Sabirabad rayonu, Yaxabeşdəli kənd sakini Səmədov Pərviz Əlişəfa oğlu tərəfindən "Hürriyyət" qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Kür çayının daşması ilə əlaqədar evi ciddi zədələnsə də, rəsmi qurumlar yaşayış evinin vəziyyətini “qənaətbəxş” hesab ediblər:
"Mən, Səmədov Pərviz Əlişəfa oğlu, başıma gələn haqsızlığı işıqlandırmağınızı sizdən xahiş edirəm.
Təbii fəlakət, daha dəqiq desək Kür çayının daşması nəticəsində yaşayış evim yararsız vəziyyətə düşdü. Bununla əlaqədar müvafiq qurumlara müraciət etdim, baxış keçirildi və dəyən zərəri gördülər. Bir müddət sonra tikinti başlayacaqdı, lakin fikirlərini dəyişdilər, heç bir köməklik göstərmədilər. İndi heç qəzalı vəziyyətdə olan ev də yoxdur, qalmayıb, su yuyub aparıb.
Dövlət tərəfindən qarşılanmasın deyə, bəzi məmurların saxtakarlığını sizə sübüt edirəm. Hadisədən 10 il keçib, mənə indi məktub göndəriblər ki, “bizə təqdim etdiyiniz sənədlərə əsasən sizin fərdi yaşayış evinin vəziyyəti qənaətbəxş hesab edildiyindən, tərəfimizdən hər hansı bir tədbirin görülməsinə əsas yoxdur”.
Qeyd etdiyim kimi, hadisədən 10 il keçib artıq qəzalı vəziyyətdə olan ev yoxdur, qalmayıb, bunlar hansı “qənaətbəxş” hesab edilən evdən danışırlar, biz bilmirik”.
Redaksiyadan: Rəsmi qurumların mövqeyini dərc etməyə hazırıq.