Sentyabr ayının əvvəlindən etibarən Azərbaycanda pomidor kəskin bahalaşıb. Bazarlarda 1-1,4 manata satılan bu tərəvəzin qiyməti birdən-birə 4-6 manata qədər yüksəlib, hələ də qiymətlər bu həddə qalmaqdadır. İndiyədək bir qayda olaraq, pomidorun bahalaşması payız aylarında - oktyabrdan etibarən müşahidə olunurdu: açıq sahədən yığım dayanır, örtülü sahədən - istilikxanalardan yığım isə təzə başlanırdı deyə qiymətlər bahalaşırdı. Lakin bu il bahalaşma sentyabrın əvvəllərindən start götürdü ki, bu da cəmiyyətdə çoxsaylı suallara səbəb oldu.
Pomidor istehsalçıları və ixracatçıları ilə apardığımız söhbətlərdən məlum oldu ki, Azərbaycanda pomidorun vaxtından əvvəl bahalaşmasının ən mühüm səbəbi əsas ixrac bazarı olan Rusiyadakı qiymət artımıdır. İstehsalçılar deyirlər ki, daxili bazarda qiymətlər bir qayda olaraq Rusiya bazarına uyğun tənzimlənir. Rusiya Dövlət Statistika Komitəsinin məlumatına əsasən, sentyabr ayında Rusiyada pomidorun qiyməti rekord səviyyədə bahalaşıb. Ötən ay “qırmızı qızıl” Rusiyada 21,7 faiz bahalaşıb və bu proses hələ də davam edir. Belə ki, oktyabrın 10-16-da pomidorun qiyməti daha 5,5 faiz artıb.
Bu fakt göstərir ki, Azərbaycanın pomidor ixracında Rusiyadan olan kəskin asılılığı ölkə əhalisinə, daxili bazara heç də müsbət təsir amili deyil: bu asılılıq yalnız istehsalçı və ixracatçılara deyil, bütün ölkə əhalisinə problem yaradır. Ölkənin rəsmi statistikasına əsasən 2023-cü ilin yanvar-sentyabrında Azərbaycan xaricə 124 milyon 294.80 min dollarlıq 112 071.52 ton pomidor ixrac edib. Ötən ilin eyni dövründə 134 milyon 279.33 min dollar dəyərlə 112 354.16 ton ixrac olmuşdu.
Yanvar-sentyabrda pomidor ixracının 120 milyon 380,97 min dollarlıq 109 min 685,83 tonu Rusiyaya, qalanı Belarus, Qazaxıstan, Moldova, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Qətər, Səudiyyə Ərəbistanı, Polşa, cüzi həcmdə Sinqapura ixrac edilib. Baxmyaraq ki, ixrac coörafiyasında genişlənmə var, bu amil Azərbaycanın pomidor ixracında Rusiyadan asılılığının azalmasına gətirib çıxarmayıb.
Məlumdur ki, Azərbaycanda örtülü sahədə pomidor istehsalının artımında əsas rolu Türkiyədən Rusiyaya pomidor ixracının qadağan olunması oynayıb. 2015-ci ildə məlum təyyarə hadisəsi zamanı Rusiya Türkiyədən pomidor idxalını tamamən dayandırdı. Bu, Azərbaycandan idxal üçün münbit zəmin yaratdı, dövlətin geniş subsidiya dəstəyi ilə iki ildə istilikxanaların sahəsi 400 hektardan 1500 hektara qədər artırıldı. Rəsmi məlumata əsasən 2022-ci ildə ölkədə ümumi sahəsi 1,6 min hektar olan 3154 vahid istixana fəaliyyət göstərib. Həmin istixanalarda 369 337,4 ton pomidor, 28873,8 ton xiyar istehsal edilib.
Ümumiyyətlə, son 8 ildə Rusiya siyasi hakimiyyəti dəfələrlə müxtəlif ölkələrə qarşı idxal qadağası tətbiq edib. Bunun hamısı məhz “Rosselxoznadzor”un əli ilə və demək olar ki, eyni iddialarla həyata keçirilib. Hər dəfə “Rosselxoznadzor” idxal olunan bu və ya digər məhsulda ya zərərverici, ya da orqanizm üçün təhlükəli olan maddələr “tapır”. 2020-ci ildə Azərbaycan 44 günlük Vətən müharibəsini zəfərlə başa çatdırdıqdan sonra Moskva öz tələblərini yürütmək üçün ölkəmizdən pomidor və alma idxalını qadağan etdi. Nəticədə Azərbaycan ixracatçıları böyük zərərlə üzləşdilər.
Türkiyə ilə münasibətlər normallaşmağa başlayandan dərhal sonra Rusiya oradan pomidor idxalına məhdudiyyətlərlə də olsa icazə verdi. Lakin Türkiyə sahibkarları bu icazəyə baxmayaraq, özlərini yenidən bu ölkəyə ixracdan asılı hala gətirmədilər. Onlar məhsullarını başqa istiqamətlərə yönəltmək istiqamətində böyük uğurlar əldə ediblər. Bu ilin birinci yarısında Türkiyə 325,2 min ton pomidor ixrac edib. Türkiyə pomidorlarını 48 ölkə alıb. 2015-ci ilədək Türkiyənin pomidor ixracında birinci yerdə olan Rusiya indi alıcılar arasında 5-cidir. Bu ölkəyə altı ayda cəmi 29,563 milyon dollarlıq məhsul satılıb.
Təəssüflər olsun ki, Azərbaycan istehsalçıları pomidor ixracını diversifikasiya etmək sahəsində nailiyyət əldə edə bilməyiblər. 2020-ci ildə üzləşdikləri on milyonlarla dollarlıq zərər bu məsələdə sahibkarlarımız üçün yetərli olmayıb. Bazarlar genişlənmədiyinə görə ixrac həcmlərində, istehsalda çox cüzi artım var. Halbuki Rusiyanın özündə gedən proseslər qadğalar olmasa belə, tezliklə Azərbaycandan pomidor idxalının azalmasını şərtləndirəcək. Çünki ölkədə istilikxanada pomidor istehsalı sürətlə artırılır. 2022-ci ildə Rusiyanın pomidor idxalı 13,1 faiz azalmaqla 371 min ton təşkil edib. Bunu yerli istehsalın artması ilə əsaslandırırlar: ötən il Rusiyada istilikxanalarda ümumi tələbatın 65 faizi qədər - 711 min ton pomidor istehsal olunub. Ümumilikdə örtülü torpaqda tərəvəz istehsalı 1,6 milyon ton təşkil edib. Beləliklə, Rusiya belə tərəvəzə olan illik 1,8 milyon tonluq tələbatını ödəmək üçün yalnız 13,1 faiz idxala ehtiyac duyub.
Bu il isə oktyabrın 12-dək Rusiyada istixanalardan 1,23 milyon ton, ötən ilin eyni dövründəkindən 1,6 faiz çox məhsul toplanıb. Ölkənin Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, bunun 644 tonu xiyar, 512 tonu pomidor olub. İstehsalın artımı istilikxana təsərrüfatlarının genişləndirilməsi hesabınadır. 2022-ci ilin sonuna Rusiyada istilikxana salınan torpaqların sahəsi 4,1 min hektara çatıb. 2018-ci ildən bəri 1,5 min hektar sahədə 4 və 5-ci nəsil istilikxana təsərrüfatı qurulub. Belə istilikxana təsərrüfatlarında yetişdirilən pomidorun rentabelliyi 20 faizdən yuxarıdır.
Azərbaycan istehsalçılarının bazar axtarışlarına vaxt, əmək sərf etməkdənsə, bir bazardan asılı qalmağı üstün tutmaları təəssüf doğurur. Bu vəziyyət göstərir ki, dövlət subsidiyasının ayrılması barədə qərarları qəbul edərkən ən azı 10 illik planlaşma təqdim olunan sahələrə üstünlük verilməlidir. //musavat.com//