Axtarış...

Ləğv ediləcək qurumlar, vəzifəylə vidalaşan iri məmurlar... - Ölkədə böyük islahatlara start verilir


Azərbaycan böyük bir siyasi prosesi - növbədənkənar prezident seçkilərini geridə qoydu. İlham Əliyev növbəti müddətə ölkənin idarəetmə sükanının arxasına keçdi. İndi hamını maraqlandıran məsələ seçkidən sonra ölkədə hansı dəyişikliklərin baş verəcəyidir.
Əslində, bu dəyişikliklərin anonsu seçkidən xeyli əvvəl edilib. Özü də dövlət başçısı tərəfindən. 2022-ci ilin aprelində ADA Universitetində "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışı zamanı mövcud idarəçilik sistemi haqqında danışan Prezident İlham Əliyev demişdi:
"Mənim Qarabağ və Şuşa üzrə xüsusi nümayəndələrim var. Digər ərazilər üçün də xüsusi nümayəndələr təyin ediləcək, onların hələlik təyin edilməməsinin səbəbi orada hələ ki, fəal yerləşmə prosesinin aparılmaması ilə əlaqədardır, amma bu da olacaq. Biz, bu yeni idarəçilik modelini sınaqdan keçiririk. Çünki mövcud regional idarəçilik sistemi Sovet İttifaqının çökməsindən sonra yaradılıb və fikirləşirəm ki, bu, o qədər də hərtərəfli düşünülməmişdir. Buna görə də çoxlu suallar var".

Yeni idarəçilik sisteminin tətbiq ediləməsinin səbəblərindən danışan dövlət başçısı bir neçə faktoru irəli çəkmişdi. Bunlar idarəçilik sistemini təkmilləşdirmək, rüşvət və korrupsiya hallarının qarşısını almaq, qərarların icrası vəziyyətini yaxşılaşdırmaqdan ibarət idi:
"Çoxlu, bəlkə də 10-dan çox regional rəhbər şəxslər rüşvət, səhv idarəçilik və digər yanlış hərəkətlərə görə həbs olunub. Bu proses ictimai şəkildə baş verib, rüşvət prosesi videoya çəkilib. Təəssüf ki, bu sahə korrupsiya ilə çirklənib. Beləliklə, Qarabağda sınaqdan keçirdiyimiz yeni sistem fərqli olacaq və düşünürəm ki, yekun sınaqlar bitəndən sonra bu sistemi Azərbaycanın digər ərazilərinə də tətbiq etmək və regionlarda dövlət idarəçiliyini təkmilləşdirmək mümkün olacaq. Çünki Bakıda qəbul etdiyimiz qərarların hamısı insanların həyat şəraitinin və infrastrukturun yaxşılaşdırılması, iqtisadi inkişaf məqsədi daşıyır, amma bəzən onlar regionlarda icra edilmir və insanlar bunu görmür".
Dövlət başçısının bu çıxışından idarəetmə sistemində ediləcək dəyişikliklərin konturları aydın görünür. Bəlli olur ki, dəyişikliklərin bir qismi yerli icra hakimiyyəti orqanları ilə bağlı olacaq. Başqa sözlə, mövcud icra hakimiyyətləri ləğv edilcək, onlar xüsusi nümayəndəliklərlə əvəz olunacaq. Xüsusi nümayəndəliklərdə isə Qarabağ variantında olduğu iqtisadi rayonlar üzrə yaradılacaq. Başqa sözlə, hər xüsusi nümayəndə 4-5 rayona nəzarət edəcək.
Eyni zamanda ləğv ediləcək mövcud rayon icra hakimiyyətlərinin bir sıra səlahiyyətlərinin yerli özünüidarəetmə orqanlarına veriləcəyi gözlənilir.
Sözsüz ki, icra hakimiyyəti sistemindəki dəyişikliklər yalnız regionlarla yekunlaşmayacaq. Bu baxımdan tez-tez gündəmə gələn Nazirlər Kabineti ilə bağlı məsələnin aktuallaşacağı da gözləniləndir. Başqa sözlə, hazırda bir çox səlahiyyətləri əlindən alınan Nazirlər Kabinetinin ləğvi çox da uzaq perspektivin hadisəsi olmayacaq. Əvəzində prezidentin səlahiyyətləri daha da genişlənəcək, nazirlər Baş nazirə deyil, birbaşa ölkə başçısına tabe olacaqlar. Qeyd edək ki, bu sistem 2018-ci ildən qardaş Türkiyədə də tətbiq olunur.

Nazirlər Kabinetinin ləğvi hazırda onun rəhbərliyində təmsil olunan bir sıra şəxslərin öz vəzifələri ilə vidalaşmasına səbəb olacaq. Sözsüz ki, söhbət ilk növbədə hazırkı baş nazir Əli Əsədov, onun müavinləri Şahin Mustafayev, Əli Əhmədov və Yaqub Eyyubovdan gedir. Adi çəkilənlərin bəziləri təqaüdə göndəriləcək, Əli Əhmədov və Şahin Mustafayevin isə digər vəzifələrə təyin olunacağı ehtimal edilir.
Hazırki İqtisadiyyat naziri Mikayıl Cabbarovun isə vitse-prezident və ya iqtisadi məsələlər üzrə xüsusi nümayəndə təyin olunacağı gözlənilir.
Dəyişikliklərin eyni zamanda qanunverici hakimiyyət orqanında - Milli Məclisdə də aparılacağı söylənilir. Belə ki, parlamentin tərkibinin genişləndiriləcəyi, millət vəkili mandatının sayının 200-dən çox olacağı bildirilir. Həmçinin seçkilərin iki - həm proporsional, həm də majoritar qayda üzrə keçiriləcəyi gözlənilir.

Bütün bunlar əlbəttə, böyük siyasi dəyişikliklərdir və bunları həyata keçirmək üçün öncə ümumxalq səsverməsi - referendum keçirilməlidir. Nəzərə alsaq ki, payızda həm parlament, həm də bələdiyyə seçkiləri keçiriləcək, o zaman referendumun yaz aylarında keçiriləcəyi xeyli real görünür.

BakuPost
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz