Axtarış...

"Ayrı-ayrı əməkdaşlar tərəfindən süni maneələr yaradılır" - MÜRACİƏT YENİLƏNİB


"Tezadlar.az" saytına Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Rəhmanov küçəsi, ev 4, mənzil1ünvanında yaşayan Əhmədov Cəmaləddin Davud oğlunun "PAŞA Sığorta" şirkətinin İdarə Heyətinin sədri Ülviyyə Cabbarovaya ünvanlı şikayət ərizəsi daxil olub.

Şikayətçi yazır:

"Çox hörmətli Ülviyyə xanım!

İlk növbədə qeyd etmək istəyirəm ki, Azərbaycanın sığorta bazarında brend olaraq “PAŞA Sığorta”nın əsas funksiyalarına və fəaliyyət prinsiplərinə nəzər salsaq, onu da xüsusi olaraq vurğulamalıyıq ki, şirkət hər zaman qanunçuluğu, sağlam iş şəraitinin yaradılmasının təmin edilməsilə yanaşı, korporativ mədəniyyəti, uğurlu strategiyanı və milli-mənəvi dəyərlər baxımından etik davranış qaydalarını qorumağı həmişə yüksəkdə tutur, özünə ən ümdə vəzifə hesab edir. Bundan əlavə, lider sığorta şirkəti kimi, fəaliyyət göstərdiyiniz uzun illər ərzində əsas hədəfiniz müştərilərin rahatlığını təmin etmək və maksimal müştəri məmnuniyyətinə nail olmadan ibarət olub ki, bütün bunları bir vətəndaş olaraq hər zaman öz içtimai həyatımızda hiss edirik. Bu isə öz növbəsində vətəndaşların dövlətə olan inamını daha da gücləndirir və uğurlu dövlət siyasətinin tərkib hissəsi kimi qəbul olunur.

Çox hörmətli Ülviyyə xanım! Yuxarıda qeyd edilən müsbət məqamlara və sözün həqiqi mənasında, uzun illərin zəhməti hesabına şirkətin qazandığı yüksək nüfuza kölgə salmaq fikrindən çox-çox uzaq olaraq, qarşılaşdığım kiçik, lakin mənaca böyük məzmun ifadə edən haqsızlığı diqqətinizə çatdırmaq istəyirəm və inanıram ki, məhz sizin humanistliyinizin sayəsində göstərilən diqqətsizliyin aradan qalxması ilə yanaşı, eyni zamanda, həmişə olduğu kimi, şəffaflıq prinsipləri də yüksək səviyyədə qorunacaqdır.

Bildirirəm ki, 8 dekabr 2023-cü il tarixdə, təxminən saat 19:00 radələrində qardaşım Əhmədov Amil Davud oğluna məxsus və etibarnamə əsasında idarə etdiyim 77-XD-079 dövlət qeydiyyat nömrə nişanlı BMW markalı avtomobillə Mərdəkan qəsəbəsində yolun hərəkət hissəsinin kənarında dayandığım zaman 10-ON-961 dövlət qeydiyyat nömrə nişanlı “Qazel” markalı yük maşını arxaya hərəkət edərək, BMV markalı avtomobilə ciddi ziyan vurmuşdur. Hadisənin qeydə alınması prosesi aidiyyəti üzrə DYP və sığorta şirkəti əməkdaşları tərəfindən operativ şəkildə həyata keçirilsə də, nədənsə, dəymiş zərərin qiymətləndirilməsi işində müəyyən anlaşılmazlıqlar bu günə kimi hökm sürməkdə davam edir. Belə ki, fotoşəkillərdən də göründüyü kimi, BMV markalı avtomobilin kapot hissəsinin və qabaq buferin məlum əziklərinin təmiri nəticəsində qeyd edilən detalların əvvəlki halına gətirilməsinin mümkünsüzlüyü nəzərə alınmamaqla, bu hissələrin köhnə detallarla (ikinci əl ehtiyat hissələrinin satışı bazarında) əvəzlənməsi üçün nəzərdə tutulan məbləğin ödənilməsinə ayrı-ayrı əməkdaşlar tərəfindən süni maneələr yaradılır və bütün bunların müqabilində mənə 520 manat məbləğinin ödənilməsi təklif olunur. Lakin işin həqiqi hallarını nəzərə alaraq, bildirirəm ki, avtomobilin qarşı tərəfinin kapotu zamoku ilə birlikdə 1050 manat, qabaq buferi 600 manat, BMV nişanı 150 manat, usta haqqı 200 manat ilə birlikdə mənə dəymiş olan zərər 2000 manat təşkil edir.

Çox hörmətli Ülviyyə xanım! Yuxarıda qeyd edilənlərə əsasən, sizdən xahiş edirəm ki, müraciətimi öz şəxsi nəzarətinizə götürəsiniz və mənə dəymiş zərərin aradan qaldırılması istiqamətində sərf olunacaq 2000 manat məbləğinin ödənilməsi istiqamətində öz müvafiq tapşırıqlarınızı verəsiniz.

İnanıram ki, həmişə olduğu kimi, humanizm və ədalət prinsiplərini rəhbər tutaraq, aztəminatlı ailə başçısı kimi sosial həyat şəraitimi və “Sıığorta Haqqında Azərbaycan Respublikası Qanunu”nun tələblərini nəzərə alıb, öz köməkliyinizi məndən əsirgəməyəcəksiniz.

Sizə əvvəlcədən öz dərin minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, vətəndaş tərəfindən şikayət ərizəsi aidiyyəti ünvanlara göndərilib.

Məsələ ilə bağlı qarşı tərəf də mövqeyini bildirdi.

“Bildirmək istəyirik ki, 08.12.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində 77 XD 079 dövlət qeydiyyat nişanlı BMW 328i markalı avtonəqliyyat vasitəsinə zərər dəymişdir. Hadisə “Zərərlərin birbaşa tənzimlənməsi” çərçivəsinə aid olduğuna görə zərərçəkən Əhmədov Cəmaləddin Davud oğlu bilavasitə öz icbari sığorta şirkətinə - “PAŞA Sığorta” ASC-yə müraciət etmişdir. Cəmaləddin bəyin mətbuata müraciətində də vurğuladığı kimi hadisə “PAŞA Sığorta” ASC-nin əməkdaşları tərəfindən operativ şəkildə qeydə alınmışdır.

Növbəti mərhələdə avtonəqliyyat vasitəsi müvafiq təmir müəssisəsinə yönləndirilmiş və dəymiş zərər qiymətləndirilmişdir. Qiymətləndirmənin nəticəsi müştəriyə təqdim olunmuşdur. Müştəri qiymətləndirmənin nəticəsi ilə razı olmadıqda zərər məbləğinin pul şəklində ödənilməsi əvəzinə sığorta ödənişinin əmlakın təmiri və ya bərpası formasında həyata keçirilməsi təklif olunmuşdur.

Müştəri avtonəqliyyat vasitəsini “PAŞA Sığorta” ASC-nin təklif etdiyi təmir müəssisəsinə təqdim edərsə, qanunvericiliyə müvafiq olaraq avtonəqliyyat vasitəsinin təmiri və sığorta hadisəsindən dərhal əvvəlki vəziyyətinə qaytarılması istiqamətində zəruri addımlar atılacaqdır.”

 Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 927.1-ci maddəsinə əsasən əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz.”


Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz