Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu cari ilin sentyabr ayının 5-də “Reaktivlərin satın alınması” lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.
Qlobal.az xəbər verir ki, bu satınalmanın smetası 31.619 manat, qalibi isə “DORUK BIOTECHNOLOGY” (VÖEN: 2305776691) Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu ilə şifrəli MMC-lərin “işbirliyi” –
“DORUK BIOTECHNOLOGY” MMC Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun “Reaktivlərin satın alınması” lotu üzrə etdiyi elandan 1 ay əvvəl – 2023-cü ilin iyul ayının 14-dədövlət qeydiyyatına alınıb. On manat nizamnamə kapitalı olan şirkətin hüquqi ünvanı Gəncə şəhəri, Nizami rayonu, M.C.Paşayev ev 51, qanuni təmsilçisi isə Məmmədov Mirhəmid Mirməhəmməd oğludur.
“DORUK BIOTECHNOLOGY” MMC-nin fəaliyyət profili, müvafiq lisenziyaları, maddi-texniki bazası, faktiki ünvanı barədə açıq internet resurslarında məlumata rast gəlinmir.
Xüsusi şifrəli MMC-lərlə “işbirliyi”
Qlobal.az-ın əldə etdiyi məlumata görə “DORUK BIOTECHNOLOGY” MMC-nin qanuni təmsilçisi Məmmədov Mirhəmid Mirməhəmməd oğlu “proxy” şəxsdir. Onun adına təsis edilən bir çox MMC-lərin dövlət satınalmalarında şübhəli əməliyyatlarda istifadə edildiyi iddia edilir.
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun 2022-ci ildə keçirdiyi bəzi satınalmalarda da şübhəli məqamlar var. Belə ki, İnstitut 2022-ci ilin noyabr ayının 2-də “Abadlaşdırma xidmətinin satınalınması” lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub. Bu satınalmanın məbləği 9.897 manat, qalibi isə “DELTA 10 LT” (VÖEN: 1102638281) Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
“DELTA 10 LT” MMC 2022-ci ilin iyun ayının 22-də dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı QARADAĞ RAYONU, LÖKBATAN ŞTQ, KEÇİD 1594 (LÖKBATAN), ev 30, m. 8, qanuni təmsilçisi isə Sultanova Vüsalə Vaqif qızıdır.
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 2022-ci ildə abadlıq işləri görən “DELTA 10 LT” MMC-nin də fəaliyyət profili, müvafiq lisenziyaları, maddi-texniki bazası, faktiki ünvanı barədə açıq internet resurslarında məlumat yoxdur.
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun 2022-ci ilin dekabr ayının 12-də “tikili və avadanlıqların cari təmiri” lotu üzrə daha bir satınalmaya yekun vurub.
Bu satınalmanın məbləği 49.441 manat, qalibi isə “YAŞAM 88 LT” (VÖEN: 1102638301) Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
“YAŞAM 88 LT” MMC Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun 20 gün əvvəl “Abadlaşdırma xidmətinin satınalınması” lotu üzrə yekun vurduğu satınalmada qalib elan edilən “DELTA 10 LT” MMC ilə eyni tarixdə – 2022-ci ilin iyun ayının 22-də dövlət qeydiyyatına alınıb.
İnstitutun 20 gün aralığında qalib elan etdiyi “DELTA 10 LT” və “YAŞAM 88 LT” MMC-lərin hüquqi ünvanları da eynidir- QARADAĞ RAYONU, LÖKBATAN ŞTQ, KEÇİD 1594 (LÖKBATAN), ev 30, m. 8.
Daha ilginc məqam isə hər iki təşkilatın qanuni təmsilçilərinin də eyni şəxs olmasıdır – Sultanova Vüsalə Vaqif qızı.
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutun tikili və avadanlıqları təmir edəcək “YAŞAM 88 LT” MMC-nin də maddi texniki bazası, işçi qüvvəsi, fəaliyyət profili, faktiki ünvanı barədə məlumat yoxdur.
Qlobal.az-ın əldə etdiyi məlumata görə isə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutun qalib elan etdiyi “DELTA 10 LT” və “YAŞAM 88 LT” MMC-lər dövlət satınalmalarında “otkad” məqsədi ilə istifadə olunduğu, bu təşkilatlarla bağlanan satınalma müqavilələri üzrə büdcədən köçürlən vəsaitlərin mühüm hissəsi sonradan sifarişçi olan təşkilatın rəhbərliyinə qaytarıldığı iddia edilir.
Qlobal.az iddialarla bağlı Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutundan mövqe öyrənib.
Ələmdar Məmmədov
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun icraçı direktoru və Tender komissiyasının sədri Ələmdar Məmmədovun açıqlamasında deyilir:
“Sentyabr ayının 5-də “Reaktivlərin satın alınması” lotu üzrə aparılan kotirovkada qalib seçilən “DORUK BIOTECHNOLOGY” Məhdud Məsuliyyətli Cəmiyyəti ən aşağı qiymət təklifi verən iddiaçıdır. Biz illərdir əməkdaşlıq etdiyimiz və yaxşı tanıdığımız digər şirkətlərin daha yüksək təkliflərini rədd edərək, ehtimal qiymətindən əhəmiyyətli dərəcədə aşağı təklif verən iddiaçının iştirakı portal tərəfindən kənarlaşdırılmadığından və həmin şirkətin tələb olunan sənədləri qaydasında olduğu üçün qalib seçmişik”.
Tender komissiyasının sədri Ələmdar Məmmədov Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun 2022-ci ildə yuxarıda qeyd edilən satınalmalarına da münasbət bildirib:
“Bütün müsabiqələrdə iştirak edən iddiaçılar arasından həmişə ən aşağı qiymət təklifi verən iddiaçı qalib olaraq seçilib və İqtisadiyyat Nazirliyi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən bütün müsabiqə prosesi yoxlanılaraq icazə veriləndən sonra qalib firma ilə müqavilə bağlanmışdır. O cümlədən, qeyd etdiyiniz “DELTA 10 LT” və “YAŞAM 88 LT” MMC-lər ilə də yalnız İqtisadiyyat Nazirliyi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən icazə veriləndən sonra müqavilə bağlanmış və iş həcmləri cədvəlində göstərilən bütün mallar alınmış və işlər görüləndən sonra təhvil-təslim aktı bağlanmışdır”.
İradə Hüseynova
Xatırladaq ki, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru İradə Hüseynovadır. İ.Hüseynova 2016-cı ildən İnstituta rəhbərlik edir. //Qlobal.az//