Axtarış...

Əmrahovların ipoteka maxinasiyası

Əmrahovların ipoteka maxinasiyası


Xatırladaq ki, bir müddət bundan əvvəl Bakıda insanları aldadaraq pul alıb güzəştli şərtlə onlara ipoteka kreditilə ev veriləcəyini vəd edən şirkətlə bağlı polisə şikayət daxil olmuşdu. Şikayətçilərin sayı 30-dan çox idi və vətəndaşlara dələduzluq yolu ilə 250 min manatdan çox ziyan vurulmuşdu. Söhbət Xətai rayonu ərazisindəki Ağ Şəhərin Mərkəzi Bulvar küçəsində fəaliyyət göstərən “Evimiz İpoteka” MMC şirkətindən gedir. “Evimiz İpoteka” MMC şirkətinin təsisçisi Əmrahov Vüqar Rasim oğlu olsa da, ev almaq istəyən vətəndaşlarla müqaviləni qardaşı Əmrahov Ramin Rasim oğlu bağlayırmış. Onun köməkçisi, sənədləri qəbul edən şəxs isə Günel Əmirova olubdu. Həmin vaxtlar sosial şəbəkədə yayılan videodan da göründüyü kimi vətəndaşların polisə şikayətindən sonra Ramin Əmrahov və onun dəstəsi ofisi tərk edərək qaçıblar.

Videoda şikayətçi Günel Vəliyeva deyir ki, Ramin Əmrahov mənə dedi ki, sənə 4 faizlə güzəştli ipoteka krediti düşür və məndən 15 min manat pul istədi. Şikayətçi sonra deyir ki, mən pulu Ramin Əmrahova verdim və müqavilə imzaladıq. Alqı-satqıya 2-3 gün qalmış Ramin telefona cavab vermədi, onda bildim ki, bu adam dələduz imiş…

Başqa bir şikayətçi Cəlal Şükürovun sözlərinə görə, sözügedən şirkətin rəhbərliyi fırıldaqçılıqla məşğuldur. Cəlal Şükürovun şikayətini olduğu kimi təqdim edirik: “Nişanlıyam, 24 yaşım var. Mənzilə ehtiyacımız olduğu üçün valideynlərimlə birgə “Evimiz İpoteka” MMC şirkətinə üz tutduq. Mənzili anamın adına ipoteka ilə almaq istəyirdik. Çünki müəllimlərə 4 faizlik güzəşt tətbiq olunduğu bildirildi. Anam müəllimədir. Mən öz adıma 8 faizlə ala bilərdim. Fevral ayının 2-də şirkətin direktoru Əmrahov Ramin Rasim oğlu ilə müqavilə bağladıq. 7 min manat ödəniş etdik. Şirkətin təsisçisi Əmrahov Vüqar Rasim oğludur. Ancaq bütün müqavilələri Ramin adlı şəxs bağlayır. Qısası, fevralın 18-dən bu günə qədər həmin şəxs zənglərimizə baxmır. Müqavilə bağladığımız yerə də dəfələrlə baxdıq, ancaq heç kimi tapa bilmədik. Valideynlərinin qapısına gedəndə onlar “bizim belə bir övladımız yoxdur” dedilər. Yəni övladları ilə əlaqəni kəsiblər, həmin şəxs valideynlərinin yanında görəsən o dərəcə hörmətini itiribmi? Sonradan bizə məlum oldu ki, bu şirkət ümumi 30 şikayətçidən təxminən 250 min manata yaxın vəsait mənimsəyib”.

Başqa bir şikayətçi Cahid İsmayılov isə deyir ki, güzəştli ipoteka krediti ilə mənzil almaq üçün Ağ Şəhərdəki “Evimiz İpoteka” MMC şirkətindən gedib. Və orada Əmrahov Ramin Rasim oğlu ilə söhbət eləyib, 6 min manat verərək, müqavilə bağlayıb. Sonradan Ramin telefonlara cavab verməyib. Başqa bir şikayətçinin əmisi oğlu Şükürov İlqar bildirir ki, yaxın qohumlarının üç nəfər – Samid, Niyaməddin, Arif ümumilikdə 22 min manat pulu “Evimiz İpoteka” MMC şirkətinin rəhbərinə veriblər. Amma bu günə qədər nə evdən, nə də ki puldan heç bir xəbər yoxdur. Sözün qısası, 30-dan artıq vətəndaşımız dələduz dəstənin qurbanına çevrilibdi.

Qeyd edək ki, bu müraciətdən bir müddət sonra Daxili İşlər Nazirliyi lazımi araşdırmalar apardı və vətəndaşlar haqlı olduğu üçün Nizami RPİ-də cinayət işi başlanaraq Ramin həbs edildi. Aktualxeber.az-a daxil olan yeni məlumata görə artıq bir neçə gündür Raminin atası Rasim zərərçəkənlərə zəng edərək təhdid edir ki, şikayətlərini geri götürməsələr oğlu türmədə intihar edəcək və pulları da batacaq. Beləliklə onlar dələduzluğun yeni formasını tətbiq etməyə cəhd edirlər. Əgər vətəndaşlar şikayətçi olmasalar Raminin azadlığa çıxa biləcəyini düşünürlər. Bütün bu oyunlardan hüquq-mühafizə orqanları da xəbərdardır və ümidvarıq ki, tezliklə günahkarlar cəzalanacaq, vətəndaşlara dəyən ziyan da ödəniləcəkdir.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Aktualxeber.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz