Axtarış...

Buralarda kimi sözü keçərlidir... bilinmir, amma... - İTTİHAM VAR...

Buralarda kimi sözü keçərlidir... bilinmir, amma... - İTTİHAM VAR...

Gəncə Şəhər Birləşmiş Xəstəxanasını kim idarə edir, direktor, yoxsa “otdelkadr?” Ümumiyyətlə, 80-ci illərdən kadr məsələləri ilə məşğul olan Məlahət Bayramova, bir çox baş həkimləri yola salsa da, o, indiyə kimi öz postunda möhkəm qərarlanmağı bacarıb.

Mərhum İsa həkimdən bu günə qədər, ələlxüsus Nazim Əhmədovla, daha sonra İlkin İsmayılovla dil tapıb işləmək məharət tələb edir. Baş verənlərə diqqət yetirdikdə görürsən ki, baş həkimlər dəyişsə də, kadr məsələləri ilə bağlı yanaşma dəyişmir. 2023- cü ildə Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində bəlli oldu ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasında vəziyyət o qədər də ürəkaçan olmayıb.... Çünki, 2023-cü ilin iş planına əsasən, Hesablama Palatasının bu Xəstəxanada həyata keçirdiyi audit yoxlamaları nəticəsində çoxsaylı nöqsanlar aşkar olunur. Hətta, Hesablama Palatasının verdiyi rəyi oxuduqdan sonra ortaya düşündürücü suallar da çıxır. Görəsən bir çox səhiyyə müəssisələrində, o cümlədən Abbas Səhhət adına xəstəxanada necə olur ki, baş həkim İlkin İsmayılov 2023-cü ildən Gəncə Şəhər Birləşmiş Xəstəxası publik hüquqi şəxsin direktor vəzifəsinə təyinat almağı bacarır? Məlumat üçün qısa şəhr verək, 02 fevral 2024-cü ildə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsin tabeliyində olan Gəncə Şəhər Birləşmiş Xəstəxanası publik hüquqi şəxs direktor vəzifəsinə təyinat olur. Sözügedən vəzifə isə, həmin vaxta qədər Abbas Səhhət adına xəstəxanaya az öncə baş həkim təyin olunan İsmayılov İlkin Yusub oğluna həvalə olunur.

Bəs bu gənc həkim kimdir? İlkin İsmayılovun bioqrafiyasına nəzər salaq. Bu şəxs 22 oktyabr 1985-ci ildə Bakı şəhərində anadan olub. 2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetində (Müalicə işi) təhsil alır və həmin Universitetin Onkologiya kafedrasında internatura keçərək, 2009-cu ildə Türkiyənin Qazi Universitetinin Ümumi Cərrahiyyə fakültəsində təhsilini davam etdirir. Bu Universitetdə Uzmanlıq elmi dərəcəsini alan İlkin İsmayılov, 2016-cı ildə Gəncə Beynəlxalq Xəstəxanasında ümumi cərrah, baş həkim, daha sonra baş direktor vəzifəsində çalışır. (Gəncə Beynəlxalq Xəstəxanası özəl klinikadır, çatdırılan məlumatlara görə bu xəstəxananın sahibi sabiq vergilər naziri, mərhum Fazil Məmmədovdur.) 2017-ci ildə Tibb üzrə fəlsəfə doktoru adını alır. Hal- hazırda Tibb Universitetinin Birinci Cərrahiyyə Xəstəliklər kafedrasının doktorantıdır. İlkin İsmayılov, 2021- ci ildən Gəncə Şəhər Birləşmiş Xəstəxanası publik hüquqi şəxsi direktorun müavini - Abbas Səhhət adına xəstəxananın rəhbəri olaraq fəaliyyət göstərir. Obyektivlik olsun deyə, cərrah işlədiyi müddətdə işinin peşəkarı olaraq cəmiyyətdə ad çıxarmağı bacarır və bunu heç zaman unutmaq olmaz. Bəli, artıq deyəsən problemin ən ilginc nöqtəsinə çata bildik. Xatırlatmaq üçün deyə bilərik ki, elə Abbas Səhhət adına xəstəxanadan kadrlar şöbəsinin müdiri Məlahət Bayramova ilə birlikdə çalışır. Bir məqama xüsusi diqqət edək, Məlahət Bayramova uzun illərdir ki, yəni 1980-ci ililərdən indiyə kimi kadr məsələləri ilə məşğuldur və xəstəxanada çalışanların çoxu, ələlxüsus yaxın qohum-əqrabası, qonşuları, tanışları və s. onun sayəsində iş tapa biliblər. Əgər dərindən düşünsək o halda belə bir qənaətə gəlmək olar ki, burada nə var ki?

Yəni, adətən indiki reallıqda çömçə kimin əlində olursa, yeməyin yağlı yerindən pay da həmin çömçə tutanın sülaləsinə çəkilir. Unutmaq olmaz ki, dövlət xəstəxanası olan bu səhiyyə müəssisəsində uzun illərdir ki, baş həkimlərdən biri digərini əvəz etsə də “otdelkadr”postu dəyişməz qalır, xəstəxana bu formada idarə olunur. Bunun səbəbi baş həkimdə deyil, onu bu posta dəstəkləyəndə axtarsaq, yaxud da aidiyyəti qurumlar, o cümlədən Hesablama Palatası xəstəxananı daha diqqətlə yoxlasaydı, yəqin ki, uzun illər ərzində yaşanan problemlər ortaya çıxardı. Deməyi özümüzə borc bilirik. Özünün dediyinə görə M. Bayramovanın arxasında duran qüvvənin korrupsiyaya qarşı qəti münasibət bildirənlərdən sayılan biri olsa da, hansı ki, bu da sözdə belədir, necə olur ki, simsarının əməllərindənmi xəbərsizdir? Deməzdim. Bütün dövlət qurumlarından onu hifz etməyi hələlik bacaran məmurun gözündəki eynək əcaba (rozovıy) cəhrayımı rəngdədir ? Yəqin ki, əks təqdirdə bu qədərləri görə bilmək o qədər də çətin deyil. İki nəfərdən artıq şəxsin bildiyi sirr artıq sirr deyil. Görünür onun ətəkləri də (yəni söhbət sponsordan, himayədardan gedir-müəllif) korrupsiya çamuruna artıq çoxdan batıb və yaxud da HAQQI unudub. Nə isə... uzun illər ərzində Abbas Səhhət adına Xəstəxananın kadr məsələləri ilə məşğul olan (vəzifəsi kadrlar şöbəsinin rəisi) Məlahət Bayramovanın Adil və İsmayıl adında iki oğul övladı var. Oğlanlarından biri bu Xəstəxanada texnik, digəri isə mülki müdafiə üzrə mütəxəssis kimi çalışır. Hərçəndi onların işə gəlişi belə bayramda şəkərbura, paxlamanı görmək kimi bir şeydi. Oğlunun həyat yoldaşlarından biri ümumi şöbədə katibə işləsə də, digəri Birləşmiş Xəstəxanada kadrlar şöbəsində mütəxəssisdir.

Məlahət Bayramova haqqında çoxsaylı şikayətlərin ardı, arası kəsilməsə də ,nə o,nə də rəhbərlik barəsində olan şikayətlərə əhəmiyyət vermir və özündən sonra, bugünkü vəzifəsinə gəlini Gülnarəni hazırlamaqla məşğul olur. Yəni, bu xanım kadr artıq səhiyyə idarəsini özünün deməyək, himayədarının özünküləşdirməsindən tam əmindir. (Bizsə deyil.) Haşiyə çıxaraq bildirim ki, ölkədə özəl xəstəxalar mövcud olduğundan hamımız məlumatlıyıq, amma səhiyyə idarəsinin özəlləşməsini ilk dəfədir görürük. Belə də ki, media nümayəndələrinin işi görmək, bilmək, məlumatlandırmaqdır. Qalanı Dövlətin işidir. Qayıdaq siyahımıza, siyahıda onun qardaşı qızları, yəni Əliyeva Samirə Aydın qızı və Tağıyeva Həyat Aydın qızının da adı var ki, bu iki xanım da bibiləri Məlahət Bayramovanın sayəsində iş başındadırlar. Məlahət xanım təkcə özünü deyil, həyat yoldaşının qohumlarını da ayrı seçkilik etmədən işlə təmin edə bilib. Məsələn, Aygün Qafarova - bu “otdelkadr”ın qaynı Sərxanın qızıdır və o, sığortanın təşkili və innovasiya şöbəsinin şöbə müdirinin müavini vəzifəsini daşıyır. Bundan əlavə, qaynı Sərxanın oğlu Samir İbrahimov hemodializə şöbəsində texnik vəzifəsində, baldızının oğlu Həsənov Vasif Yusif oğlu isə, xəstəxananın informasiya texnologiyaları şöbəsində çalışır. Bu xəstəxana dövlətdən maliyyələşən səhiyyə müəssisəsi olsa da, burada çalışan işçilərin demək olar ki, yarısından çoxu Məlahət Bayramovanın “bığının altından keçməklə” işlə təmin olunublar. Bəli, uzun illərdir ki, bu xəstəxana “otdelkadr” tərəfindən qoyulan şərtlər daxilində fəaliyyət göstərir desək, heç də yanılmarıq. Yada gələn baş həkimlər gərək Məlahət xanımın uşaqlıq dostları, sinif yoldaşları, yada ki, qohumları ola ki, ona bu qədər artıqlaması ilə səlahiyyət verilib? Redaksiyamıza daxil olan məlumatlarda vurğulanır ki, Məlahət xanımın həyat yoldaşı Faxrəddin İsmayıl oğlu İbrahimov I qrup əlil olduğu halda, o, avtomobil idarə edir. Bu faktın doğru olub-olmadığını aydınlıq gətirmək üçün, üz tutduq Dövlət Sosial Müdafiə Fonduna. Apardığımız araşdırmalar, əldə etdiyimiz məlumatlar, görüb bildiklərimiz və s. bizi belə bir qənaətə gətirdi ki, Gəncənin səhiyyə müəssisələrindəki korrupsiya şəbəkəsinin başında, üzdə, dünən direktor vəzifəsinə gətirilən İlkin İsmayılov olsa belə, araşdırmalarımızdan görünən idarəetmə mexanizminin başında bir başqasıdı, yəni səhiyyə tam başqa səmtdən idarə olunur. Belə bir səbəbdən də, hazırda xəstəxanalarda baş verənləri diqqətdən keçirmə zamanı yetişmiş sayılır.

Gəncə səhiyyəsinin bataqlıq dönəmindən keçdiyi yolun sonuna gəlib çıxdığımız bəlli olar. Məni heç də yalnış anlamayın və bunu “Gəncə xəstəxanalarında korrupsiya yığışdırılıb”anlamı kimi də başa düşməyin. Əksinə, Hesablama Palatasından sonra adı çəkilən bu “otdelkadr”ın “iş qabiliyyəti”ni “nəzərə aldılar və onu daha da başa çəkdilər. Yəni, Gəncənin “Qubernator”u onu daha mühüm posta təyin etdi. Hesablama Palatasının hesabatı əsasında dəyişən nə oldu? Əsasən kadr islahatında və maliyyə məsələlərində aşkar olunanlardan sonra Məlahət Bayramovanın vəzifəsinin daha da böyüdülüb başa çəkilməsi, yəni bu xanımı Gəncə Şəhər Birləşmiş Xəstəxanasının insan resursları şöbəsinin müdiri vəzifəsinə təyin etdilər. Deyilənlərə görə, işinin peşəkarı hesab olunan İlkin İsmayılovu cərrahlıq işindən ayırıb, onun təmiz adı altında baş verənləri ört-basdır etmək üçün direktor vəzifəsinə gətirilməsi kimin ağlına gəlib? Görünür “Qubernator” artıq peşəkarcasına şahmat oynamağı da öyrənib. Məlahət Bayramovanı bu vəzifəyə yüksəldən “Qubernator”un tapşırığına əsasən, İlkin həkimin bu şəxsdən icazəsiz hər hansı qərar qəbul etməsi, yaxud da işçini qəbul etməsi absurd məsələdir. Sözümüz burada bitmir, söhbət səhiyyədən getmişkən , əsas odur ki, səhhətinizdən muğayat olun və bizi izləməyi unutmayın, elə məndə .

P. S. Əziz oxucular! Bir haşiyə çıxmaqla tarixi bir faktı xatırlatmaq və ürəyimdən keçənləri sizlərlərlə bölüşmək qərarındayam. XVIII əsrin ikinci yarısında Rusiyanın dövlət idarəçiliyində hərc-mərclik yaranan vaxtlarda müəyyən qruplaşmalar, əsasəndən qazaxlar çar ordusu üzərində bir sıra uğurlu qələbələr əldə edirlər. Bütün zamanlarda xalq hərəkatlarında olduğu kimi, yəni, Puqaçovun başçılıq etdiyi kəndli üsyanında da əvvəlcədən hazırlanmış plan qurulmur və üsyançılar arasında nizam- intizama nəzarət etmək də mümkün olmur. Üsyançılar adi soyğunçu və quldurlar kimi hərəkət edirlər. Ayağında çarıq olan Yemelyan Puqaçov özünü çar elan edir və onun hökmdarlığı heç də uzun sürmür, az bir müddətdən sonra çariçanın əmri ilə onun özünü və yaxın ətrafını Moskvada tuturlar və boyunlarını da vururlar.

P.S.S Bütün bunlar hadisələri qabaqlamaq kimi çıxdı. Hələlik isə onu deyə bilərək ki, Prezident Gəncə şəhərinin statusunu dəyişməyib və bu şəhərə quberniya adı isə hələlik verilməsə də, artıq bu şəhərdə özünü Qubernator sayan şəxsin kimliyi əksəriyyətə bəllidir. Gəncədə “Qubernator” adını daşıyanın kimliyi isə... Əgər Məlahət Bayramovanın dediyi kimi, mən qubernatorun qəzəbinə düçar olmayıb sağ qala bilsəm də, bilməsəm də yenidən bu mövzuya qayıdacağıq. Ömrü yazan yazır, bəndə kimdir?

global.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz