Axtarış...

Səlim Müslümovun hökmü Əjdər Olun qapısını aça bilər? - AKTUAL


Xəbər verdiyimiz kimi sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova hökm oxunub. 20 milyondan çox mənimsəmədə ittiham edilən sabiq nazir həmin məbləğin əksər hissəsini dövlətə geri ödədiyinə görə şərti cəza alaraq azadlıqda qalıb.

“Qafqazinfo”nun məlumatına görə, Müslümovla bağlı hökm onunla birgə cinayət məsuliyyətinə cəlb edilərək 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş şair-publisist Əjdər Cəbiyevi (Əjdər Ol) ümidləndirib.

Əjdər Ol S.Müslümov nazir olduğu dövrdə aparat rəhbəri işləyib. Məhkum yazıçıya qarşı irəli sürülmüş əksər epizodlarda Səlim Müslümovun adı keçir. O, 2021-ci ildə eks-nazirdən bir neçə gün sonra həbs edilib. İbtidai istintaqın sonunda onların işi ayrı-ayrılıqda icraata verilib.

Əjdər Ol külli miqdarda mənimsəmə və rüşvət alma ittihamı ilə mühakimə edilib. Cinayət işi üzrə dövlətə dəymiş ziyan 500 min manat hesablanıb. Həmin məbləğ istintaq dövründə tam ödənilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əjdər Ol 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan apellyasiya məhkəməsi cəza müddətini 3 ay azaldıb. Sonuncu qərardan 1 il keçdikdən sonra məhkumun vəkili kassasiya şikayəti versə də, Əjdər Ol özü şikayətini geri götürüb. Bunun da əsas səbəbi Səlim Müslümovun məhkəmə istintaqının davam etməsi idi.

Səlim Müslümov haqda hökm elan edildikdən dərhal sonra 3 ildir həbsdə olan Əjdər Ol yenidən kassasiya şikayəti verib. Məhkum şair şikayət ərizəsində çəkilmiş cəzanı yetərli hesab edərək azadlığa buraxılmasını xahiş edib.

Son qərarı isə Ali Məhkəmə verəcək. Yüksək instansiya məhkəməsinin hansı qənaətə gələcəyini yaxın aylarda biləcəyik.
Text-to-Speech

DİNLƏ






Şərh yaz