Axtarış...

Son illərdə korrupsiya ittihamı ilə həbs olunan MƏMURLAR - ARAŞDIRMA

Son illərdə korrupsiya ittihamı ilə həbs olunan MƏMURLAR - ARAŞDIRMA


2019-cu ildən etibarən Azərbaycanda idarəetmə sahəsində köklü islahatlara start verildiyi məlumdur. Həmin dönəmdən etibarən vəzifəsindən sui-istifadə edib, qanun pozuntularına yol verən xeyli sayda məmur saxlanılıb.

Onlardan əksəriyyəti hal-hazırda da dəmir barmaqlıqlar arasında yaşamlarına davam edirlər.

Diqqətçəkən məqamsa, həbs olunan məmurların böyük qisminin korrupsiya ittihamı ilə istintaqa cəlb edilməsidir.

Bizim.Media son illərdə korrupsiya ittihamı ilə saxlanılan məmurları araşdırıb:

1. Səlim Müslümov

Ötən ilin ən səs-küylü və ilk həbslərindən biri keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbsi olub. Sabiq nazir ötən ilin fevralında vəzifə səlahiyyətlərini aşma və təkrar külli miqdarda rüşvət alma maddələri ilə ittiham olunaraq 4 ay müddətinə azadlıqdan məhrum edilib. Sonrakı aylarda onun həbs müddəti 2 dəfə uzadılıb və Səlim Müslümov bu ilin mayında ev dustaqlığına buraxılıb.

2. Əhməd Əhmədov

Naxçıvan MR-in keçmiş daxili işlər naziri Əhməd Əhmədov ötən il martın 8-də saxlanılıb. İyunun 17-də barəsində hökm oxunan sabiq nazir külli miqdarda mənimsəmədə ittiham olunaraq 11 il azadlıqdan məhrum edilib. O, 9 milyon manata yaxın vəsaiti mənimsəməkdə şübhəli bilinir.

3. Məmməd Qəribov

Naxçıvan MR-in sabiq təhsil naziri Məmməd Qəribov da Əhməd Əhmədov kimi külli miqdarda mənimsəmə ittihamı ilə saxlanılıb. Lakin daxili işlər nazirindən fəqli olaraq Məmməd Qəribova şərti cəza verilib və o, azadlığa buraxılıb.

4. Vidadi Muradov

“Azərxalça” ASC-nin idarə heyətinin sabiq sədri Vidadi Muradov da ötən il həbs olunan məmurlar sırasındadır. Belə ki, qurum rəhbəri külli miqdarda mənimsəmə ittihamı ilə ötən ilin yanvarında azadlıqdan məhrum edilib. Lakin noyabrın 1-də müalicə üçün azadlığa buraxılan Muradov cəmi 4 gün sonra onkoloji xəstəlikdən dünyasını dəyişib. 3,5 milyon manat vəsaiti mənimsəməkdə şübhəli bilinən Vidadi Muradovun 30 milyon dəyərində əmlakına da həbs qoyulub.

5. Vüqar Səfərli

KİVDF-nin sabiq sədri Vüqar Səfərli 5,7 milyon manatı vəsaiti mənimsəməkdə şübhəli bilinərək saxlanılıb. Dekabrın 21-də barəsində hökm oxunan Vüqar Səfərli 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, “KİVDF” işində PA-nın sabiq şöbə müdiri Əli Həsənov və onun ailə üzvlərinin də adı hallanıb.

6. Rəfael Cəbrayılov

Ötən ilin mayında dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə həbs olunan sabiq deputat ümumilikdə 2,6 milyon manat vəsaiti qanunsuz yolla ələ keçirməkdə şübhəli bilinib. O, 2021-ci ilin sentyabrında dünyasını dəyişib.

7. Rasim Quliyev

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq aparat rəhbəri Rasim Quliyev də ötən ilin dekabrında 3 il müddətinə azadlıqdan məhrum edilib. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən barəsində cinayət işi açılan Rasim Quliyev vəzifə səlahiyyətlərindən sui istifadə ittihamı ilə həbs olunub.

8. Ceyhun Cəfərov

2021-ci ilin oktyabrında 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Kürdəmirin sabiq icra başçısı Ceyhun Cəfərov da külli miqdarda mənimsəmə, rüşvət alma və təkrar rüşvət alma maddələri ilə təqsidləndirilib.

9. Qoca Səmədov

2021-ci ilin sentyabrında 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilən Kürdəmirin sabiq icra başçısı Ceyhun Cəfərov da külli miqdarda mənimsəmə, rüşvət alma və rüşvət vermə maddələri ilə təqsidləndirilib.

10. İsmayıl Vəliyev

Lənkəran Rayon İcra Hakimiyyətinin sabiq sədri İsmayıl Vəliyev də ötən il barəsində həbs qətimkan tədbiri seçilən məmurlar arasındadır. Belə ki, 10 il müddətinə azadlıqdan məhrum edilən sabiq məmur vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvət almaqda təqsirli bilinib.

11. Eldar Həsənov

Keçmiş Baş prokuror və səfir Eldar Həsənov 2022-ci ilin yanvarında 10 il müddətinə azadlıqdan məhrum edilib. Eldar Həsənova qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda mənimsəmə, vəzifə saxtakarlığı kimi ittihamlarla cinayət işi qaldırılıb. Sabiq Baş prokurorun məhkəmə işində ümumilikdə 30 milyon manatdan artıq vəsaitin tək və qrup halında məniməsənilməsi aşkar olunub.

12. Məharət Musatafayev

Gəncə şəhər Nizami Rayonu İcra Hakimiyyətinin sabiq başçısı Məharət Mustafayev barəsində rüşvət alma, rüşvət vermə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham olunaraq, bu ilin yanvarında 4 il müddətinə azadlıqdan məhrum edilib.

13. Zakir Soltanov

Yanvarın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun 11 il həbsə məhkum edilməsi barədə hökm çıxarıb. Zakir Soltanov külli miqdarda mənimsəmədə ittiham olunub və o, məhkəmə qərarı ilə 5,3 milyon manat vəsaiti zərərçəkmişə geri ödəyib.

14. Nizami Məmmədov

Bu il martın 2-də xüsusi əməliyyatla saxlanılan Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov barədə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Nizami Məmmədov 80 milyon manata yaxın vəsaiti mənimsəməkdə ittiham olunur.

15. Nizaməddin Quliyev

Ötən il dekabrın 19-da Ağstafa Rayon İcra Hakimiyyətinin icra başçısı Nizaməddin Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb. N.Quliyev müavini Ramiz Tatarov vasitəsilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif əsaslarla rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən olunub.

16. Mahir Quliyev

2020-ci ilin aprelində Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyatı ilə saxlanılan Biləsuvarın sabiq icra başçısı Mahir Quliyev 2022-ci ilin martında məhkəmənin qərarı ilə 11 il azadlıqdan məhrum edilib. Sabi nazir də mənimsəmə, israf etmə və rüşvət alma maddələri ilə ittiham olunub.

17. Namiq Zeynalov

2020-ci ilin dekabrında saxlanılan Cəlilabadın sabiq icra başçısı Namiq Zeynalova isə 2022-ci ilin iyununda hökm oxunub. 12 azadlıqdan məhrum edilən eks məmur da külli miqdarda rüşvət alma, mənimsəmə və israfetmə kimi müddəalarla ittiham olunub.

18. Zakir Soltanov

Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov DTX-nin 8 may 2020-ci ildə keçirdiyi əməliyyatla saxlanılıb. Korrupsiyada ittiham olunan sabiq məmur 2022-ci ilin yanvarında 11 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, Zakir Sultanovun bankda olan 600 min manat nağd pulu, müxtəlif sikkələr, dəyərli əşyaları müsadirə edilib.

19. Rafiq Bayramov

Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovla da Zakir Soltanovla eyni gündə saxlanılıb. Daha sonra onlar barəsində başlanan cinayət işi ayrı icraata götürülüb. Keçirilən əməliyyat zamanı saxlanılan mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov barəsində elan olunan hökmə əsasən R.Bayramov 8 il azadlıqdan məhrum edilib. Sonradan onun cəzası 4 il 6 aya qədər endirilib.

20. İlqar Əliyev

XİN-in Konsulluq idarəsinin digər sabiq vəzifəli şəxsi İlqar Əliyev də korrupsiya şübhəsi ilə saxlanılan məmurlardandır. O, 2020-ci ilin sentyabrında onun cəzası ev dustaqlığı ilə əvələnib. 2021-ci ilin aprelində məhkəmənin müvafiq hökmü ilə İ. Əliyevin ev dustaqlığının müddəti uzadılıb.

21. Fərhad Mollazadə

Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə də DTX tərəfindən 2020-ci ilin iyulunda saxlanılıb. Onun 2021-ci ilin dekbarında baş tutan məhkəmə iclasında nazirliyə dəymiş ziyanın 2,5 milyon manatını ödədiyi bildirilib.

22. Səlim Əlizadə

XİN-in 2020-ci ilin iyulunda DTX tərəfindən saxlanılan bir digər rəsmisi olan İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadəyə 2021-ci ilin dekabrında 6 il azadlıqdan məhrum edilib. Səlim Əlizadə nazirliyə vurulmuş ziyanın 167 min manatını geri ödəyib.

23. Nurupaşa Abdullayev

XİN-in Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev də Səlim Əlizadə və Fərhad Mollazadə ilə eyni gündə saxlanılıb. Həmkarları kimi o da korrupsiya şübhəsi ilə istintaqa cəlb olunub. 2020-ci ilin sentyabrında isə məhkəminin hökmü ilə ev həbsinə buraxılıb.

24. Faiq Bağırov

Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin sabiq rəisi Faiq Bağırov da nazirliyin digər əməkdaşları ilə eyni vaxtda və eyni şübhələrlər həbs olunub. Onun da barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, son olaraq noyabrın 1-də DTX tərəfindən Mədəniyyət Nazirliyində əməliyyatın keçirildiyi ilə bağlı məlumatlar yayılıb. Belə ki, nazirin birinci müavini Elnur Əliyev də daxil olmaqla bir neçə yüksək vəzifəli nazirlik rəsminin saxlanıldığı deyilir.

Bizim.Media
Text-to-Speech

DİNLƏ






Şərh yaz