Axtarış...

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

Müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli Cavanşir Feyziyevin Gürcüstandakı biznesi ilə bağlı faktları açıqlayıb. Sadəcə bizədə maraqlı gələn odur ki, bu gün Prezidentin işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işləri apardığı bir zamanda ona dəstək olmaqdansa xaricdə belə çox milyonluq tikinti işləri aparmaq nəyin göztəricisidir?

Müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənlinın araşdırmasını təqdim edirik:
Deputat Cavanşir Feyziyevin Tiflisdə tikdirdiyi binalar
1. Tiflis, Niko Keçoveli küçəsi 16 “Horizon Gldani” yaşayış kompleksi (2020-ci ildə tamamlanıb);
2. Tiflis, Abai küçəsi 5 “Horizon Temka” yaşayış kompleksi, (2021-ci ildə tamamlanıb);
3. Tiflis, Graf Şulenberq küçəsi “Horizon Gldani-2” yaşayış kompleksi (2019-cu ildə tamamlanıb).
Binaların tikintisi Feyziyevlər ailəsinə məxsus NEW HORIZON LTD şirkəti tərəfindən aparılıb. Şirkət 2015-ci ildə Tiflisdə qeydiyyatdan keçib. Təsisçiləri Cavanşir Feyziyevin qardaşı oğlu Elman Cavanşir və yaxın qohumu Rüstəm Cavanşirdir.
Gürcüstanda Feyziyevlər ailəsinə məxsus digər şirkət RIMO GROUP LTD 2018-ci ildə Elman Cavanşirin təsisçiliyi ilə qeydiyyata alınıb. Bu ilin fevralında əmlak şirkətinin səhmlərinin 50 faizi Feyziyevin qohumu Rüstəm Cavanşirin və Şahnazar Hacıyevin adına rəsmiləşdirilib. Şirkətin direktorluğu da Şahnazar Hacıyevə tapşırılıb.

Məlum olduğu kimi Böyük Britaniya məhkəməsi Londonda Azərbaycan Milli Məclisinin üzvü Cavanşir Feyziyev və həyat yoldaşına məxsus $50 milyon dollar dəyərindəki mülkə həbs qoyulması ilə bağlı qərarı qüvvədə saxlayıb. Bu barədə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Hesabatı Layihəsi (OCCRP) məlumat verib. Müvafiq mülkiyyət sənədləri ilə tanış olan OCCRP Feyziyev ailəsinə məxsus mülklərə 2023-cü ilin iyun ayında Britaniyanın Milli Cinayət Agentliyinin (National Crime Agency – NCA) müraciəti əsasında həbs qoyulduğunu aşkarlayıb. NCA Feyziyev və həyat yoldaşının dondurulmuş mülkləri çirkli pulların yuyulması yolu ilə əldə etdiyinə dair ciddi dəlillərin olduğunu, əməliyyatların daha əvvəl çirkli pulların yuyulmasında iştirak etdiyi aşkar edilən şirkətlərin vasitəsilə həyata keçirildiyini iddia edir.
Feyziyev ailəsinin vəkili həbs qərarının ləğv edilməsi üçün vəsatət təqdim edib. Bunu Amerikanın Səsinə Cavanşir Feyziyevin köməkçisi təsdiq edib. Fevral 22-də baş tutan məhkəmə dinləməsində Feyziyev ailəsinin vəkili Milli Cinayət Agentliyinin zəruri prosedurlara əməl etmədiyini və mülklərin qanunsuz yolla əldə edildiyini mübahisələndirmək üçün əsaslı dəlillərin olmadığını iddia edib.
Məhkəmə martın 8-də vəsatəti rədd edib. Britaniyanın Transparency International təşkilatı qərarı alqışlayıb və indi Milli Cinayət Agentliyinin daşınmaz əmlakın “cinayət yolu ilə əldə edilmiş gəlirlər”lə əldə edildiyini sübut etmək imkanı olduğunu vurğulayıb. “Azərbaycan kimi dövlətlərdə vətəndaş cəmiyyətinə və müstəqil mediaya qarşı təzyiqləri nəzərə alsaq, Böyük Britaniyaya daxil olan cinayət və korrupsiyadan əldə olunan hər hansı şübhəli gəlirlərin mümkün qədər təqib edilməsi çox vacibdir. Hökumət hüquq-mühafizə orqanlarını iqtisadi cinayətlərin düzgün araşdırılması üçün lazım olan resurslarla təmin etməli və Birləşmiş Krallığın çirkli pulların sığınacağı roluna son qoymalıdır”, Transparency International nümayəndəsi Stiv Qudriç deyib.
Böyük Britaniyanın Milli Cinayət Agentliyi bundan əvvəl Cavanşir Feyziyevin ailə üzvlərinin hesablarındakı 20 milyon dollardan artıq məbləği “Azərbaycan landromatı” kimi tanınan beynəlxalq çirkli pulların yuyulması mexanizmi ilə qanunsuz əldə edildiyini iddia edərək dondurmuşdu. 2022-ci ilin yanvarında “Westminster Magistrates” məhkəməsi pulların qanuni biznes əməliyyatlarından əldə edildiyini göstərən sənədlərin “tamamilə uydurma olduğunu və hesabları təşkil edən şəxslərin çirkli pulların yuyulması fəaliyyətlərini ört-basdır etmək üçün hazırlandığını” göstərən sübutlara istinad edərək dondurulmuş məbləğin 7 milyondan dollardan artıq bir hissəsinin müsadirə edilməsinə qərar verib.
OCCRP-nin 2017-ci ildə dərc edilən “Azərbaycan landromatı” araşdırma yazılarında Cavanşir Feyziyevə məxsus olduğu iddia edilən iki şirkətə çirkli pulların yuyulması mexanizmi ilə 138 milyon dollar vəsait daxil olduğu qeyd edilir. 2023-cü ildə Azərbaycan Prezidenti tərəfindən “Şöhrət” ordeni ilə mükafatlandırılan Cavanşir Feyziyev bugünədək verdiyi açıqlamalarda hər hansı çirkli pulların yuyulması və ya başqa qanunsuz əməllərlə əlaqəsi olduğunu qəti şəkildə inkar edib. Məhkəmə prosesi davam etdikcə, bu iş maliyyə cinayətlərinə qarşı mübarizədə və qlobal maliyyə sistemlərinin bütövlüyünün qorunmasında beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayır.
Ölkədə dərman bazarında hökmranlıq edən “Avromed”in bazarı inhisara alması səbəbindən bu gün Azərbaycanda dərmanların qiyməti nəinki Avropa ölkələri, eləcə də qonşu ölkələrlə müqayisədə xeyli bahadır. “Avromed”ə rəhbərlik edən deputat Cavanşir Feyziyevdir, apteklərə mal paylayan yenə həmin şirkətdir, bahalığın, inhisarın baiskarı da onlardır, prezidentin tənqidlərini qulaqardı edən də biznesmen-deputatdır. Məlumat üçün cumhuriyyet.az olaraq bildirək ki, b həmin deputatdır ki, “Quska” ləqəbli keçmiş deputat, həbsdə olan Hüseyn Abdullayevdən 10 milyonluq obyekt alması, müğənni Gülyazın adına rəsmiləşdirməsi ilə gündəmə gəlmişdi. 2014-cü ildə Hüseyn Abdullayevin mərhum atasının adına olan və Üzeyir Hacıbəyov küçəsində yerləşən 786 kvadratmetr qeyri-yaşayış sahəsini millət vəkili Cavanşir Feyziyev öz oğluna alıb. Cavanşir Feyziyevin ondan az əvvəl də ölümlə nəticələnən qəzada adı keçmişdi. “Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında deputat Cavanşir Feyziyev olubmuş.
Cavanşir Feyziyev 2002-ci ildən “Tour İnvest” şirkətinin təsisçisidir. Bu şirkətin Şəkidə yerləşən dördulduz ”Şəki Saray Hotel”in direktoru Rüstəm Bəşir oğlu Cavanşirdir. Deyilənə görə, deputat Cavanşir Feyziyevin əmisi oğludur. Rüstəm Bakıdakı “Novo Trade” Qapalı Səhmdar Cəmiyyətinin, Şəkidəki “Asel Aqro Park” şirkətinin də direktorudur. Bu aqropark 2020-ci ildə yaradılıb. Şəki şəhərində, Olimpiya Kompleksinin arxasında ucsuz-bucaqsz qoz bağları salıb. Əlavə olaraq cumhuriyyet.az bildirir ki, Cavanşir Feyziyevin digər əmisi oğlu Elman Cavanşir Sumqayıtda 2018-ci ildə istifadəyə verilən, sərmayəsi 78 milyon manat olan “Tabaterra” şirkəti¬nin siqaret zavodunun direktorudur. Sumqayıt Kimya Sə¬naye Parkının rezid¬enti olaraq fəaliyyətə başlayan müəssisədə 8 ədəd istehsal xətti fəaliyyət gös¬tərir ki, bunların illik istehsal həcmi 14 milyard ədəd siqa¬ret təşkil edir. Ha¬zırda müəssisədə həm “Tabaterra” şirkətinə məxsus brendlər, həm də dünyanın ən böyük istehsalçıları olan “British Am¬erican Tobacco”, “Ja¬pan Tobacco İnternat¬ional” və “İmperial Tobacco” kimi şirkə¬tlərə məxsus beynəlx¬alq brendlər istehsal olunur.
Elman Cavanşir 2021-ci ildə “Azərtütün” Açıq Səhmdar Cəmiyyəti özəlləşdirməyə çıxarıldığı zaman “Tabaterra Leaf” Qapalı Səhmdar Cəmiyyəti təsis edir. Nizamnamə kapitalı 5 min manat, qanuni təmsilçisi isə Elman Bəşir oğlu Cavanşir, Sumqayıt şəhəri, Sülh küçəsi, 18 ünvanında – “Xovlu İpək Fabriki”nin ərazisində qeydiyyatdan keçən şirkət Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən “Azərtütün” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 85 faizini alıb. Xatırladaq ki, Elman Cavanşir in də adı Böyük Britaniyada çirkli pulların yuyulması qalmaqalında hallandırılmışdı. “The Evening Standard” qəzeti yazmışdı ki, Böyük Britaniyanın Milli Kriminal Agentliyinin tələbi ilə bank hesabları dondurulan Feyziyev ailəsi üzvlərindən biri də Elman Cavanşirdir, onun bank hesabında 1 milyon funt sterlinqdən bir az çox vəsait aşkar edilmişdi.(Yenixeber.org)

Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz