Axtarış...

Azərbaycan 8 kəndini də geri alır: Qeyd-şərtsiz... - Başqa cür ola da bilməz...


Qazax və Sədərək rayonlarının işğal altındakı kəndlərinin azad edilməsi məsələsi Azərbaycanla Ermənistan arasında gedən sülh danışqlarında əsas mövzulardan birinə çevrilir.

Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 7-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon söhbəti zamanı Azərbaycanın 8 kəndinin hələ də Ermənistanın işğalı altında olduğunu deyib.

Dövlət başçısı bu kəndlərin işğaldan azad olunmasının vacibliyini vurğulayıb. Çox güman ki, qarşıdan gələn danışıqların gündəliyini Ermənistan qoşunlarının Qazax rayonunun 7 kəndinin (Yuxarı Əskipara, Aşağı Əskipara, Bağanıs Ayrım, Xeyrimli, Sofulu, Barxudarlı, Qızılhacılı) və Sədərək rayonunun Kərki kəndindən çıxarılması məsələsi təşkil edəcək.

Bu torpaqlar Azərbaycana qaytarılmadan iki ölkə arasında sülh müqaviləsinin imzalanması mümkün deyil. Çünki 8 kəndin işğal altında qalması Ermənistanın Azərbaycana qarşı ərazi iddiasını davam etdirməsi deməkdir.

Ona görə də sülh sazişinin ən vacib şərti kimi Ermənistan adları çəkilən kəndləri Azərbaycana qaytarmaqla ərazi iddiasından imtina etdiyini sübuta yetirməlidir. Əks təqdirdə, Azərbaycan beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq 2020-ci ildə olduğu kimi öz ərazi bütövlüyünü təmin etmək üçün hərbi əməliyyatlara başalaya bilər.

Qeyd edilən məsələnin Prezident İlham Əliyev tərəfindən Şarl Mişelə çatdırılması Brüssel formatı çərçivəsində aparılacaq danışıqlarda Ermənistanın qarşısında işğal altındakı kəndləri qaytarmaq tələbinin qoyulacağından xəbər verir. Bu, həm də Ermənistana və beynəlxalq ictimaiyyətə ünvanlanmış xəbərdarlıq mesajı kimi də qəbul oluna bilər.

Ermənistan isə hələ ki, 8 kəndi işğal altında saxlamaqla bu əraziləri ilhaq etmək niyyətindən imtina etmədiyini göstərir. Hətta erməni sosial mediasında guya Azərbaycanın Ermənistanın 109 kv.km. ərazisinə iddia etdiyinə dair məlumatlar yayılıb.

Maraqlıdır ki, ermənilər 109 kv.km ərazi kimi işğal altındakı 8 kəndin xəritəsini yayıblar. Bununla da həmin kəndləri Ermənistan ərazisi kimi qələmə veriblər.

Yəni Ermənistan hələ də Azərbaycana qarşı ərazi iddiasından geri çəkilmir. Bu isə rəsmi İrəvanı üçüncü dəfə kapitulyasiya ilə barışmağa vadar edə bilər.

Xatırladaq ki, Ermənistan 8 kəndin qaytarılması prosesindən yayınmaq üçün indiyə qədər Azərbaycanın qarşısında müxtəlif şərtlər irəli sürüb. 44 günlük müharibədn sonra rəsmi İrəvan bəzən bu məsələni sərhədlərin delimitasiyası və demarkasiyası prosesi çərçivəsində həll etməyi təklif etdi. Lakin bu, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə tamamilə ziddir.

Çünki delimitasiya və demarkasiya prosesi 10 illərlə davam edə bilər. Bu isə həmin kəndlərin həmin müddətdə işğal altında qalması deməkdir. Yəni Ermənistan Azərbaycanı mövcud status-kvo ilə barışmaq üçün vaxt qazanmaq istəyir. 2023-cü ilin iyun ayında isə Ermənistanın Baş naziri Nikol Paşinyan 8 kəndin qaytarılması ilə bağlı yeni şərtlər irəli sürdü.

O, Ermənistan tərəfinin anklav kəndləri Azərbaycana qaytarmağa hazır olduğunu vurğulayıb. Bunun müqabilində Paşinyan birinci şərt kimi Ermənistanla Azərbaycan arasında delimitasiya prosesinin 1975-ci il xəritələri əsasında aparılmasını təklif edib.

Eyni zamanda, Baş nazir Azərbaycanın nəzarətində olan bir neçə kəndin Ermənistana qaytarılmasını istəyib. Söhbət Gədəbəy rayonunun Başkənd kəndi, həmçinin Ağstafa rayonunun Tatlı kəndi ilə həmsərhəd olan Tatlı (Paravakar) kəndi, Karvansaray (İcevan) rayonunun Qazax rayonu şərti sərhəddə yerləşən Bibiş (Berkaber), Hönüt (Ayqevotiya), Lələkənd (Vazaşen), Kəlbəcər rayonu ilə sərhəddəki Zod-Xəzinəvar (Sotk-Xoznavar) məntəqəsinin ərazilərindən gedir.

Paşinyan həmin torpaqlara guya Azərbaycan Ordusunun nəzarət etdiyini bildirir. Paşinyan işğal altındakı 8 kəndin qaytarılması müqabilində Gədəbəy rayonunun Başkənd kəndinin Ermənistana verilməsini təklif edir.

Qeyd edək ki, tarixi Azərbaycan torpağı olan Başkənd 1920-ci ildə bolşevik Rusiyası tərəfindən qanunsuz olaraq Ermənistan SSR-in tərkibinə verilib. Yəni Başkənd tarixi Azərbaycan torpağıdır. Birinci Qarabağ müharibəsi zamanı Başkənddə yaşayan ermənilər də separatizm hərəkatına qoşularaq silahlanıb və yolları bağlayıb.

Onlar Gədəbəy rayonunun digər kəndlərinə hücum edib dinc əhalini qətlə yetirib. Ona görə də Azərbaycan Ordusu 1992-ci ildə hərbi əməliyyat keçirərək Başkəndin azad olunmasına nail olub.

İkincisi, Ermənistan 8 kəndi sərhədlərin delimitasiyası prosesi çərçivəsində və ərazi mübadiləsi əsasında qaytarmağı təklif edir. Halbuki, Ermənistan kapitulyasiya sənədinə imza atmış ölkə kimi işğal altındakı kəndləri qeyd-şərtsiz Azərbaycana qaytarmalıdır. Ona görə də heç bir ərazi mübadiləsindən söhbət gedə bilməz.

Qeyd edək ki, Bibiş (başqa bir qədim adı isə Coğazdır) kəndi də tarixi Azərbaycan torpağıdır. 1988-1989-cu illərdə azərbaycanlılar Ermənistandan deportasiya olunduqdan sonra kənddə ermənilər yaşamağa başlayıb.

Bibişin ərazisində yerləşən su anbarı Karvansaray rayonunu su ilə təhciz edir ki, bu da kəndin çox strateji əhəmiyyətli olduğunu göstərir. Kənddə indi də erməni əhalisi yaşayır və yaşayış məntəqəsi heç vaxt Azərbaycan Ordusu tərəfindən işğal edilməyib. Əksinə, Bibiş kəndi istiqamətindən Qazax rayonunun sərhədyanı kəndləri və hərbi mövqelərimiz atəşə tutulur.

Sadəcə, Paşinyan bu kəndin məsələsini gündəmə gətirməklə Bibişin Ermənistan ərazisi kimi Azərbaycan tərəfindən rəsmən tanınmasına nail olmaq istəyir.

Digər məqsəd isə ermənilər tərəfindən ələ keçirlmiş ətraf yüksəkliklərin və su anbarına nəzarətin Ermənistanda qalmasına nail olmaqdır. Paşinyan yaxşı bilir ki, Qərbi azərbaycanlıların öz vətəninə qaytarılması məsələsi qaldırılsa, beynəlxalq hüququn tələblərinə uyğun olaraq, Bibişdə qanunsuz məskunlaşmış erməni sakinlər oradan çıxmalı, deportasiya edilmiş yerli əhali tarixi torpaqlarına dönməlidir. Ona görə də Ermənistan rəhbərliyi bu kəndin ermənilərə məxsus olduğuna dair güzəşt qoparmağa çalışır.

Tatlı kəndinin isə sovet dövründə adı dəyişdirilərək Ermənistan SSR-in ərazi-inzibati vahidinə daxil edilib və qanunsuz olaraq həmin yaşayış məntəqəsində ermənilər məskunlaşdırılıb.

Ermənistanın Azərbaycana qarşı işğaçılıq müharibəsi başladıqdan sonra bu ərazidən Ağstafa rayonunun həmsərhəd Tatlı kəndi daim atəşə tutub. Hər iki kəndin Tatlı adlanması bu ərazilərin tarixi Azərbaycan torpağı olduğunu sübut edir.

Lakin Azərbaycan indiyə qədər ermənilərin “Parakavar” adlandırğı Tatlı kəndini işğal etməyib və heç vaxt bu yaşayış məntəqəsinə ərazi iddiası irəli sürməyib. Paşinyanın Tatlı kəndinin Azərbaycan Ordusunun nəzarətində olması barədə fikirləri isə yalandır.

Paşinyanın Ayqeovit adlandırdığı kəndin əsl adı Uzuntala, yaxud Hönütdür. Rusiya imperiyasının dövründə Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda yerləşən Hönüt kəndi SSRİ dönəmində qanunsuz olaraq Ermənistana verilib.

Kənd 1967-ci ilə qədər Uzuntala, 1969-cu ilə qədər Hönüt adlanıb, daha sonra ermənilər öz qondarma adlarını veriblər. 1988-ci ildə azərbaycanlı əhali qovulduqdan sonra kənddə ermənilər süni şəkildə məskunlaşıblar.

Azərbaycan Ordusu heç vaxt Hönüt kəndini nəzarətə götürməyib və erməni əhali də oranı tərk etməyib. Azərbaycan Hönüt kəndinə ərazi iddiası da irəli sürməyib.

Tarixi Azərbaycan torpağı olan Lələkənd bir zamanlar Yelizavetpol quberniyasının Qazax qəzasına aid olub. SSRİ dövründə Lələkənd Ermənistanın Karvansaray rayonunun ərazi-inzibati vahidinin tərkibinə verilib. 1935-ci ildə kənd Laləkənd, sonra Laləqyux, 1978-ci ilin yanvar ayında isə Ermənistan SSR Ali Sovetinin qərarı ilə ermənicə Vazaşen adlandırılıb.

1988-ci ildə Qərbi Azərbaycanın digər ərazilərində olduğu kimi Lələkənd kəndindən də azərbaycanlı əhali deportasiya edilib. Ermənistan ordusu Birinci Qarabağ müharibəsi zamanı Lələkənddən hücuma keçərək hakim yüksəklikləri, Qazax rayonunun Sofulu və Barxudarlı kəndlərini işğal edib.

Ermənilərin həmin istiqamətdə hücuma keçərək Qazax rayonunun Bala Cəfərli kəndini işğal etməsinin qarşısını almaq üçün 1992-ci il dekabrın 29-da Azərbaycan Ordusunun əks-hücum əməliyyatı keçirilib. Lakin düşmənin əməliyyat barədə öncədən məlumatlı olması Azərbaycan əsgərlərinin pusquya düşməsi və 32 nəfərin şəhid olması ilə nəticələnib.

Lakin Ermənilər Bala Cəfərli kəndini işğal edə bilməyib. Hazırda Paşinyan Lələkənd məsələsini qabartmaqla Qazax rayonunun ərazisinə düşən yüksəkliklərin Ermənistanda qalmasına nail olmağa çalışır. Hazırda Lələkənddə ermənilər yaşayır.

Kəlbəcər rayonunun sərhədində yerləşən Zod-Xəzinavar ərazisi dedikdə isə Ermənistan hakimiyyəti bu ərazilərin guya 2021-cilin may ayında Azərbaycan tərəfindən “zəbt” edildiyinə dair absurd iddia irəli sürür.

Əslində Paşinyan dolayısı ilə 3554 metr hündürlüyə malik Böyük İşıqlı yüksəkliyinə və “Zod” qızıl yatağının Azərbaycana məxsus hissəsinə iddiasını ortaya qoyur. Halbuki, Böyük İşıqlı yüksəkliyi və ətraf ərazilər sovet dövründə də Azərbaycana məxsus olub. Üstəlik, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası aparılmadığına görə rəsmi irəvanın iddiları qəbuledilməzdir.

Cebhe.info
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz