Axtarış...

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

Terrorun qarşısı alındı, icra başçısının da həyatı xilas oldu, bəs bundan sonra nə etməliyik?

Martın 25-də yayılan rəsmi məlumatlarda göstərilir ki, Bəhruz Əskərov adlı şəxs Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun və ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşının həyatına sui-qəsd etmək məqsədi ilə planlar qurub. Amma görülən çevik tədbirlər sayəsində sui-qəsdi həyata keçirə bilməyib və o, həbs olunub.
Bu hadisə ilk növbədə Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin 2018-ci ildə güllələnməsi hadisəsini xatırladır. T.Qaraşov da güllələnə bilməzdimi? Bilərdi, ortada nümunə var. Heç şübhəsiz, qonşu ölkələrdə baş verən terror hadisələri fonunda və indiki həssas bir dönəmdə sui-qəsdin qarşısının alınması təqdirolunası haldır.
Eyni zamanda düşünürəm ki, T.Qaraşova qarşı hazırlanan sui-qəsd planının araşdırılması təkcə hüquqi müstəvidə deyil, Gəncə və Lənkəran şəhərlərindəki real vəziyyət paralel şəkildə təhlil olunmaqla, ideoloji müstəvidə də öz həllini tapmalıdır.
- Hər iki şəhərdə narkoticarət və narkomaniya tuğyan eləyir.
- Hər iki şəhər milli-dini ideoloji cəhətdən dərin boşluqdadır, üfüqlər görünmür. İdeoloji boşluqların doldurulması istiqamətində heç bir addım atılmayıb.
- Hər iki şəhərdə insanların fərdi şəkildə mərkəzdənqaçma meylləri güclənib.
- Ölkəmizdən xarici ölkələrə üz tutan şəxslərin böyük bir faizini də Lənkəran sakinləri təşkil edir. İnsanların paytaxta olan ümidlərini alt-üst edən şəhər rəhbərliyi həmin vətəndaşlar üçün xaricə qaçmaqdan başqa çıxış yolu qoymayıb. Bu baxımdan, xaricə köç edən şəxslərin müxtəlif qrupların təsir dairəsinə düşməsi də təsadüf deyil.
- Hər iki şəhər ölkədə aparılan islahatlardan tamamilə kənarda qalıb.
- Hər iki şəhərdə sosial problemlər, işsizlik günbəgün dərinləşir.
- Hər iki şəhərdə kriminal durumun səviyyəsi artmaqdadır.
Düşünürəm ki, aidiyyatı dövlət qurumları Lənkəranda təkcə terrorun - səs-küylü böyük bir cinayət hadisəsinin qarşısını almayıb, həm də T.Qaraşovun həyatını xilas edib. O, dövlətə minnətdar olmalıdır. T.Qaraşovun yerli saytlara açıqlamasında Dövlət başçısına və xüsusi xidmət orqanlarına təşəkkür etməsi də yaxşı haldır.
Bəs, 1996-cı ildən icra başçısı vəzifəsində çalışan (Kürdəmir, Cəlilabad, Neftçala, Astara), 12 ildir Lənkəran kimi strateji şəhərə rəhbərlik edən 65 yaşlı T.Qaraşovun özü yola salınmalı deyilmi? Heç olmasa, özü bu barədə düşünürmü?
Lənkəran ölkəmizin ən vacib və həssas nöqtələrindən biridir. B.Əskərov adlı şəxsin məhz Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısına sui-qəsd planı hazırlaması da təsadüf deyil. Koordinat dəqiq seçilib: narazı əhali, pik həddə çatan radikallıq, işsizlik, məmur özbaşınalığı, icra başçısının yarıtmaz fəaliyyəti və s.
Ölkə və hədəflər dəyişib, çoxvektorlu planlar icra etməyə məcburuq, ölkəmiz indi daxildə deyil, həm də regionda və qlobal aləmdə əhəmiyyətli subyektə çevrilib. Belə olan halda strateji əhəmiyyət daşıyan və yuxarıda sadaladığım problemlərdən əziyyət çəkən bir şəhərə T.Qaraşov kimi problemli və "klassik" məmur necə rəhbərlik edə bilər?!
Daha çevik, şəhəri, bölgəni tanıyan, ümumən ölkənin problemlərini və hədəflərini dərindən bilən şəxs onu əvəz etməlidir.

Samir Feyruzov
Azsiyasət.com
Text-to-Speech

DİNLƏ






Şərh yaz