Sabunçu qəsəbəsi, Qambay Vəzirov küçəsinin sakinləri illərdir, dəmir yolunun kənarında yaşayırlar. Onları saatdabir keçən sürət qatarlarından sadəcə nazik bir çəpər ayırır.
“Yol çəkirdilər, gedib yolda nümayəndələrə şikayətimizi bildirdik ki, axı bizim bu ev, dəmir yoluna bitişikdir. Bizə yardım edin, kömək edin, belə yaşayış olmur. Səhər saat 7-də o qatar bir fit verib gedir ki, mətbəxdə qablar şaqqıldayır”, – Məleykə Qasımova belə deyir.
Buranın yolları dar, evləri iç-içədir. Uşaqlar adətən dəmir yolunu ayıran çəpərin ətrafında oynayır, böyüklər isə elə gediş-gəliş üçün bu yoldan istifadə edirlər. Ceyran Nəbiyeva danışır ki, bu gün-sabah söküləcək deyə-deyə, ömrünün 35 ilini burda keçirib:
“Bir sağa, bir sola bir addım yolumuz var. Elə o yolla gedirik, zülm də olsa, keçib, əyilə-əyilə gəlirik. Biz xəstə adamıq, maşın gəlmir qapıya. 100 metr ayaqla gedirik ki, maşın yoluna çıxaq, maşın gəlsin. Bir şey alıb gətirəndə evə çatdıra bilmirik. Təcili yardım gələndə gedib qabağına çıxmalıyıq ki, gəlib xəstəyə baxsın. Meyiti dar yerdən zorla çıxarıb, basdırmağa aparırlar”.
“Qabaq binada yanğın oldu, bina yandı, qadın içərisində kül oldu, çıxara bilmədilər. Yəni, yanğınsöndürənin girməyinə yol yoxdur ki, gəlib, girsin, yanğını söndürsün, xilas etsin. Edə bilmədi ki, evin içərisində yandı, öldü”, – Nahidə Məmmədova söyləyir.
Sakinlər deyir, ata-babalarının da yaşadığı bu binaların bir əsrdən çox yaşı var. Amma artıq qəzalı vəziyyətdədir, sökülməlidir.
“Hara gedək? Köhnə evlərdir. Gəlin bir baxın, görün, mən harda oluram. Suyun üstündə oluram ey mən. Neçə dəfə gəlib, baxıblar. Nə olsun? Hara gedim, imkanım yoxdur mənim. Ona görə də, salmışam başımı aşağı, yaşayıram”.
“MİS-ə ərizə ilə müraciət etmişik. Bakı Şəhər İcra Hakimiyyətinə, Dəmiryolu İdarəsinə, Cavid Qurbanov yoldaşa da… Orada, ümumiyyətlə, bizi qəbul etmədilər. Bizə lazım olan odur ki, aidiyyatı qurumlar gəlsin, yaşayış tərzimizə baxsın, özləri qiymətləndirsin. Bina yıxılır, sökülür. Sabah biz qaldıq binanın altında, sığortalanmışıq? Kimsə cavablandıracaq? Yox”,- Məleykə Qasımova şikayətlənir.
Sakinlərin şikayətlərilə əlaqədar rəsmi qurumlara müraciət olunub. Azərbaycan Dəmir Yolları QSC Meydan TV-nin sorğusunu 2 həftə ərzində cavabsız qoyub. 148 saylı Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi Daşqın Abdullayev isə bildirib ki, sözügedən binalar istismar müddətini bitirib:
“Binaların qəzalı vəziyyətdə olması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunub. Fövqəladə Hallar Nazirliyi tərəfindən baxış keçirildikdən sonra, lazım gələrsə, həmin binalar mərhələli şəkildə söküləcək”.
Sakinlər isə həmişəki kimi gözləyirlər. Ümid edirlər ki, səsləri eşidiləcək və evləri söküləcək. //meydanTV//