““Olympus MMC” tərəfindən bizim yaşadığımız ərazidə yeni pilot layihəyə uyğun binalar tikilir. Mənə etdikləri təklif qane etmədiyi üçün razılaşmadım və evimdən çıxmadım. Buna görə də düz bir ilə yaxın müddətdir ki, qazı, 3-4 aydır ki, suyu kəsiblər”.
Millitv.az bildirir ki, bu şikayətlə “Qafqazinfo”ya Nəsimi rayonu, Abay küçəsi ev 8 ünvanında yaşayan Ələkbər Tağıyev müraciət edib.
Şikayətçi bildirir ki, şirkət onu evdən çıxarmaq üçün müxtəlif narahatçılıqlar yaradır, həm maddi, həm də mənəvi zərərlər verir: “Yaşadığım ev 139 kvadrat metrdir. Onlar təklif edir ki, bunun əvəzində mənə iki ev və yerdə qalan 34 kvadrat metri 1500 manatdan hesablayaraq 51 min manat pul versinlər. Mən isə bununla razılaşmıram. Buna görə də hazırda şirkət tərəfindən evimin ətrafında qazıntı işləri gedir və qəsdən suyu, qazı kəsiblər. Evimin divarının düz yanında quyu qazıyıblar ki, divar çöksün. Qaz və su olmadığı üçün acınacaqlı vəziyyətdə yaşayırıq. Etdikləri təkliflə razılaşmadığım üçün 5 yaşlı və 9 aylıq iki körpə uşaqla qalmışıq belə...Məndən başqa, həmin ərazidə, yaxınlıqda yaşayan və qiymətlə razılaşmayan daha 3-4 ailə var”.
Vətəndaş bildirir ki, həm evi, həm də torpağı özəlləşdirib. Elə şirkətlə aralarındakı problemə də bu səbəb olub. Şirkət iddia edir ki, torpaq vətəndaşa deyil, dövlətə məxsusdur. Bu səbəbdən də “Olympus MMC” məsələ ilə əlaqədar məhkəməyə də müraciət də edib.
Belə ki, iddiaya görə, şirkət bu fikirlə razılaşmır. Buna görə də vətəndaşı məhkəməyə verib.
Məsələ ilə bağlı “Olympus MMC”nin əməkdaşı Cəlal Fərəcullayevlə əlaqə saxladıq. O, vətəndaşın dediklərinin həqiqətə uyğun olmadığını bildirib: “Vaxtilə ona təkliflər olunub və razılaşmayıb. Bundan sonra məhkəməyə müraciət edilib. Vətəndaşın dedikləri yalandır. Daha ətraflı isə şirkətin hüquqşünası ilə danışın”.
Əlaqə saxladığımız şirkətin hüquqşünası Elmar Kərimov isə sözügedən məsələ haqda heç bir məlumat verə bilməyəcəyini bildirdi.