Qlobal miqyasda miqrasiya prosesinin siyasiləşdirilməsi və bu sahədə yayılan yanlış informasiyalar miqrantlara münasibətdə mənfi tendensiya doğurur.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, bu fikirləri Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) baş direktoru Emi Pop söyləyib.
BMqT-nin mayın 7-də dərc olunan yeni hesabatında bildirib ki, xaricdəki miqrantların evlərinə göndərdiyi pullar inkişaf etməkdə olan ölkələrin ümumi daxili məhsulunu (ÜDM) artırmaq üçün birbaşa xarici investisiyaları üstələyib.
“Ümumdünya Miqrasiya Hesabatı 2024” adlı sənəddə qlobal miqrasiya modellərində əhəmiyyətli dəyişikliklər, o cümlədən münaqişə, zorakılıq, təbii və digər fəlakətlər səbəbindən rekord sayda insanın məcburi köç etməsi məsələləri yer alıb. Hesabatın Banqladeşin Dəkkə şəhərində keçirilən təqdimat mərasimində çıxış edən BMqT-nin baş direktoru Emi Pop bildirib ki, bu sənəd sübutlara əsaslanan məlumatlar və təhlillər vasitəsilə insanların köçünün mürəkkəbliyini aydınlaşdırmaq məqsədini daşıyır.
Hesabatda diqqətə çatdırılıb ki, 2000-ci ildən 2022-ci ilə qədər beynəlxalq pul köçürmələri 650 faizdən çox artıb və 128 milyard dollardan 831 milyard dollara çatıb. Bu fakt göstərir ki, beynəlxalq miqrasiya insan inkişafının və iqtisadi artımın lokomotivi olaraq qalır. COVID-19 pandemiyası səbəbindən pul köçürmələrinin əhəmiyyətli dərəcədə azalacağı ilə bağlı proqnozlara baxmayaraq, postpandemiya dövründə artım davam edib. Bu vəsaitlərin böyük hissəsi, yəni 647 milyard ABŞ dolları aşağı və orta gəlirli ölkələrə göndərilib ki, bu da onların ÜDM-sinin əhəmiyyətli hissəsini, yəni bütün mal və xidmətlərin satışından əldə edilən pul məbləğini təşkil edir.
Hesabatda davam edən problemlər də açıqlanır. İnsanların əksəriyyəti doğulduğu ölkədə yaşamağa davam etsə də, dünya üzrə təqribən 281 milyon insan beynəlxalq miqrant sayılır. Bu, dünya əhalisinin təxminən 3,6 faizi deməkdir. Həmin insanların 117 milyon nəfəri məcburi köçkündür ki, bu da bəşər tarixində ən yüksək səviyyədir.
BMqT bildirib ki, miqrasiya bəşər tarixinin ayrılmaz hissəsidir, lakin o, çox vaxt sensasiyalı hekayələr və yerdəki reallığı aldadıcı kontekstdə təqdim edən informasiyalarla kölgədə qalır. “Miqrasiyaların çoxu müntəzəm, təhlükəsiz və regional mərkəzə yönəlib və bilavasitə maddi imkanlar və dolanışıq vasitələri ilə bağlıdır. Bununla belə, dezinformasiya və prosesin siyasiləşdirilməsi ictimai diskursu ağırlaşdırır. Real vəziyyət miqrasiya dinamikasının aydın və dəqiq təsvirini tələb edir”, -deyə BMqT vurğulayıb.