Bir neçə vətəndaş Bakıda yerləşən “Avion Travel” şirkəti tərəfindən Avropada işlə təmin olunmaq vədi ilə aldadıldıqlarını iddia edir.
Vələd Bayramov adlı vətəndaş Meydan TV-yə deyir ki, şirkətin rəhbəri Lalə Qurban qızı Rəcəbova onlardan müxtəlif dövrdə müəyyən məbləğlərdə pul alaraq, xaricdə işlə təmin olunacaqlarını desə də, sonradan buna əməl olunmayıb.
“2023-cü ilin mayın 4-də “Avion Travel” şirkətinə Avropada işlə təmin olunmaqla əlaqədar müraciət etdim. Şirkətdə mənə vəd etdilər ki, 6 ay ərzində Avropaya işləməyə gedəcəksən. Müqavilə imzalanandan sonra onlara 3000 manat ödədim. Müqavilənin müddəti bitib, hətta üzərindən bir ilə yaxın vaxt keçib, lakin pullarımı geri qaytarmırlar”, – Vələd Bayramov deyir.
Cəmil Cabbarov da xaricdə işləmək üçün şirkətə viza ilə əlaqədar müraciət etdiyini bildirir:
“2023-cü ilin martında “Avion Travel” şirkətinə yaxınlaşdım. Şirkətin rəhbəri Lalə Rəcəbova bildirdi ki, Almaniyadan iş təklifi var, 2500 manata başa gəlir. Mənə dedi ki, Azərbaycandan gedən vətəndaşı orada birillik iş vizası, ev və işlə təmin edirik. Onlarla müqavilə bağladım və 1250 manat pul ödədim. Mayda mənə zəng edib, dedilər ki, ikinci müqaviləni bağlamaq üçün sizin dəvətiniz gəlib. İkinci müqaviləni imzalayanda da 1250 manat ödədim. Ümumilikdə onlara 2500 manat pul verdim. Dedilər ki, sizə səfirlikdən məlumat göndərəcəklər, viza görüşməsinə gedəcəksiniz”.
Şikayətçi bildirir ki, çox gözləməli olsa da, nə viza ilə əlaqədar qəbula çağırılıb, nə də şirkət ödədiyi pullarını geri qaytarır:
“Müqaviləmin müddəti çoxdan bitib. Ofisə gedib, pullarımı istəyəndə, mənə başqa bir iş təklifi etdilər. İmtina etdim, dedim ki, siz daha məni aldada bilməzsiniz. Müqaviləyə xitam verdilər. Mənə dedilər ki, 2500 manat borcunuzu qaytaracağıq. Pulumu geri qaytaracaqlarını desələr də, buna əməl etmirlər”.
Hamlet Seyidov bildirir ki, iki il öncə “Avion Travel” şirkəti onunla müqavilə bağlayıb.
O da xaricdə işlə təmin olunmaq ümidi ilə şirkətə 1450 manat ödəyib.
Vətəndaş deyir ki, müqavilənin müddəti bitsə də, şirkət onu get-gələ salıb, pulunu qaytarmaq istəmirlər.
Mahir Rüstəmov deyir ki, şirkətə 2023-cü ilin avqustunda 2500 manat verib.
Onunla da müqavilə bağlansa da, işlə təmin olunmayıb.
Vətəndaş bildirir ki, şirkətdən pulunu ala bilmir:
“Bu şirkət fırıldaqla məşğuldur. İnsanların haqqını tapdalayır. Onlarla insanı aldadıblar. Adamlar pullarını tələb edirlər. Lalə xanım adamların pulunu qaytarmaq əvəzinə onları təhqir edir. Birinə “dəli” deyir. Digərinə deyir ki, həddini aşırsan. İnsanlara ağızalarına gələni deyirlər. Zəng edib, pulunu tələb edənlərin nömrələrini bloka atırlar”.
Şirkət rəhbəri deyir ki, viza ala bilməyənlərin pulları qaytarılacaq
Şirkətin rəhbəri Lalə Rəcəbova Meydan TV-yə bildirib ki, “Avion Travel” 2017-ci ildən fəaliyyət göstərir.
İndiyə kimi də onlarla insanın xaricə işləməyə və ya səyahət etməsi üçün imkan yaradıblar:
“Yeddi ildir ki, fəaliyyət göstəririk, hansısa qanunsuz məqsədlə, pis niyyətlə qurulan yeni şirkət deyilik. İndiyə kimi şirkətimiz tərəfindən iş vizası ilə xaricə gedənlərin sayı 200-dən yuxarıdır. Biz necə kimisə aldada bilərik? Bu işin arxasında bir neçə nəfər var, müştərilərimizi bizə qarşı təşkilatlandırırlar”.
“Biz müştərilərdən aldığımız pulun qarşılığında onların xarici ölkədən iş icazəsinin alınmasını və viza dəstəyini göstəririk. Müqavilə üzrə yardımı tam şəkildə göstərməyimizə baxmayaraq müqavilədəki müddətdə səfirlik viza verməyən şəxslərə ödənişləri geri qaytarılır. Biz səfirliyin viza verməsinə cavabdeh deyilik. Kimlər bizə pul ödəyibsə və onlar xaricə gedə bilməyibsə, pullarını geri alacaqlar”, – Lalə Rəcəbova deyib.