Prezident İlham Əliyev Enerji effektivliyi fondunun yaradılması və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb.
Fərmanda deyilir:
“1. Enerji effektivliyi fondu (bundan sonra – Fond) yaradılsın.
2. “Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).
3. Müəyyən edilsin ki:
3.1. Fond enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə yaradılır və onun vəsaitinin sərəncamçısı Enerji Məsələlərini Tənzimləmə Agentliyi qismində Azərbaycan Respublikasının Energetika Nazirliyidir;
3.2. Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Azərbaycan Respublikasının Energetika Nazirliyi həyata keçirir.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən Qaydanın 2.2-ci bəndinə uyğun olaraq, qiymətlərinə dövlət tənzimlənməsi tətbiq olunmayan enerji resurslarının satışından Fonda köçürüləcək vəsaitin formalaşdırılması barədə təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsünlər”.