Axtarış...

AQTA sağlamlığımızı necə TƏHDİD EDİR... - ŞOK FAKTLAR...

AQTA sağlamlığımızı necə TƏHDİD EDİR... - ŞOK FAKTLAR...
Son günlər ölkənin ət bazarında böhran əlamətlərinin yaranması haqda yazmışdıq. Bir daha xatırladaq ki, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və onun sədri Qoşqar Təhməzlinin absurd qərarları əhalinin ətlə təminatını sual altına alıb.

Qeyd olunduğu kimi, AQTA-nın qərarına əsasən, müxtəlif ərazilərdə xüsusi heyvan kəsim məntəqələri yaradılıb və qəssablardan heyvanların məhz həmin məntəqələrdə kəsilməsi tələb edilir. Bu zaman qəssablar hər kəsilən heyvan ətinin bir kiloqramı üçün 1 manat ödəməlidirlər. Daşıma xərclərini də bunun üzərinə gəldikdə, ətin bahalaşmasına AQTA-nın məlum qərarının birbaşa təsir göstərdiyi açıq görünür.

Bununla belə, bəzi yerlərdə heyvanların əvvəlki qaydada, yəni qəssabxanalarda, yaxud da açıq havada kəsildiyinin də şahidi olururq. O baxımdan, AQTA-nın öz qərarının icrasına niyə nəzarət etməməsinin və ya etmək istəməməsinin səbəblərini öyrənmək üçün araşdırma apardıq.

Qəssablarla söhbət zamanı bildirdilər ki, AQTA-nın tələbinə uyğun olaraq, heyvanları kəsim məntəqəsində kəsdikdə, hər kiloqram ət üçün 1 manat ödəyirlər, daşıma xərcini də bura əlavə etdikdə, aylıq məsrəfləri 1500 manata çatır. Ancaq qəssablar bu işin də “çarə”sini tapıblar. Onlar AQTA-nın əməkdaşlarına aylıq 500 manat verməklə, heyvanları əvvəlki qaydada kəsməyə davam edirlər. Yəni AQTA nümayəndələri qəssablardan aldıqları 500 manatın qarşılığında qurumun haqqında danışılan qərarının pozulmasına şərait yaradırlar.

Digər tərəfdən, qəssabxanalarla yanaşı, restoran və kafelər də AQTA-nın basqısından kənarda qalmayıblar. Təsəvvür edin, Agentliyin əməkdaşları kafe və restoranlara girir, oradakı ərzaqları yoxlayır, mütləq bir “səhv” taparaq müəssisəyə 1700 manat cərimə yazıb gedirlər. Səbəb? Agentlik təmsilçiləri restoran və kafe sahiblərindən onların bazardan aldıqları ərzaq məhsullarının sənədlərini tələb edirlər.

Onlara bildirəndə ki, ərzaq bazardan alınıb və onu siz yoxlayıb satışına icazə verməlisiniz, o zaman ağına-bozuna baxmadan 1700 manat cərimə yazıb gedirlər. Çox maraqlıdır, əgər iaşə müəssisələrindəki ərzaq standartlara cavab vermirsə, AQTA həmin məhsulların bazarlarda satışına necə icazə verir? Əldə etdiyimiz məlumata görə, bazarlarda satışına icazə verilən ərzaq məhsullarının yoxlanışı tam formal xarakter daşıyır. Daha dəqiq desək, AQTA əməkdaşlarını “görən” ticarətçilər istənilən məhsulu satışa çıxara bilirlər.

Yuxarıda qeyd edilən məsələlərlə bağlı geniş araşdırma yazısını təqdim edəcəyik. //yenicag.az//
Text-to-Speech

DİNLƏ






Şərh yaz