını qeyd edirdi. Sayğaclar arasındakı qiymət fərqi də xüsusi vurğulanırdı.
Bizimyol.info xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin sektor müdiri Elməddin Quliyev ölkədə metroloji tələblərin pozulmasına dair xeyli fakt aşkarlandığını bildirib. Onun sözlərinə görə, nəzarət tədbirləri zamanı 19 min 18 cihazda nöqsanlar aşkar edilib. Bu isə ölçmə avadanlıqlarının 74,2 faizini təşkil edir.

Təsəvvür edirsiniz, ölkədə hər 4 sayğacdan 3-ü nöqsanla işləyir. Sektor müdiri 156 halda metroloji tələblərin kobud şəkildə pozulduğunu deyib. Nöqsan deyiləndə isə məhz ölçmə prosesinin doğru aparılmadığını anlamaq olar. Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz də məhz belə düşünür: “Anlaşıqlı desək, bu o deməkdir ki, “Azərişıq”ın, “Azərsu”nun, “Azəriqaz”ın sayğaclarında, Azərbaycan Dəmir Yolları, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və digər qurumlarda hansısa xidməti, sərfiyyatı, çəkini və sairəni ölçən cihazların əksəriyyətində problem varmış. Tərəzinin də problemli olması o deməkdir ki, düz çəkmirmiş”.

Abonentlərə qarşı necə böyük haqsızlıq baş verib. Amma rəqəmlər emosiyasız çatdırılır. Sanki belə də olmalıymış. Nə qədər vətəndaş sayğaca müdaxilə adı ilə cərimə olunub. Mediada bu haqda çox yazılıb. İnsanlar heç bir günahı olmadan cərimə edilirdi. Günahsız olduqlarını sübut edə də bilmirdilər.

Təəssüf ki, Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti məsələ barədə geniş danışmır. Yəni bilmək olmur ki, hansı quruma məxsus hansı ölçmə vasitələri düz ölçmür. Düz ölçməyənlərlə bağlı hansı tədbirlərin görüldüyü də açıqlanmır. Belə faktlar varsa, vətəndaşlar da kompensasiya almalıdır. Bundan da söz açılmır. Halbuki hamısı barədə geniş danışılmalıdır.

Təsadüfi deyil ki, hazırda məhkəmələrdə əhaliyə kommunal xidmət göstərən qurumlarla vətəndaşlar arasında yüzlərlə məhkəmə çəkişməsi var. Vətəndaşlar onlara artıq borc yazılması, sayğacların keyfiyyətsizliyi və s. məsələlərdən narazıdılar. Şikayətçilər arasında sıravi vətəndaşlarla yanaşı, müxtəlif müəssisələr və dövlət qurumları da var.

Bizimyol.info
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz