Məktəblərdə rus bölməsi üzrə hazırda kifayət qədər yer və pedaqoq ehtiyatı var. Bu barədə jurnalistlərə açıqlamasında Məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyinin sədri Eşqi Bağırov deyib. O bildirib ki, bu gün ölkə üzrə təhsil müəssisələrində rus bölməsi üzrə 12 min yer var. "Müraciət edənlərin sayı isə 10 minə çatıb. Ortalama bu gün üçün tələbat qarşılanır. Amma yeni tədris ilində ölkə üzrə pedaqoji kadr təyinatı, müəllim sayı imkan verərsə, ehtiyac olduqca rus bölməsi üzrə sinif sayı artırıla bilər", - deyə o əlavə edib.
Rus bölməsi üzrə “kifayət qədər yer və pedaqoq var”, anlaşılandı. Amma “ehtiyac olduqca rus bölməsi üzrə sinif sayı artırıla bilər”, heç cür anlaşılan deyil. Yəni, nə? Ölkədə rus mənşəli əhalinin, ailələrin sayımı artır? Yoxsa, rus dili sevdalılarının sayımı? Rusiyadan ölkəmizə rus mənşəli ailələrin deportasiyası, köçü, köçürülməsi olmadığından birinci mümkünsüz görünür. Məsəl var, “bayram deyil, seyran deyil” (müharibə də deyə bilərik), niyə artsın ki, rus ailələrin sayı. Qalır, ikinci ehtimal – rus dili sevdalılarının sayca artımı, bax bu, bizcə üzərində düşünülməli məsələdir; Niyə? Ölkədə qarışıq tipli ailələrin sayı da çox olmamalıdı. Ən azından 1990-cı ildən üzü bəri rus mənşəlilərlə ailə quranların sayında xeyli azalma oldu. İndi də belə hallar tək-tük yaşanır. Məsələni hansı tərəfə çəksək, yenə eyni nöqtəyə gəlirik. Deməli, rus dili sevdalıları azalmayıb. Daha doğrusu, başlarından bu sevda çıxmayıb. Valideynlər qarışıqsız azərbaycanlı olduğu halda övladın rus dili bölməsinə qoyulması üçün necə bir düşüncə tərzi, necə bir “kafa” olmalıdır, izah etmək çətindir. Bunu da deyək – rus bölməsində təhsil keyfiyyətlidir, deyənlərin arqumentlərini uzun illərdir repetitorluq fəaliyyəti ilə məşğul olan təcrübəli müəllimlər inkar edir. Bununla bağlı youtub kanalında istənilən qədər videolar yerləşdirilib. Müəllimlər izah edir mövcud durumu. Maraqlananlar baxa bilər. Azərbaycan dilli məktəblərdə yeniyetmələrin təlim-tərbiyəsi, yetişməsi baxımından hazırkı mürəkkəb dönəmdə müəllimə, böyüyə az-çox hörmət qalıb, uşaqlar nədənsə çəkinir, heç olmasa. Rus bölməsində isə... Oralara çox da müdaxilə etməyək. Bəziləri düzgün anlamayacaq, “diskriminasiya” hesab edəcəklər. Bu, ümumi yanaşmadır, sadəcə. İstisnalar, fərdiliklər həmişə olub, olacaq da. Sual budur ki, rus bölməsinin hansı özəlliyi var ki, valideyn övladını ora yönləndirir? Bir arqument də, bəzi iş yerlərində rus dili bilgisinin tələb edilməsi, vəzifələrə təyinatda rus dili bilənlərin önə çəkilməsidir. Bu arqumentin dırnaqarası durğu işarəsiylə yazılıb-yazılmayacağı da mütəxəssis rəyindən sonra məlum olacaq.
Siyasi şərhçi, Əməkdar jurnalist Azər Həsrət “Sherg.az”a açıqlamasında qeyd etdi ki, rus bölməsi ilə bağlı iddia olunan arqumentlərin heç biri əsaslı deyil:
- Birincisi, gəlin, bu məsələyə diqqət edək. Elm və təhsil naziri Emin Əmrullayev açıq mətnlə bəyan etmişdi ki, rus bölməsi üçün müəllim tapa bilmirlər. 100 vakansiya elan edirlər, cəmi 20 nəfər müraciət edir. İndi isə nazirliyin tabeliyində olan qurumun rəhbəri isə başqa söz deyir. Burada nəsə yerində deyil. İşlər tərs gedir, deyəsən. Ya nazir yalan danışır, ya da Eşqi Bağırov. Bunu aydınlaşdırsınlar. İkincisi, rus bölməsinin, ümumiyyətlə, siniflərinin artırılması, həcminin genişləndirilməsi Azərbaycanın strateji maraqlarına cavab vermir. Dövlət vəzifəsində olan şəxslər də bunu yaxşı bilməli və buna uyğun davranmalıdırlar. Hər bir məmur ağzından çıxan sözə diqqət etməlidir. Azərbaycan bəlli səbəblərdən rus bölmələrini qorumaq məcburiyyətindədir hələ. Amma bu o demək deyil ki, biz geriyə dönüb yenidən Rusiyanın qucağına atılmağa hazırlaşırıq. Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin belə bir strategiyası yoxdur. Azərbaycan müstəqil dövlətdir. Dövlət dili Azərbaycan dilidir. Və dövlət dilində təhsil pulsuzdur, hər kəs üçün icbaridir. Dövlət dilindən qeyri, başqa dillərdə təhsil niyə pulsuz olmalıdır ki? Bəli, Azərbaycan ərazisində yaşayan, bütün digər azsaylı xalqların bütün hüquqlarını tanıyır, o cümlədən də təhsil almaq hüququnu. Bu hüquq Azərbaycan Konstitusiyası ilə təsbit edilib və təmin edilir. Amma dövlət dilindən başqa, qeyri xarici dildə təhsil almaq istəyənlər, buyursun, pulunu ödəsin, təhsil alsın. Rus dili Azərbaycanda heç bir statusa malik deyil. Azərbaycan vətəndaşının ödədiyi vergilər hesabına rus siniflərinin sayını artırmaqdan kimsə danışmasın. Mənim rusların ata-babasına borcum yoxdur ki, burada mənim ödədiyim vergi ilə ruslar üçün havayı məktəb açılsın. Rusiya Azərbaycan dilinə hansı münasibəti bəsləyirsə, biz də o münasibəti bəsləyək, artığı lazım deyil. Rusiya öz ərazisində - azərbaycanlıların da kompakt yaşadığı Dağıstanda hətta Azərbaycan əlifbasının istifadəsinə icazə vermir. Bunu dəfələrlə demişəm. Dərbənddə “Dərbənd” adlı qəzet nəşr olunur. Rusiya qəzetin latın əlifbasıyla dərcinə icazə vermir. Məcbur edir kiril əlifbasıyla nəşr olunsun. Bunun qarşılığında bizim bir məmur çıxıb deyir, rus bölməsinin sayını artıra bilərik. Sən kimə xidmət edirsən, Azərbaycana, yoxsa Rusiyaya? Bu adamlar nə dediklərinin fərqinə varmır. Azərbaycan Prezidentinin strategiyası bu deyil. Ona görə də məsələnin üzərinə yenidən gedilməlidir, nazir açıqlama verməlidir. Və Azərbaycan dövlətinin siyasi kursuna zidd ifadələrə görə cavab verməlidir. Azərbaycanın heç kimin atasına borcu yoxdu ki, onun dilində burada məktəb açsın. Azərbaycanda ümumilikdə 120 min rus yaşayır. Amma orta məktəblərin, liseylərin rus bölməsində 160 minə yaxın uşaq təhsil alır. Rusların ümumi sayından çoxdur bu rəqəm. 120 min rus ailəsinin 20 min rus balası olar. O zaman bu 140 min şagird kimdir və dövlət niyə onları pulsuz təhsillə təmin etməlidir? Rusiya Azərbaycanın dövlət dilini küncə sıxışdırdığı halda biz niyə rus dilinə bu qədər könül veririk? Məmur deyir, zərurət olsa yeni siniflər açıla bilər. Xeyr, bazar deyil bura. Heç kim bu cür yanaşa bilməz bu məsələlərə.
A.Həsrət işə qəbul zamanı rus dili bilgisi tələbinin qoyulması arqumentini də izah etdi:
- Hansı işlərdir onlar? Mən deyim, hansı işlərdir və hansı rəhbər işçilərdir. Onlar “rus baş” rəhbərlərdir. Özləri zamanında rus dilində təhsil alıb, indi də ətraflarına rusdilliləri yığmağa çalışırlar. Elə bilməyin, bu, rus dilinə hörmətdən, ya, rus dilinə tələbatdan irəli gəlir. Belə adamlar sadəcə, Azərbaycan dilini, dövlət dilini bilmədiklərini ört-basdır etməyə çalışırlar. Rus dilinə dünyada tələbat yoxdur. Ötən əsrin ortaları deyil. Bütün dünyada tələbat olan dillər ingilis, alman, ispan, çin, yapon və sair dillərdir. Xarici dil öyrənmək üçün 6 ay vaxt lazımdır. Rus dilini bilmək üçün də rus sektorunda təhsil almaq vacib deyil. Mən özüm rus dilini gözəl bilirəm. Amma Azərbaycan dilində təhsil almışam. İngilis dilini də bilirəm, almanca da öyrənmişəm. Xarici dil blmək üstünlükdürsə, məni niyə işə dəvət etmirlər? Ali təhsilim də var. Bilirsiz, bunlar hamısı bəhanədir. Əsassız arqumentlərdir. Sadəcə, qafası rusca çalışanların ortaya atdıqları əsassız iddialardır. Bununla başqalarını da yanlış istiqamətə yönləndirirlər. Ölkəmizdə hazırda ən fəal ictimai təşkilat “Rus evi”dir. Tədbir keçirirlər, orada iştirak edən, deyək ki, 50 nəfərdən 10-u rus, qalanları azərbaycanlılar olur. Bu, Rusiyanın mədəni istilasının davamıdır. Məqsədli şəkildə davam etdirilir. Və təəssüf ki, bizim bəzi məmurlar da bu siyasətə, bilərəkdən, ya bilməzdən xidmət etmiş olurlar.