Son vaxtlar “Azəriqaz” İstehsalat Birliyinin həyata keçirdiyi sayğaclama əməliyyatı ilə bağlı cəmiyyətdə fərqli fikir və iddialar səslənməkdədir. İnsanların bir çoxu sayğacların yenilənməsi prosesinə normal yanaşsa da, bu prosesə “Azəriqaz” İB-nin abonentlər yönəlik tələsi kimi təqdim edənlərə də rast gəlinir. “Azəriqaz”a yönəlik ittihamların əsasında isə abonentlərin əvvəlki dönəmlərlə müqayisədə qaz sərfiyyatına daha çox vəsait ödəməsi, “normal sayğacların əsassız yerə dəyişdirilməsi” və s. kimi iddialar dayanır.
Maraqlıdır, abonentlərin qaz sərfiyyatına ötən illə müqayisədə daha çox vəsait ödəməsi həqiqətdirmi? Əgər həqiqətdirsə, bu gerçəyin arxasında hansı amillər dayanır? Doğrudanmı “Azəriqaz”İB sayğacları dəyişdirməklə abonentlərə sərfiyyatdan daha artıq pul yazan sayğaclar quraşdırır?
Abonentlərin qaz səfiyyatına daha çox vəsait ödədiyi gerçəkdir, amma...
Aparılan müşahidə və təhlillər sübut edir ki, abonentlərin ötən illərlə müqayisədə qaz sərfiyyatına görə daha çox vəsait ödədiyi həqiqətdir. Lakin bu, heç də “Azəriqaz”ın quraşdırdığı sayğaclarla bağlı deyil. Abonentlərin qaz sərfiyyatına daha çox vəsait ödəməsinin arxasında çox sadə bir səbəb – vətəndaşların daha çox qaz istehlak etməsi dayanır ki, bu da bir sıra amillərlə əlaqədardır.
Ötən dövrlə müqayisədə qaz sərfiyyatının artmasına təsir göstərən başlıca amil pandemiya ilə əlaqədar olaraq vətəndaşların evdə daha çox vaxt keçirməsi, bu səbəblə də daha çox qaz sərf etməsi ilə bağlıdır. Koronavirus təhlükəsi ilə əlaqədar olaraq məktəblərin bağlanması və tədrisin onlayn şəkildə aparılması fonunda azyaşlı uşaqlar da daxil olmaqla, məktəb yaşlı uşaqların günün tamamını evdə keçirməsi, evin daha çox və fasiləsiz isidilməsi problemini aktullaşdırdı ki, bu da daha çox qaz sərfi deməkdir.
Bundan başqa, ötən ili qışı ilə müqayisədə bu qış havaların daha soyuq keçməsi də qaz sərfinə təsir göstərən mühüm məqamlardan biridir ki, bu da nəticə etibari ilə daha çox vəsaitin ödənilməsini zəruri edir. Bir sözlə, abonentlərin ötən illə müqayisədə qaz sərfinə görə daha çox vəsait ödəməsi reallıq olsa da, bu reallıq onların daha çox qaz sərfinə yol verməsi ilə bağlıdır. Bu isə o deməkdir ki, hər hansı bir abonent qaz sərfinə görə daha az vəsait ödəmək istəyirsə, o zaman qazdan daha qənaətlə istifadə etməli, istifadə edilən qaz sərfi ilə ödənilən vəsaitin düz mütənasiblik təşkil etdiyini unutmamalıdır.
Yeni sayğaclar abonentləri niyə qorxudur?
“Azəriqaz” İB-ə yönəlik hücumların daha bir səbəbi isə adıçəkilən qurumun tətbiq etdiyi yeni sayğaclarla əlaqədardır. Halbuki, istismar müddətini başa vuran sayğacların yoxlanış məqsədi ilə açılıb götürülmnəsi və onun əvəzinə yeni sayğacların quraşdırılması İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına nəzarət Dövlət Xidmətinin qəbul etdiyi qaydalara əsasən həyata keçirilir. Daha dəqiq desək, məişət qaz ölçü qurğuları əhali abonent qrupu üçün 5 ildən bir, qeyri-əhali abonent qrupu üçün 3 ildən bir dövlət yoxlanışına açılaraq götürülür. Götürülən sayğaclar isə “Azəriqaz” İstehsalat Birliyinin Metrologiya Departamentində texniki yoxlamadan keçir. Bu yoxlanış isə Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələrinin müşahidəsi, Azərbaycan Metrologiya İnstitutunun mütəxəssislərinin nəzarəti altında həyata keçirilir ki, bu da prosesin tam şəffaf şəkildə təşkilinə imkan verir. Başqa sözlə desək, sayğacların dəyişdirilməsi prosesi əlaqədar dövlət qurumlarının müəyyən etdiyi qaydalar və üsullar vasitəsi ilə həyata keçirilir. Bundan başqa, “Azəriqaz”İB hər bir vətəndaşa sayğacların yoxlılması prosesində iştirak etməyə şərait yaradır ki, bu da şəffaflığı təmin etmək, şübhə və ya narazılıq doğura biləcək halları ortadan qaldırmağa imkan verir. Bu isə onu göstərir ki, bəzi abonentlərin yeni sayğacların tətbiqini aqressiya və şübhə ilə qarşılaması üçün heç bir əsas yoxdur. Sadəcə, sayğacların dəyişdirilməsi prosesinin artan qaz sərfi səbəbi ilə daha çox vəsaitin ödənilməsi ilə üst-üstə düşməsi yeni sayğaclara qarşı şübhəli münasibətin formalaşmasına səbəb olub. Halbuki, yuxarıda qeyd etdiyimiz kimi, qaz sərfinə görə daha çox vəsaitin ödənilməsi ilə yeni sayğaclar arasında hər hansı əlaqə yoxdur. Daha çox vəsaitin ödənilməsi daha çox qaz sərfindən irəli gələn sadə bir məntiqdir və bu məntiq dünyanın hər yerində eyni dərəcədə keçərli və dəyişilməzdir.
“Nəyi istəyirsinizsə seçin”! –Vətəndaşın ixtiyarına buraxılan seçim
“Azəriqaz”İB-nin həyata keçirdiyi sayğaclama prosesində diqqət çəkən əsas məqamlardan biri sayğac seçiminin vətəndaşın öz ixtiyarına buraxılması faktıdır. Xatırladaq ki, “Azəriqaz”İB-nin dəfələrlə bəyan etdiyi kimi, sayğacı yoxlanış üçün götürülən hər bir abonent elektron-mexaniki, yoxsa Smart-kart tipli sayğacın quraşdırılmasına özü qərar verir.
Sayğac seçiminin abonentin öhdəsinə buraxılması vətəndaş məmnunluğunun təmin edilməsinə hesablanan humanist bir addımdıər. Bu, o deməkdir ki, hər bir abonent istifadəsi onun üçün daha rahat olan sayğacı seçməklə, onda şübhə, narazılıq, problem doğuran məqamlardan xilas ola bilər. Bunu da qeyd edək ki, sayğacların dəyişdirilməsi prosesi tamamilə “Azəriqaz”İB-nin vəsaiti hesabına həyata keçirilir və abonent buna görə hər hansı ödəniş həyata keçirmir.
Sayğac seçiminin vətəndaşın öhdəsinə buraxılması gerçəyi sayğaclama prosesinin heç də bəzilərinin iddia etdiyi kimi, tələ olmadığını, əksinə, vətəndaşların özünün rahatlığı və məmnunluğuna hesablandığını göstərir.
Onu da qeyd edək ki, istismar müddətini başa vuran sayğacların yeni sayğaclarla əvəzlənməsi prosesinin daha bir çox üstünlükləri var ki, növbəti məqaləmizdə bu üstünlüklərdən də ətraflı şəkildə bəhs edəcəyik.
Seymur ƏLİYEV //moderator.az//