İtlər üçün quru yemin satın alınması” lotu üzrə satınalma 89.950 manatdır
Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Komunal Təsərrüfat Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi fevral ayı ərzində 414.998 manatlıq tenderə yekun vurub.
“Arqument.az”ın araşdırmasına görə, Sanitariya və Texniki Təmizlik İdarəsi cari ilin fevral ayının 6-da “”Kamaz” və “Maz” markalı xüsusi təyinatlı avtonəqiliyyat vasitələri üçün ehtiyyat hissələrinin, avtoşin, akkumulyator batareyaları və sürtgü yağlarının satınalınması” lotu üzrə keçirdiyi tenderin məbləği 219.998 manat, fevral ayının 20-də “Xüsusi təyinatlı müxtəlif avtonəqiliyyat vasitələri və maşın-mexanizmlərinə ehtiyyat hissələrinin və həmçinin təmiri üçün mal materialların satın alınması” lotu üzrə keçirdiyi satınalmanın məbləği isə 195.000 maat olub.
Hər iki tenderdə “ORXAN EH” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 2903063451) qalib elan edilib.
“ORXAN EH” MMC əvvəlki illərdə də Sanitariya və Texniki Təmizlik İdarəsinin tenderlərində qalib edilib.
MMC 2022-ci ildə Sanitariya və Texniki Təmizlik İdarəsinin “Xüsusi təyinatlı avtonəqiliyyat vasitələri üçün ehtiyyat hissələrinin və həmçinin sürtgü yağlarının satın alınması” və “İtlər üçün quru yemin satın alınması” lotu üzrə keçirilən satınalmalarda qalib olub.
Bu satınalmaların ümumi məbləği 89.950 manatdır.
“ORXAN EH” MMC 2014-cü ilin aprel ayında təsis edilib.
Şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri 4 mkr, ev 80, mənzil 61 ünvanı, qanuni təmsilçisi isə Hüseynov Ələsgər Calal oğludur.
Bəs Hüseynov Ələsgər Calal oğlu kimdir?
Hüseynov Ələsgər Calal oğlu əslən Masallı rayonundandır. Hüsenyov Ələsgər Calal oğlunun qanuni təmsilçi olduğu daha bir şirkət var: “Fidan-TN” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1000678621).
“Fidan-TN” MMC 2006-cı ildə təsis edilib.
Şirkətin hüquqi ünvanı Binəqədi rayonu, Mir Cəlal ev 137A, mənzil 3 ünvanıdır.
“Fidan-TN” MMC-nin fəaliyyət profili barədə açıq internet resurslarında məlumat olmasa da, şirkət uzun illərdir ki, Sanitariya və Texniki Təmizlik İdarəsinin tenderlərində qalib edilir.
Məsələn, “Fidan-TN” MMC Sanitariya və Texniki Təmizlik İdarəsinin 2023-cü ilin avqust ayının 29-da yekun vurduğu “Texniki məqsədlər üçün emal edilməmiş xam duzun satın alınması” (məbləğ – 262.199), 2023-cü ilin mart ayının 1-də “Kamaz” və “Maz” markalı xüsusi təyinatlı avtonəqiliyyat vasitələri üçün ehtiyyat hissələrinin, avtoşin, akkumulyator batareyaları və sürtgü yağlarının satınalınması (məbləğ: 298.998), 2021-ci ilin sentyabr ayının 9-da “Texniki məqsədlər üçün emal edilməmiş xam duzun satın alınması” (məbləğ: 599.971), 2021-ci ilin mart ayının 17-də “Təsərrüfat mallarının satın alınması” (məbləğ: 190.085), 2019-cu ilin noyabrında “texniki duzun satınalınması” (Məbləğ: 144.000) lotları üzrə satınalmalarda qalib edilib.
Rafael Mehralıyev
Mediada zaman-zaman dərc edilən məlumatlara görə, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Komunal Təsərrüfat Departamentinin və eləcə də BŞİH-nin tabeliyində olan digər qurumların tenderlərini əsasən “tender kralı” kimi adlandırılan Ramazan Mirzəyevə məxsus şirkətlər udur.
Ramazan Mirzəyevin Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Komunal Təsərrüfat Departamentinin rəisi Rafael Mehralıyevlə dost və bir çox biznesdə şərik olduğu bildirilir.
Ramazan Mirzəyev əslən Masallı rayonunun Həsənli kəndindəndir.
Sanitariya və Texniki Təmizlik İdarəsinin tenderlərində növbəli formada qalib edilən bu MMC-lərin qanuni təmsilçisi Hüseynov Ələsgər Calal oğlu da Masallı rayonunun Həsənli kəndindəndir və Ramazan Mirzəyevin qohumudur.
Məlumata görə, 1952-ci il təvəllüdlü Hüseynov Ələsgər Calal oğlu “Fidan-TN” və “ORXAN EH” MMC-lərin qanuni təmsilçisi olsa da bu şirkətlər Ramazan Mirzəyevə məxsusdur.
Araşdırma zamanı məlum oldu ki, hər iki şirkətin uzun illər Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Komunal Təsərrüfat Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin tenderlərində qalib olmasının arxasında da Ramazan Mirzəyevin Rafael Mehralıyevlə olan xüsusi münasibətləri dayanır.
Bakı Şəhər İcra Hakimiyyəti “Arqument.az”ın tenderlərin eyni şəxsə verilməsi ilə bağlı sorğusuna cavab verməyib.
Mənbə: Arqument.az