Qəbələ Rayon Məhkəməsində Qəbələ Rayon Mərkəzi Xəstəxanasının həkim anestezioloq-reanimatoloqu Vahid Babayevə hökm oxunub.
“Qafqazinfo” xəbər verir ki, V.Babayev İsmayıllı sakini, 1990-cı il təvəllüdlü Murad Süleymanlının əməliyyat vaxtı ölməsinə görə təqsirli bilinib.
Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq - ölümlə nəticələndikdə) maddəsi ilə təqsirləndirilən həkim məhkəmədə bildirib ki, hadisənin baş verdiyi gün rəsmi iş günü olmayıb. O, əməliyyatda anestezioloq kimi Telman və Azər adlı həkimlərin iştirak etdiyini, daha sonra ondan kömək istənildiyini deyib. Həkim yoldaşlarına kömək etmək məqsədilə əməliyyat otağına daxil olan 69 yaşlı Vahid Babayev kritik durumda olan xəstəyə kömək üçün ona əlavə narkoz verdiyini, həyatda qalması üçün əlindən gələni etdiyini bildirib.
Murad Süleymanlının qardaşı Orxan Süleymanlı isə qardaşının ölümünə Telman və Azər adlı anestezioloqlarla yanaşı, onu əməliyyata götürən Elşad adlı cərrahın da səbəb olduğunu deyib. O, Vahid Babayevin yaşı ilə əlaqədar önə verildiyini, əsl günahkarın digər həkimlər olduğunu iddia edib: “Qardaşım vəfatından bir gün əvvəl Elşad həkimin qəbulunda olub, qasıq yırtığı və ödündə olan daşla əlaqədar əməliyyat olunmaq istədiyini bildirib. Bununla bağlı analizlər verib. 13 yanvar 2023-cü il tarixində saat 16:00-a qədər Qəbələ rayonunda olub. Sonra Elşad doktor onu çağıraraq bir gün sonra, yanvarın 14-ü əməliyyat olunacağını bildirib. Səhəri gün qardaşım anam və atamla birgə xəstəxanaya gedib. Həkim dərhal qardaşımı əməliyyat otağına göndərib. Elşad həkim əməliyyat zamanı orada olmayıb. Yalandan yazıblar ki, guya əməliyyat vaxtı orada olub. Guya qardaşımın ölümünə səbəb kimi onun kök olması və boynunun daralması göstərilib, lakin elə bir hal olmayıb.
Fotoda: Murad Süleymanlı
Bir müddət sonra Elşad həkim valideynlərimi çağıraraq qardaşımın ölümü barədə xəbər verib. Yalnız Vahid həkimin təqsirkar kimi göstərilməsindən narazıyıq. Necə olur ki, Telman həkim narkoz vuran kimi səhhəti pisləşib və əməliyyatı tərk edib? Dəhlizdə olan kameraların çəkdikləri də üzə çıxmayıb. Biz Elşad həkimdən şikayətçiyik. Atam əməliyyatdan əvvəl Elşad həkimdən əməliyyatın necə keçəcəyini soruşub, o da çox asan olacağını bildirsə də, 1 saatdan sonra ölüm xəbərini verib. Vahid doktorun yaşı çoxdur deyə onu təqsirli biliblər. Əməliyyatda iştirak edən həkimlərin işdən çıxarılmasını, qardaşımın ölümünə səbəb olanların hamısının cəzalandırılmasını tələb edirik”.
Şahid kimi ifadə verən cərrah Elşad Salihovun Murad Süleymanlının ölümündən sonra Qəbələdə xəstəxanadakı işini tərk etməsi və Bakıda cərrah kimi çalışması məlum olub. O, ifadəsində bildirib ki, həmin əməliyyat otağına daha daxil ola bilmədiyi üçün Qəbələdəki iş yerini tərk edib. Bundan başqa, əməliyyat zamanı Elşad Salihovun Rusiyada həkim kimi çalışan oğlunun da əməliyyat otağında olması məlum olub.
Qəbələ Rayon Məhkəməsi Murad Süleymanlının ölümünə görə həkim anestezioloq Vahid Babayevi təqsirli bilərək ona 3 il azadlıqdan məhrumetmə cəzası verib. Həkimin cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcəyi qeyd edilib.
Xatırladaq ki, ailəli olan Murad Süleymanlının 2 uşağı var. O, biznes fəaliyyəti ilə məşğul olurmuş. Bir müddət öncə sözügedən hadisə ilə bağlı Orxan Süleymanlı "Qafqazinfo"ya müraciət etmişdi.(“Qafqazinfo”)