Axtarış...

"Mən elmi və gəncliyimizi məhv edən korrupsionerlərin axırına çıxacağam!" - ŞOK FAKTLAR

"Mən elmi və gəncliyimizi məhv edən korrupsionerlərin axırına çıxacağam!" - ŞOK FAKTLAR


Bakı şəhəri, H.B.Əliyev küç. 6, mənzil 51 ünvanında yaşayan Məmmədov Arzu Əli oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və digər aidiyyəti qurumlara ünvanladığı müraciətin bir surətini də redaksiyamıza təqdim edib.

Arzu Məmmədovun gundemxeber.az-ın redaksiyasına Ali Attestasiya Komissiyasında baş verən özbaşınalıqlar və korrupsiya faktları ilə bağlı təqdim etdiyi yazılı müraciətini çoxsaylı oxucularımızın diqqətinə olduğu kimi çatdırırıq:
"Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası, İstiqlaliyyət abidəsinin bir neçə metrliyində yerləşir. Bu Komissiya əmlak üzrə görgəmli mütəxəssis Famil Mustafayevin rəhbərliyi altında “qapalı əqli əmlak hərracı” kimi fəaliyyət göstərir. Ekspert şuraları vasitəsi ilə iddiaçıları məcbur edirlər ki, onlar əqli əmlakları olan dissertasiyalarını alsınlar. Bu müraciətimdə məqsəd, Komissiyada korrupsiyanın çiçəklənməsində mühüm rol oynayan və korrupsiyanın özəyi olan ekspert şuralarının vəzifələrindən ikisinin Azərbaycan Respublikasının İnzibat icraat haqqında Qanununa və İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Qanuna zidd olduğunu sübut etməkdir.

1.Ekspert şuralarının vəzifələrindən biri:

- dissertasiya şuralarının və Komissiyanın qərarlarından verilmiş şikayət ərizələrinə (apellyasiyalara) baxılması və müvafiq tövsiyələrin hazırlanması;
Fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi və ya verməkdən imtina barədə qərarları ekspert şuralarının tövsiyəsi əsasında Komissiyanın Kollegiyası qəbul edir. Bu qərar qəbul etmə formal xarakter daşıyır və elmi ad verilib-verilməməsini ekspert şurası həll edir. Əgər ekspert şurası tərəfindən elmi dərəcə verməkdən imtina tövsiyəsi verilibsə, Kollegiya da imtina qərarı qəbul edəcək. Kollegiyanın qərarından verilmiş şikayətə ekspert şuralarında baxılması nə dərəcədə qanunauyğundur? Şikayətə baxılma ekspert şuaralarına hansı məqsədlə həvalə edilib? Ekspert şurasının tövsiyəsi əsasında elmi dərəcədən imtina barədə Kollegiyanın qərarından verilmiş şikayətə ekspert şurasında baxılması subordinasiya baxımından düzgün deyil və İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunun 79.5 maddəsinə ziddir. Bu maddəyə əsasən “Şikayət instansiyası şikayətə baxılmasını heç bir halda şikayət olunan inzibati aktı qəbul etmiş inzibati orqana və ya onun vəzifəli şəxslərinə həvalə edə bilməz”. Qərarın qəbulu üçün tövsiyyə vermiş ekspert şurası, verdiyi tövsiyyədən imtina edə bilərmi? Bilər! Rüşvət alıb edirlər! İnzibati icraat haqqında Qanunun 78.1 maddəsinə əsasən “Qanunda başqa müddət nəzərdə tutulmamışdırsa, şikayət instansiyası daxil olduğu gündən 1 ay müddətində inzibati şikayətə baxmağa və mahiyyəti üzrə qərar qəbul etməyə borcludur”. Heç bir şikayətçinin şikayətinə bir ay ərzində cavab vermirlər. Şikayətçinin əli cibinə salınana kimi onu get-gələ salırlar. Ekspert şuraları bu işi məharətlə həyata keçirirlər. Məsələn, mənim qızım 05.03.2023-cü il tarixdə Komissiyanın Kollegiyasının ona elmi dərəcə verməkdən imtina barədə qəbul etdiyi qərardan şikayət verib. Gözlənildiyi kimi bir ay müddətində, yəni 05.04.2023-cü il tarixinə kimi şikayətə baxılmadı. Buna görə də 06,04.2023-cü il tarixdə qızım iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etdi. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 72.2 maddəsinə əsasən “İnzibati aktdan eyni zamanda həm inzibati, həm də məhkəmə qaydasında şikayət (inzibati iddia) verildiyi hallarda, şikayətə məhkəmə qaydasında baxılır və şikayət instansiyasında həmin şikayət üzrə başlanılmış icraata xitam verilir.” Xitam verilmədi. Çünki, mənim qızım rüşvət vermək imkanı olan iddiaçıların siyahısında idi və buna görə də get-gələ salınmalı idi. Bu məqsədlə 11.04.2023-cü il tarixdə qızımın elektron poçtuna onu ekspert şurasının 26.04.2023-cü il tarixdə keçiriləcək iclasına dəvət barədə imzasız-möhürsüz məktub göndərdilər. 18.04.2023-cü il tarixdə ekspert şurasının iclasına distant qoşulmaq barədə qızımın elektron poçtuna məktub gəldi. Gördük ki, əlçəkmirlər. Qızım əsəbləşirdi. Buna görə də, etibarnamə ilə Ali Attestasiya Komissiyasında onu təmsil etməyi mənə həvalə etdi və bu barədə Famil Mustafayevə ərizə göndərdi və etibarnaməni də ərizəyə əlavə etdi. Bundan sonra, onun Sakin Cabarov aadlı müavini məktub göndərdi. Məktubunda qeyd etdi ki, Komissiyada nümayəndə ilə təmsil olunmaq nəzərdə tutulmayıb. Yəni, bu adamlar üçün əsas məsələ qanuna riayət etmək yox, pul qopartmaqdır. Sakin məktubunda qeyd etmişdi ki, iki ay ərzində qızım ekspert şurasına gəlməsə, dissertasiyasının ekspertizası dayandırılacaq. Bu korrupsionerlərə məktub yazıb, bunları başa salmaq istədik ki, “Eımi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”sinin 10.5. maddəsinə əsasən “Şikayətə inzibati qaydada “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və məhkəmə qaydasında Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq baxılır.” Inzibati icraat haqqında Qanunun 79.1 maddəsinə əsasən “İnzibati şikayətlər üzrə icraat bu fəslin xüsusiyyətləri nəzərə alınmaqla bu Qanunun IV fəslində müəyyən olunmuş qaydada həyata keçirilir.”Həmin Qanunun İV fəslində yer alan 37.1 maddəsinə əsasən “ Fiziki və ya hüquqi (maraqlı) şəxs inzibati icraatda şəxsən iştirak edə bilər və yaxud nümayəndə vasitəsilə təmsil oluna bilər”. Yəni, Ali Attestasiya Komissiyasında qızımın verdiyi şikayətin icraatında mənim onu nümayəndə kimi təmsil etməyim, tam qanunidir. Sakin Cabarovun iki ay ərzində ekspert şurasına üzürsüz səbəblərə görə gəlməmək hədə-qorxusu ilə əlaqədar bildirildi ki, onun hədələri dissertasiyanın baxılma mərhələsinə aiddir, şikayətə baxılma mərhələsinə yox. Bu korrupsionerlər bilirdilər ki, biz məhkəməyə müraciət etmişik, amma yenə də pul qopartmaq ümidlərini itirməmişdilər. Qızımın iddia tələbinə 22.05.2023-cü il tarixdə yazdığı etirazda Sakin Cabarov bildirirdi ki, “Hazırda iddiaçının 05.03.2023-cü il tarixli ərizəsi əsasında iddiaçıya elmi dərəcə verilməsi məsələsinə Komissiya tərəfindən appelyasiya qaydasında baxılmaqdadır” 02.06.2023-cü il tarixdə(həftənin beşinci günü) saat 16-da qızımın elektron poçtuna yenə də imzasız möhürsüz məktub göndərib, onu birinci gün 05.06.2023-cü il tarixdi ekspert şurasının iclasına dəvət etdilər. Bu dəfə, Respublika Rəhbərliyinə teleqramlar göndəriləndən sonra Komissiyanın Aparat rəhbəri məktub göndərdi ki, Komissiyada şikayətə baxılmasına xitam verildi. Yəni, mənim qızım get-gələ salınmaqla, pul qopardılması nəzərdə tutulan iddiaçıların siyahısından çıxarıldı.
İndi ekspert şurasının nəzərdən keçirilən vəzifəsində yazılmış “şikayət ərizələrinə (apellyasiyalara)” ifadəsi barədə fikirlərimi bildirirəm. Apelyasiya şikayətini Apelyasiya Şurasına sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar verə bilərlər. Ali Attestasiya Komissiyasında yaradılmış Apelyasiya Şurasının Əsasnaməsinin 1.1 maddəsinə əsasən “Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (bundan sonra – Komissiya) Apelyasiya Şurası (bundan sonra – Apelyasiya Şurası) sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı Komissiyanın qərarlarından, digər hərəkət və ya hərəkətsizliyindən (bu Əsasnamənin 1.7-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla) verdikləri şikayətlərə, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin verdikləri şikayətlərə (bundan sonra – şikayət) baxan və ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqandır.” və həmin əsasnamənin 5.1.3. maddəsinə əsasən şikayətçinin şikayət ərizəsində onun VÖEN-inin göstərilməsi tələb olunur. İddiaçının VÖEN-ini ola bilməz! Sahibkarın VÖEN-ini olur. Ekspert şurasının əsasnaməsi savadsız hüquqşunaslar tərəfindən yazılıb .

2. Ekspert şuralarının vəzifələrindən digəri:

- dissertasiya və attestasiya sənədlərinin ekspertizası ilə bağlı məlumatların konfidensiallığının qorunması, iddiaçıya və ya üçüncü tərəfə verilməməsi;
Ekspert şurasının bu vəzifəsində qeyd edilmiş ekspertiza ilə bağlı məlumatların iddiaçıya verilməməsi, İnzibati icraat haqqında Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş inzibati icraat materialları ilə tanış olmaq hüququnun kobud şəkildə pozulmasıdır. Bu Qanunun 25.1 maddəsinə əsasən “Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər” və Qanunun 25.3 maddəsinə əsasən “İnzibati orqan müraciət daxil olduğu gündən 3 gün müddətində müvafiq məlumatları verməlidir.” İnzibati icraat haqqında Qanunun 25.6 maddəsinə əsasən “Maraqlı şəxslər inzibati icraat materialları ilə həmin icraatın həyata keçirildiyi inzibati orqanda tanış ola bilərlər” və bu Qanunun 25.8. maddəsinə əsasən “Maraqlı şəxsin inzibati icraatla bağlı sənədlərin və digər materialların surətlərini əldə etmək hüququ vardır.”
İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunun 10-cu maddəsinə əsasən “vətəndaşların, mülkiyyət növündən asılı olmayaraq yaradılmış idarə, müəssisə və təşkilatların, digər hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədilə əldə olunmasına məhdudiyyət qoyulan peşə (həkim, vəkil, notariat), kommersiya, istintaq və məhkəmə sirləri konfidensial xarakter daşıyır. “ Qanunla ekspertiza məlumatları konfidensial xarakter daşımır və buna görə də “dissertasiya və attestasiya sənədlərinin ekspertizası ilə bağlı məlumatların konfidensiallığının qorunması”, İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanununa ziddir.
Heç bir qanuni əsası olmayan bu vəzifə vasitəsi ilə iddiaçıya güclü mənəvi və psixioloji zərbələr vurulur. Pul vermək imkanı olan iddiaçıya mənfi rəy yazılır. İddiaçı səbəbi göstərilmədən, ekspert şurasına çağrılır. Orada rəy oxunur. İddiaçıların əksəriyyəti gözlənilməz psixioloji zərbədən özlərini itirərək, nəinki rəyə cavab vermək, hətta rəydə yazılanları ani olaraq qavraya bilmirlər. Buna görə də dəqiq və düzgün cavablar vermirlər. Ekspert şuralarının sədrlərinə də bu lazımdır. Deyirlər get, gör neyniyirsən! Əl, cibə salınana kimi bu get-gəl davam edir.
Keçən ilin may ayından başlayaraq mənim həyat yoldaşım Ali Attestasiya Komissiyasında fəaliyyət göstərən “qapalı əmlak hərracı”nın bağlanması uğrunda mübarizə apardı və heç nəyə nail ola bilmədi. Respublika Rəhbərliyinə, Baş Prokurora etdiyi çoxsaylı müraciətləri bloklandı. Hazırda Məhkəmədə bu korrupsioner dəstə ilə üz-üzə dayanmışam. Bir tərəfdə cibi dolu korrupsionerlər və onların havadarları, o biri tərəfdə isə mən dayanmışam. Mənim havadarım yoxdur. İnandığım, səcdə etdiyim Müqəddəs Allahım var. Bu mübarizədə mənə anamın ölənə kimi oxuduğu Müqəddəs Quran və etdiyi Müqəddəs Ziyarət Məkanları kömək edəcək. Mən, Azərbaycanın elmini və gəncliyini məhv edən bu korrupsionerlərin axırına şıxacağam!"
GundemXeber.Az redaksiyası olaraq, yazıda ittiham olunan Ali Attestasiya Komissiyasının səlahiyyətli şəxslərinin də mövqeyini dinləməyə hazır olduğumuzu bildiririk.

GundemXeber.Az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz