“Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Həkim-Sanitar Xidməti Yol Sanitar Müfəttişliyi “Epidbiomed” MMC ilə toplam maliyyə dəyəri 132 913, 79 AZN təşkil edən üç satınalma müqaviləsi imzalayıb.
Millitv.az Reportyor.info-ya istinadən xəbər verir ki, şikrət qurumun laboratoriya reaktivlərinin, qidalı mühitlərin, sarğı materiallarının, dezinfeksiyaedici maddələrin və ziyanvericilərə qarşı mübarizə vasitələrinin, laboratoriya tədqiqatları, müayinələr üçün preparatlar və dezinfeksiyaedici vəsaitlərin, dərman, sarğı ləvazimatlarının və materiallarının satın alınması ilə bağlı üç kotirovka soruğusunun qalibi seçilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “Epidbiomed” MMC 19 noyabr 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 6-da yerləşir.
MMC-nin qanuni təmsilçisi Əliyev Məmməd Əli Sabir oğludur.
Məmməd Əli Əliyevdən əvvəl şirkətin qanuni təmsilçisi Mustafayev Surxay Tahə oğlu olub. 2019-cu ildə onu Məmməd Əli Əliyev əvəzləyib. Bu da səbəbsiz deyil. Çünki 2018-ci ildə “Epidbiomed” MMC-nin təsisçisi Namiq Əliyev və Surxay Mustafayev barəsində cinayət işi başlanıb. Onlara qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətindən sui-istifadə), 200-1.2.2-ci və 200-1.2.3-cü (dərman vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan olunub.
Baş Prokurorluğun bununla bağlı yaydığı məlumatdan aydın olur ki, “Epidbiomed” MMC dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olub. Eyni zamanda araşdırmalar zamanı bu şirkətin ölkəyə saxta dərmanlar idxal etdiyi üzə çıxıb.
Namiq Əliyev və digərləri barəsində cinayət işinin məhkəmə istintaqı Bakı Ağır Cinayətlərində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə aparılıb. Lakin açıq mənbələrdə məhkəmənin nəticəsi barədə heç bir məlumata rast gəlinmir.
Beləliklə, aydın olur ki, “Epidbiomed” MMC ölkəyə saxta dərmanlar idxal edirmiş. Keçmişi qaranlıq olan belə bir şirkət “Azərbaycan Dəmir Yolları” QSC kimi strateji bir qurumun etimadını necə qazanıb bəlli deyil.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmovdur. O, 2022-ci ildən bu vəzifədədir.