Axtarış...

TƏHSİL BAZARI: Təhsili bazara çeviriblər rəsmən... - HƏRƏ BİR NIRX QOYUR...

TƏHSİL BAZARI: Təhsili bazara çeviriblər rəsmən... - HƏRƏ BİR NIRX QOYUR...

Yeni ildən repetitorlar xidmət qiymətini qaldırıblar. Bu barədə valideynlər narazılıqlarını sosial şəbəkələr vasitəsilə bildiriblər. Tələbə olmaq istəyən şagirdlərin valideynləri son ayda hazırlıq pullarının təqribən 30 faizə qədər artırıldığını yazıblar. Valideynlərdən biri son ildə özünün əmək haqqında heç bir artım olmadığı halda müəllimlərin belə qərar verməsinin məntiqsiz olduğunu vurğulayıb. (Bizimmedia.az)

Üstəlik, repetitorların bu işlə rəsmi şəkildə məşğul olmadıqları, vergi vermədikləri də zaman-zaman müzakirə olunan mövzudur.

Bəs belə olduğu halda repetitorlar nəyə əsasən qiyməti qaldırırlar?

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, bu gün Azərbaycan təhsil sistemi, xüsusən ali təhsil müəssisələrinə bakalavr, hətta doktranturaya qəbul prosesi, müəllimlərin işə qəbulu, eyni zamanda dövlət qulluğuna qəbulun hamısı repetitorlardan, hazırlıq kurslarından asılı vəziyyətə düşüb:

“Bu gün orta və ya ali məktəblərin görməli olduğu işlərin hər birini repetitorlar, hazırlıq kursları görür. 10-11-ci sinif şagirdlərini demək olar ki, siniflərdə tapa bilmirik, onların böyük əksəriyyəti repetitor yanında və yaxud hazırlıq kurslarındadır. Bu da valideynlərin ailə büdcələrinə kifayət qədər böyük yükdür. Valideynlər ən böyük məbləğləri repetitorlara, hazırlıq kurslarına ödəyir.

Apardığımız monitorinqlər onu göstərir ki, pandemiyadan sonra repetitor müəllimlər xidmət haqlarında ciddi artım ediblər. Təbii ki, bunun bir neçə səbəbi var. Ölkədə baş verən müəyyən qədər inflyasiya, kommunal ödənişlərin artırılması buna təsir göstərir. Amma onu da unutmaq olmaz ki, valideynlərin gəlirləri artmayıb, bunun fonunda isə əksinə, repetitorlar qiymətləri artırıb. Bakı şəhərində orta statistik valideyn övladının ali məktəbə daxil olmasını istəyirsə, ay ərzində ən azı 350 manatdan başlayaraq repetitorlara pul xərcləyir. Bu gün repetitorlar riyaziyyat fənnini 100-120 manata, Azərbaycan dili və ədəbiyyat fənnini 160-180 manata, tarixi 100 manatdan başlayan qiymətlərə hazırlayır. Bakı şəhərində bu gün 80 manata uşaq hazırlaşdıran repetitora rast gəlmək mümkün deyil. Beləliklə, əvvəlki illərlə müqayisədə biz qiymətlərdə ən azı 30 faiz artım görə bilirik. Bu da valideynləri çox çətin vəziyyətə salır. Hesab edirəm ki, dövlət məktəbləri öz öhdəliklərini layiqincə yerinə yetirməlidir. Həmçinin ali məktəblər qəbul imtahanlarını sadələşdirməlidir. Ali məktəblərə qəbul imtahanlarında yalnız 10-11-ci sinif dərsliklərinə aid suallar salınmalıdır ki, valideynlər repetitorlara az pul xərcləsin, abituriyentlər məktəb bilgiləri ilə daxil ola bilsinlər".

Təhsil eksperti Elşən Qafarov qeyd edir ki, repetitorluq ölkədə qanuni fəaliyyət göstərən xidmət sektoru deyil. Ona görə də bu sahədə qiymətlər dövlət tərəfindən deyil, bazarla tənzimlənmir: “Ümumiyyətlə, bütün xidmət sektorunda qiymətlər bazarla, tələb-təklif amili ilə tənzimlənir. Adətən həmişə böyük şəhərlərdə, xüsusən də Bakı, Abşeron, Sumqayıt və Gəncədə xidmət sektorunda olan qiymətlər kiçik şəhərlər, qəsəbələr kəndlərlə müqayisədə nisbətən yüksək olub. O cümlədən repetitorluqda da belədir.

Bəli, sentyabrdan etibarən son 4-5 ayda repetitorluqla bağlı qiymətlərdə artımlar müşahidə olunmaqdadır. Bu, xüsusilə Bakı, Abşeron, Sumqayıtda özünü daha çox göstərməkdədir. Məsələ burasındadır ki, repetitorluqla məşğul olan müəllimlər əlavə mənzil kirayə edir və eyni zamanda bu mənzillərə görə də əlavə kommunal xərclər ödəyirlər. Mənzillərin də kirayə qiymətlərində təxminən 50 faizə qədər artım müşahidə olunur. Bu baxımdan, repetitorluqla məşğul olan müəllimlərin əlavə xərcləri artdığına görə qiymətlərə də öz təsirini göstərir. Burada məcburiyyət yoxdur, valideynlər ciblərinə uyğun olaraq repetitorlara müraciət edə bilərlər. Hazırda ayda 200-300 manata da, 50-60 manata da hazırlaşdıran müəllimlər var. Valideyn daha adlı-sanlı müəllimə müraciət etmək istəyirsə, daha çox xərc çəkməli olur".
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz