Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) qərarı ilə daha bir kredit-maliyyə strukturunun lisenziyası ləğv edilib. Tənzimləyici “Muğanbank”ın bağlanmasının səbəbini onun məcmu kapitalının minimum 50 milyon manat tələblərinə cavab verməməsi və adekvatlıq əmsalının 3 faizdən az olması ilə izah edir.
Yerli qanunvericiliyin tələblərinə uyğun olaraq banka müvəqqəti inzibatçı təyin edilib və müflisləşmə yolu ilə ləğvetmə haqqında məhkəməyə ərizə verilib. “Muğanbank” bankomatları oktyabrın 17-də fəaliyyətini dayandırıb.
AMB hesab edir ki, bu strukturun ləğvi bank sisteminin vəziyyətinə - onun sabitliyinə və dayanıqlılığına təsir göstərməyəcək. Onun ölkənin bank sisteminin aktivlərində payı 1,4%, kredit portfelində 2%, sektorun öhdəliklərində isə 1,3% təşkil edir.
Maliyyə strukturu Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) üzv olduğundan əmanətçilərin sığortalanmış pul vəsaitləri mövcud qanunvericiliyə uyğun olaraq ödəniləcək. Eyni zamanda, əsas risklər fərdi sahibkarlar və əmanətləri sığortalanmayan hüquqi şəxslər seqmentində mövcuddur. Bankın Sığorta Fonduna hesabatına əsasən, oktyabrın 1-nə əhalinin əmanətləri 216,7 milyon manat təşkil edib və əmanətçilərin 99,9 faizi kompensasiya alacaq.
Amma sığortalanmış əmanətlərlə yanaşı, bankda sığortalanmamış əmanətçilərin pulları, hüquqi şəxslərin və fərdi sahibkarların vəsaitləri də olub. Pulun qaytarılması prosesi əvvəlki iflaslardan məlum olan ssenari üzrə gedir - ƏSF üç ay ərzində 216,7 milyon manat məbləğində sığortalanmış əmanətləri tam şəkildə qaytarmalıdır. Bununla belə, 2023-cü ilin sentyabr ayının sonunda “Muğanbank”ın depozit portfeli 322,5 milyon manat təşkil edib.
Mərkəzi Bankın açıqlamasında bildirilir ki, bankda 216,7 milyon manat sığortalanmış əmanət var. Belə çıxır ki, 106 milyon manata yaxın sığortalanmamış pulun taleyi sual altında qalır.
Həqiqətən də, mövcud qanunvericiliyə görə, pul almaq üçün sonuncu sırada pulları sığortalanmayan fiziki şəxslər, eləcə də sahibkarlar və hüquqi şəxslər dayanır. Əvvəlki ləğvetmə prosesləri göstərdi ki, son növbədə olan instansiya kreditorları üçün çox az və ya heç bir vəsait qalmır.
Azərbaycan Milli Məclisinin üzvü, iqtisadçı alim Vüqar Bayramovun sözlərinə görə, ƏSF qorunan əmanətləri kompensasiya edir: “Sığortasız əmanətlərə gəlincə, onlar faktiki olaraq bankın nəzarətindədir. Bu vəsaitlər o halda geri qaytarıla bilər ki, maliyyə strukturunun aktivləri öhdəliklərini üstələsin”.
Bu yerdə onu da xatırlatmaq lazımdır ki, 2016-cı ildə qəbul edilmiş “Əmanətlərin tam sığortalanması haqqında” qanun ötən ilin aprelində qüvvəsini itirib. Yeni qanuna görə, sığorta yalnız milli valyutada illik 12 faiz, xarici valyutada isə 2,5 faiz dərəcəsi ilə qoyulan cəmi 100 min manatı əhatə edir. Bundan başqa, fərdi sahibkarların bank hesablarında 20 min manat sığortalanıb.
Son illər bankların iflasa uğraması adi hala çevrilib, xüsusən də 20-dən çox bank artıq maliyyə səhnəsini tərk edib. Sonuncu dəfə uzun fasilədən sonra, bu ilin may ayında AMB “Günay Bank”ın lisenziyasını ləğv etdi. İflas zamanı 108 milyon 566 min manat investisiya qalıb ki, bunun da 38,5 milyon manatı əmanətlərin tam sığortalanması haqqında qanuna uyğun olaraq kompensasiya olunmaqla əhalinin sığortalanmış əmanətləridir. Mərkəzi Bank da o zaman bildirib ki, bankın əmanətçilərinin 99,9%-nə pulu qaytaracaqlar.
Bir çox analitiklər əvvəlki kiçik bankın səhnədən getməsini ölkənin kredit-maliyyə sektorunun üç böyük bankın inhisarlaşmasının güclənməsi prizmasından qəbul edirlər. Ən iri maliyyə institutlarının ümumi bazar payı ötən il artaraq 65 faiz, depozit portfeli 13 faiz artaraq bütün depozit seqmentinin 70 faizini təşkil edib, kredit portfellərinin payı isə 48 faizə yüksəlib.
AYNA