Axtarış...

Masallı sakinini lətifədəki ÇUKÇA YERİNƏ QOYDULAR - “20 Yanvar”dakı binanı göstərib, “şərikəm” dedi...


Masallı rayonu, Füzuli küçəsi 60-da yaşayan Bilalov Üzeyir Abı oğlu “Hürriyyət”in redaksiyasına müraciət edib. Şikayətçi oğlu Bilalov Ədalət Üzeyir oğlunun dələduzluqla üzləşdiyini və özünün zərərçəkən olmasına rəğmən, qanunsuz olaraq 4 il müddətinə həbs olunduğunu bildirir.

Onun sözlərinə görə, Ədalət Bilalov 2014-cü ilin fevral ayında Masallı şəhərində yerləşən “Xan" telekom adlı telefon mağazasında satıcı olaraq çalışıb. Onu mağazanın sahibi kimi tanıdığı Nadirov Azər Abı oğlu işə götürüb. Bir müddət mağazada çalışan Ə.Bilalov günlərin birində müdiri ilə söhbət zamanı ali təhsil almaq istədiyini deyib. Bildirib ki, bu məqsədlə Bakda ev almağı və burada yaşamağ düşünür: “Həmin vaxt Azər Nadirov oğluma bildirib ki, guya, Bakıda tikinti şirkətlərindən birinə şərikdir və hazırda “20 Yanvar” metrostansiyasının yanında bina tikdirir. O, həmin binadan oğluma münasib qiymətə mənzil verə biləcəyini deyib. Əlavə edib ki, mənzilin qiymətini də hissə-hissə ödəyə bilər”.

Şikayətçinin dediyinə əsasən, bu təklif sərfəli olduğundan, oğlu evdə Azər Nadirovun “şərikli tikdirdiyi binadan” mənzil almaq istədiyini bildirib. Nəticədə, ailədə belə qərara gəlinib ki, pulunu hissə-hissə ödəmək imkanından yararlanmaqla, həmin binadan mənzil alınsın: “Bir neçə vaxtdan sonra oğlum Ədalət Azərlə birlikdə mağazaya telefon avadanlıqları və ehtiyat hissələri almaq üçün Bakı şəhərinə gediblər. Azər Nadirov “20 Yanvar” metrosunun aşağı tərəfindəki - şəhər istiqamətindəki binanı ona göstərərək, həmin binadan 3 otaqlı mənzil verəcəyini deyib. Onu da vurğulayıb ki, tikinti gedən zaman pul ödəsə, mənzil bir qədər də aşağı qiymətə başa gələcək. Çünki bina hazır olandan sonra mənzilin qiyməti bahalaşır”.

Üzeyir Bilalov bildirir ki, oğlu Ədalət Azərla birgə işlədiyi üçün ona inanıb, tikinti yerinə baş çəkməyə ehtiyac görməyib. Bundan sonra, 14 aprel 2015-ci ildə 18 min manat düzəldiblər və oğlu həmin pulu ilkin ödəniş kimi aparıb Azərə vermək istəyib. Lakin o, pulu nəğd şəkildə qəbul etməyib, özünü “işgüzar adam” kimi göstərmək və qarşı tərəfi inandırmaq üçün həmin vəsaiti bank hesabına köçürməsini istəyib. Beləliklə, Ədalət “Əmrah Bank”ın Masallı filialına gedərək, Azərin verdiyi hesaba 18 min manat ödəniş edib. Daha sonra həmin pulun bank çekini gətirib Azərə göstərib və qarşı tərəf buna ehtiyac olmadığını, ona inandığını bildirib. Müdirin bu cavabından sonra Ədalət çeki mağazadakı stolun siyirməsinə qoyub. 08 iyun, 2015-ci ildə isə yenidən 12 min manat vəsaiti Azərin hesabına köçürüb.

Beləliklə, oğlu ev almaq üçün Azər Nadirovun hesabına 30 min manat ödəniş edəndən sonra, Üzeyir Bilalov 2015-ci ilin iyun ayının 12-14 tarixlərində Bakı şəhərində olarkən, Azərin göstərdiyi binaya baş çəkib: “Orada tikinti işinə rəhbərlik edən şəxslərlə söhbət etdim. Onlar Azər Nadirov adlı adamı tanımadıqlarını və belə bir şəxsin sözügedən tikintiyə heç bir aidiyyətinin olmadığını söylədilər. Bu zaman Azərin oğlumun etibarından sui-istifadə edərək, onu aldatdığı mənə aydın oldu”.

Şikayətçi deyir ki, Masallıya qayıtdıqda baş verənləri oğluna danışıb və Azərin onları aldatdığını bildirib. Bundan sonra Ədalət mağazaya gedərək, Azərdən 30 min manatı qaytarmasını tələb edib: “Həmin vaxt Azər Nadirov oğluma “səni şərləyib tutduracağam” deyib. Bu mübahisə əlbəyaxa davaya qədər gəlib çıxıb. Nəticədə, Azər atasının obyektlərində qeyri-rəsmi işlətdiyi əlaltılarından “şahid” kimi istifadə edərək, oğlumu şərləyərək, haqsız yerə həbs etdirdi. Bu hadisədən sonra bizə aydın oldu ki, Azər peşəkar dələduzdur, hətta CM-nin 178.3 maddəsi ilə məhkumluğu da olub”.

Üzeyir Bilalov onu da vurğuladı ki, A.Nadirovun bank hesabına ödənilən 30 min manatın qəbzlərini digər sənədlərlə birgə istintaqa təqdim etsələr də, sonrada həmin qəbzlər sənədlərin arasından “yoxa çıxıb”: “Daha sonra vəkil “Əmrah Bank”a müraciət edərək, qəbzlərin surətini istəyib. Bank rəhbərliyi isə bildirib ki, “qanunun 41-ci maddəsinə əsasən şəxsi hesabın məlumatını verə bilmərik”. Adını çəkdiyim şəxs peşəkar cinayətkar olduğu üçün həm bankla, həm də hüquq mühafizə orqanı ilə birgə çalışıb”.

Ü.Bilalov deyir ki, dediklərini sübut etmək üçün əlində çoxsaylı faktlar var: “Oğlum bu adamın şər-böhtanı ucbatından nahaqdan 4 il həbs cəzası çəkdi. Nəhayət, illər sonra çox çətinliklə qəbzlərin surətini "Əmrah Bank”dan aldım və məhkəməyə təqdim etdim. Bundan sonra oğlumu həbsdən azad etdirə bildim. İndi də oğlum Azər Nadirovdan pulunu istəyəndə, ona bildirir ki, “mənim hər yerdə əlim var, səni yenə də şərlətdirib tutduraram”. Deyir ki, cibinə, həyətinə narkotik atdıracam, qadın tapıb səndan şikayət yazdırıb tutduracağam və s. Oğlum həbsdə olarkən, Azər o sözləri mənə də deyib. O, cəmiyyət üçün təhlükəli bir insandır”.

Şikayətçi rəsmi qurumlardan xahiş edir ki, ona dəyən zərərin qaytarılmasına köməklik göstərsinlər: “Bu yazını oxuyan səlahiyyətli şəxslərdən xahiş edirəm ki, mənə dəymiş ziyanın ödənilməsinə köməklik göstərə, Azər Nadirovu isə CM-nin müvafiq maddəsi ilə cəzalandırasınız”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz