Ölkədə Qida Təhlükəsizliyi Agentliyi var. Niyə?! Çünki ölkədə qida təhlükəsi var. Yəni təhlükəli qidalar. Bu deməkdir qida təhlükəsizliyi. Bir də bu AQTA dediyimiz özü dönüb qida təhlükəsi olursa...
Yox, qidaları AQTA daşımır, pizzaları da AQTA bişirmir. Evlərə, ofislərə də yemək-içmək daşıyan AQTA deyil, başqalarıdır. Bax, o başqalarında biri Woltdur. AQTA-nın "başqa" gözlə baxdığı Wolt!
Kontrastlar, qəribəliklər məmləkətində yaşayırıq; AQTA-Wolt qovğasında bunu bir daha anladıq, gördük. Xəbərlərdə eşitdik və oxuduq ki, AQTA Wolt-u bağlayıb. Həm də necə bağlayıb?! Deyib ki, Wolt camaata yeməkdən başqa nə desən daşıyır? Deyib, Wolt-çular qaydaları pozur, sağlamlıq testindən keçmirlər və sair və ilaxır. Yeməklərin fiziki temperaturundan kuryerlərin psixoloji tempramentinə qədər çox problem sadaladılar və dedilər ki, Wolt-dan yemək gözləməyin, dayandırmışıq.
"Dayandırmışıq" deyib durub AQTA, amma Wolt dayanmayıb. Daha doğrusu, "dinc" dayanmır; deyir: "Biz işləyirik". Bəs AQTA deyən... Cavab da elə qarşılıqlı iddiaymış: Wolt deyir ki, AQTA şirkətə "təzyiq etmək üçün əsassız açıqlama yayır". "Əsassız açıqlama", bilirsiniz də nə deməkdir?! AQTA yalan danışır deməkdir. Belə olunca ağla gələn ilk fikir: iki qurumdan biri yalançıdır. Ya da bəlkə elə hər ikisi. Ancaq Wolt-dan fərqli olaraq, AQTA-nın yalanı rəsmi yalandır; axı AQTA dövlət idarəsidir. Dövlət yalan danışmaz axı. Danışa bilməz. Yalan danışan varsa, o dövlət deyil. O halda, deməli, konkret məmurlar dövlət adından yalan danışıb. Öz maraqları üçün.
AQTA: "Wolt-u yoxlayıb bağlamışıq" deyir. Amma, baxırsan, küçələr Wolt-un mopedləri, kuryerləri ilə qdoludur.
Belə olanda gərəkdir ki, dövlət də AQTA-nın bu açıqlamasını yoxlayıb söhbəti bir nəticəyə bağlasın. Yoxsa camaat çaş-baş qalacaq: rəsmi məlumata inansın, yoxsa, Wolt-un gətirdiyi pizzanı alıb yesin?! Siz anlaşıb dil tapana qədər kuryerin gətirdiyi yemək soyuyur axı.
Nəhayət, bir qərar verin, lütfən!
Seyid Əhmədli, Bizimyol.info