Oktyabrın 24-də Azərbaycan Mətbuat Şurasında İdarə Heyətinin üzvləri ilə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun və qurumun rəhbər şəxslərinin görüşü keçirilib.
MŞ-nin sədri Rəşad Məcid MŞ-nin təmsilçiləri ilə MEDİA rəhbərliyinin təmaslarının media məkanımızdakı proseslərlə bağlı fikir mübadiləsi aparmaq baxımından əhəmiyyətli cəhətlərinə toxunub, görüşlərin ənənəvi xarakter almasından məmnunluğunu dilə gətirib.
Görüşdə əsasən ölkəmizdə region mediasının hazırkı vəziyyəti və perspektiv inkişaf istiqamətləri ilə bağlı məsələlər müzakirə olunub.
Ə.İsmayılov bildirib ki, rəhbərlik etdiyi qurum Quba və Lənkəranda region mətbuatının nümayəndələri ilə görüşlər keçirib. Sistemli xarakter daşıyan bu görüşlərdə məqsəd regionlardakı media mühitinin diaqnostik qiymətləndirməsini apararaq bu sahənin inkişafına istiqamətlənən addımlar atmaqdır.
Görüşdə MŞ-nın İdarə Heyətinin üzvlərinin təklifləri dinlənilib və sualları cavablandırılıb.